Apellyasiya məhkəməsi Arif Hacılının oğlunu həbsdə saxlayıb

Apellyasiya məhkəməsi Arif Hacılının oğlunu həbsdə saxlayıb Foto: sosial media
7 Noyabr 2023
Mətni dəyiş

Vəkil: “Heç bir səbəb göstərmədilər”

Bakı Apellyasiya Məhkəməsində Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılının həbsindən verilmiş şikayətə baxılıb.

Abzas Media-ya bu barədə onun vəkili Nemət Kərimli məlumat verib. Vəkil bildirib ki, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin edilməyib:

“Heç bir səbəb göstərmədilər. Səbəb nə olacaq? Səbəb odur ki, Arif Hacılının oğludur. Ümumiyyətlə onun həbsdə saxlanılması qanunsuzdur. O vaxt həbs olur ki, şəxsin qaçmaq ehtimalı olur. Amma Orxan Hacılı öz ayağı ilə gedib bölməyə” – deyə vəkil Nemət Kərimli bildirib.

Orxan Hacılını oktyabrın 31-i Yasamal Rayon Polis İdarəsinin əməkdaşları saxlayıb. Bundan əvvəl bir sıra hökumətyönlü medialarda Yasamal rayonu, Hüseyn Cavid prospektində baş verən qəzanın görüntüləri yayılıb. Yayılan görüntülərdən görünür ki, “Honda” markalı avtomobil hərəkət edərkən qarşısında manevr edən avtomobillə toqquşur və nəticədə ərazidə dayanmış başqa avtomobilə də dəyir.

Noyabrın 2-də Orxan Hacılıya qarşı Cinayət Məcəlləsinin 263-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələrilə ittiham irəli sürülüb. O, Yasamal Rayon Məhkəməsinin qərarı ilə istintaq müddəti üçün 2 aylıq həbs olunub.

Orxan Hacılı məhkəmədəki çıxışında həbsinin siyasi motivli olduğunu bildirib.

Müsavat başqanı Arif Hacılı da mediaya açıqlamasında oğlunun onun siyasi fəaliyyətinə görə həbs edildiyini vurğulayıb.

Hökumət rəsmiləri isə Azərbaycanda heç kimin siyasi səbəblə həbs edilmədiyini, konkret cinayət əməlinə görə cəzalandırıldığını bildirirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun