Məhbus internet qadağasına görə Penitensiar Xidməti məhkəməyə verib

Məhbus internet qadağasına görə Penitensiar Xidməti məhkəməyə verib Foto: sosial media
1 Noyabr 2023
Mətni dəyiş

Millət vəkili: “Qanunvericilikdə bununla bağlı təşəbbüslər nəzərdə tutula bilər”

19 il azadlıqdan məhrum edilmiş məhbus Firudin Zeynalov internetdən istifadə qadağasına görə Penitensiar Xidməti məhkəməyə verib.

Abzas Media-ya bu barədə Zeynalovun hüquqlarının müdafiəsi ilə məşğul olan hüquqşünas Səyyad Yusifli məlumat verib.

S.Yusifli bildirib ki, Firudin Zeynalovun vəkili Fariz Namazlı Penitensiar Xidmətə müraciət edərək, məhbusun bir sıra rəsmi media orqanlarına internet üzərindən girişinə icazə istəyib, ancaq qurum müraciəti təmin etməyib:

“O, həbsindən əvvəl ölkədə və dünyada baş verən hadisələrlə yaxından maraqlanıb. Hazırda onun gündəlik xəbərləri oxumasına, ölkədə baş verən hadisələri və məhkəmə işləri barədə xəbərləri, qərarları izləməsinə ehtiyacı var. Azərbaycanda bununla bağlı olan hüquqi baza internet istifadəsini qadağan edir. Bizim istəyimiz də odur ki, bunu mübahisələndirək, məhbusların internetə çıxışını qadağan edən norma aradan qaldırılsın",- hüquqşünas bildirib.

Zeynalov "məlumat əldə etmək hüququnun pozuntusu"na dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edib. O, internet saytlarına girişə icazənin verilməsi öhdəliyinin Penitensiar Xidmətin üzərinə qoyulmasını istəyib.

"Ancaq Azərbaycanda bu iş üzrə perspektiv görmürük, çünki bizdə normaların dəyişdirilməsi kimi məsələlərə məhkəmələrin yanaşması ehtiyyatlı olur, nəinki aşağı məhkəmələr. Heç Ali Məhkəmə buna getmir. Ona görə də, istəyirik ki, daxili məhkəmə instansiyaları bitdikdən sonra Avropa Məhkəməsinə müraciət edək”,- hüquqşünas bildirib. 

Səyyad Yusifli deyib ki, Avropa Məhkəməsində belə müraciətlərlə bağlı artıq müsbət president var. Onun fikrincə, Avropa Məhkəməsi bu cür müraciətlərdə əvvəlki presidentinə uyğun qərarlar verəcək.

 “Azərbaycanda həbsdə olan ictimai-siyasi fəallar var. Onlar ölkədə gedən proseslərlə kifayət qədər yaxından maraqlanırlar. Ancaq təəssüf ki, günədlik şəkildə məlumat əldə edə bilmirlər. Onlar yalnız vəkillərdən, televiziya, qəzet və jurnallardan məlumat ala bilirlər. Ancaq internetin həyatımızdakı rolunu nəzərə alsaq, bu yollarla məlumat almaq kifayət etmir. Ona görə, praktiki olaraq internetdən istifadəyə ehtiyac var”, – deyə hüquqşünas bildirib.

Millət vəkili, parlamentin İnsan Hüquqları Komitəsinin üzvü Fazil Mustafa deyir ki, gələcəkdə qanunvericilikdə bununla bağlı məsələlər nəzərdə tutula bilər:

“Məhbusların internetlə bağlı tələbləri qanunvericilikdə öz əksini tapmalıdır. Nəzarət olunan formada məhbusların internetdən istifadə etməsi mümkündür. Gələcəkdə telekommunikasiya vasitələrilə bunu etmək bir az problem yaradacaq. Hər halda gələcəkdə qanunvericilikdə bu istiqamətdə təşəbbüslər nəzərdə tutula bilər”, – millət vəkili bildirib.

“Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları”nın 42.6-cı bəndinin 38 nömrəli əlavəsinə uyğun olaraq mobil telefon, komputer və internet şəbəkəsinə daxil olmaq üçün vasitəçi qurğular cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərə verilməsi və ya ötürülməsi, habelə onlar tərəfindən hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunmuş əşyaların siyahısına aiddir.

Firudin Zeynalov Gəncə hadisələrindən sonra Yunis Səfərov işi üzrə saxlanılıb. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 avqust 2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 120.2.1, (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) 120.2.3 ( zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə) və digər maddələri ilə təqsirli bilinərək 19 il müddətinə azadlıqdan məhrum edilib.

O, Pentensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsində saxlanılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun