Paşinyan: “Hazırda Müdafiə Nazirliyinin təsdiqlədiyi 49 itkimiz var”

Paşinyan: “Hazırda Müdafiə Nazirliyinin təsdiqlədiyi 49 itkimiz var”
13 Sentyabr 2022
Mətni dəyiş

Ermənistan baş naziri Nikol Paşinyan ötən gecə Azərbaycan-Ermənistan sərhədində baş verən hərbi toqquşma barədə parlamentdə çıxış edib.

Paşinyan çıxışı zamanı hazırda hərbi əməliyyatların intensivliyinin azaldığını deyib. 

“Hazırda hərbi əməliyyatların intensivliyi azalıb, lakin Azərbaycanın bir-iki istiqamətdə hücumları davam edir. Müdafiə Nazirliyi və Baş Qərargah vəziyyəti, itkiləri qiymətləndirir, yenilənmiş məlumat rəsmi olaraq dərc olunacaq”- Paşinyan bildirib.

Ermənistan baş naziri əlavə edib ki, hazırda Müdafiə Nazirliyinin təsdiq etdiyi 49 itkiləri var.

“Azərbaycan silahlı qüvvələri Ermənistan Respublikasına qarşı 4 istiqamətdə hücum əməliyyatlarına başlayıb, sonradan onlara daha 2-3 istiqamət əlavə edilib. Azərbaycan elə bir təsəvvür yaratmağa çalışır ki, bu hərəkətlər Ermənistanın hansısa təxribatına cavabdır. Amma biz birmənalı şəkildə qeyd etməliyik ki, bu məlumat tamamilə yalan və saxtadır, həqiqətə uyğun deyil”- Paşinyan bildirib.

Sentyabrın 12-si axşam saatlarından Ermənistan-Azərbaycan arasında hərbi gərginlik artıb. Hər iki ölkə bir-birini təxribatda ittiham edib.

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın diversiya qrupunun gecə vaxtı Azərbaycan ərazisinə keçərək, hərbi infrastruktur olan ərazilərdə təminat yollarını minalamağa çalışdığını bildirib. Cavab tədbirləri görülüb və döyüş başlayıb. Ermənistan tərəfi isə bunu təkzib edib və Azərbaycanı Ermənistanın dövlət sərhəddini pozmaqda ittiham edib

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun