Azərbaycan əməliyyatlarda 192 nəfər hərbçisini itirdiyini açıqlayıb

Azərbaycan əməliyyatlarda 192 nəfər hərbçisini itirdiyini açıqlayıb Foto: sosial media
27 Sentyabr 2023
Mətni dəyiş

 

Həlak olanlardan 11 nəfərin şəxsiyyəti hələ müəyyənləşdirilməyib və onların ümumi siyahıya salınıb-salınmadığı açıqlanmır

Azərbaycan ordusu sentyabrın 19-da başlatdığı və bir gün davam edən hərbi əməliyyatlarda 192 hərbiçisini itirib. Bu barədə məlumatı Səhiyyə Nazirliyi yayıb. Bildirilib ki, 1 mülki şəxs də həlak olub, ümumilikdə 511 hərbçi yaralanıb.

“Şəhid olan hərbçilərdən 180 nəfər Müdafiə Nazirliyinin, 12 nəfər isə Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır. Şəhid olanlardan 1 nəfər də mülki şəxsdir.

11 nəfərin şəxsiyyəti məhkəmə genetik müayinələr aparıldıqdan sonra müəyyənləşdiriləcək”, – deyə məlumatda bildirilib.

MN və DİN hər biri ayrılıqda həlak olan hərbi qulluqçuların siyahısını dərc edib.

Amma kimliyi hələ bəlli olmayan 11 nəfərin ümumi həlak olan 192 nəfərin tərkibində olub-olmadığı nə SN-in xəbərində, nə də MN və DİN-in açıqladığı siyahılarda dəqiqləşdirilməyib.

Səhiyyə Nazirliyindən Abzas Media-nın bununla bağlı sualını cavablaya bilməyiblər.

Müdafiə Nazirliyindən isə Abzas Media-nın “naməlum 11 nəfər 192 nəfərin tərkibindədirmi?” sualına öncə dəqiqləşdirib cavab veriləcəyi bildirilsə də, daha sonra bu sualın cavabının Baş Prokurorluğun rəsmi məlumatında olduğunu deyiblər.

Baş Prokurorluğun saytında son əməliyyatlarda həlak olanlarla bağlı heç bir rəsmi məlumat olmadığı üçün Abzas Media quruma sorğu ünvanlamalı olub. Qurumdan dəqiqləşdirib suala cavab veriləcəyi bildirilsə də, daha sonra zənglər cavabsız qalıb. 

Sentyabrın 19-da gecə Daxili İşlər Naziliyinin 4, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin isə 2 əməkdaşı Qarabağda minaya düşərək həlak olub. Bu barədə Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq birgə məlumat yayıb. Dövlət Təhlükəsizliyi Xidmətinin başlatdığı cinayət işində isə hər iki hadisə “terror aktı” kimi təsnif edilib.

Bundan sonra Müdafiə Nazirliyi rəsmi məlumat yayaraq bildirib ki, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunması və Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli “antiterror tədbirlərinə” başlanılıb.

Qarabağda tanınmamış “respublikanın rəsmiləri” Azərbaycanın iddialarını rədd edib və atəşkəs rejimini onların deyil, Azərbaycanın pozduğunu bildirib.

Sentyabrın 20-də tərəflər hərbi əməliyyatların dayandırılması və danışıqlara başlanması ilə bağlı razılığa gəliblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun