Bakıda kirayə mənzil qiymətləri artıb, ev tapmaq çətinləşib

Bakıda kirayə mənzil qiymətləri artıb, ev tapmaq çətinləşib Foto: Sputnik
14 Sentyabr 2023
Mətni dəyiş

Fidan Məmmədova: "Kirayəyə verdiyim pulu yolpulu eləsəm, gündəlik rayona, öz evimizə gedib-gəlməyim daha çox sərf edər"


Sabah ölkədə yeni dərs ili başlayır. Universitetə qəbul olan və ya iş üçün Bakıya üz tutan gənclər avqustun sonundan başlayaraq ciblərinə uyğun kirayə ev tapmaqda çətinlik çəkirlər. 

Kirayə mənzil elanları yayımlayan saytlara nəzər yetirdikdə aydın olur ki, köhnə binalarda 1 otaqlı mənzilin aylıq xərci 300-400 manat arasında dəyişir. Metroya yaxın olan hissələrdə isə bu, 600 manata qədər artır. 

Şəmkir rayon sakini Taryel Orucov deyir ki, Bakıya işləməyə gəlib. Onun sözlərinə görə, şəhərdə münasibət qiymətə şəraitli ev tapmaq müşkül məsələdir: 

“Əvvəllər kirayə qaldığım evlərdə ev sahibi ilə birlikdə yaşayırdım, amma indi ailəmlə yaşamaq istəyirəm. Hazırda ev qiymətləri çox bahadır. Bir az ucuz evlər şəhər kənarındadır, onların da əşyaları yoxdur. Əvvəllər bu dərəcədə deyildi, yaxşı ev tapmaq olurdu. Amma indi mümkün deyil. Çox ehtimal ki,  Rusiya-Ukrayna müharibəsinin təsirləridir ki, ölkəyə axın var və bu da qiymətlərə təsir edir”, – deyə o, bildirir. 

Kirayə ev axtaranlardan biri də Novruzəli Məmmədlidir. Məmmədli deyir ki, uzun müddət Bakıda kirayədə yaşayıblar, indi isə kirayə ev tapmaq çox çətinləşib: 

“3 otaqlı evlər 700 manatdan aşağı deyil. Biz minimum əməkhaqqına işləyən insanlarıq, hesablayın, elə 2 nəfərin maaşı kirayəyə gedir. Bunun kommunalı, yeməyi, digər xərcləri var. Elə mövzu var ki, oturub müzakirə etmək olur necə edəsən. Amma bu elə vəziyyətdir ki, deyiləsi bir şey deyil. Bunu dövlət tənzimləyir, yoxsa ev sahiblərinin vicdanı ilə bağlı məsələdir, bilmirəm. Ancaq qiymətlər dəhşətli dərəcədə artıb ",- deyə o bildirib. 

Bakıda kirayə mənzil axtaranlardan biri də Fidan Məmmədovadır. Məmmədova deyir ki, cibinə uyğun normal mənzil tapmaq problemə çevrilib, çünki evin kirayəsi bir aylıq əməkhaqqını ötür:

“Bundanda əlavə, qoyulan qiymət və ev bir-birini tamamlamır. 3 il bundan əvvəl qiyməti 200 manat olan ev indi 500-dən aşağı deyil. Evlərin çoxunda da mərtəbəsindən asılı olmayaraq nəmişlik problemi var. Baxıram ki, köhnə tikili evdir, normal şəraiti, hətta bəzi əşyaları belə yoxdur, amma qiymət 400-500 manatdan aşağı deyil. Kirayəyə verdiyim pulu yolpulu eləsəm, gündəlik rayona, öz evimizə gedib-gəlməyim daha çox sərf edər. Bu gedişat hara gedir başa düşə bilmirəm”,- deyə o, bildirib.

Ev alqı-satqısı ilə məşğul olan Nahid Bədəlov deyir ki, ötən illə müqayisədə evlərin qiyməti 150-200 manat artıb. 

Onun sözlərinə görə, ötən il şəraiti çox da yaxşı olmayan 3 otaqlı evi 450 manata tapmaq olurdusa, indi şəraiti ondan da pis olan evlərin qiyməti 550-600 manatdır. 

“Evlər tələbələrə və ailələrə fərqli qiymətlərə verilir. Hər şeyin qiyməti qalxır deyə, evlərin qiyməti də artır. Ola bilər ki, təhsil ilinə və ya Rusiya-Ukrayna müharibəsinə görə Bakıya gələnlər çoxalıb, ona görə də qiymət artıb. Bu gün Bakı şəhərində evlərin qiyməti tələbəsindən tutmuş, ailəsinə kimi insanların gəlirlərinə uyğun deyil. İnsanlar əziyyət çəkirlər. Bir ailə gəlir 350-400 manata normal ev axtarır. Maaşı 700 manatdır, 400-ün evə verir. İndi baxırsan evin şəraiti çox pisdir, amma metroya yaxındır deyə, 650 manat istəyirlər”, – deyə o, bildirib.

Əmlak eksperti Ramil Osmanlı deyir ki, Bakıda sökülən evlər tikilənlərdən çoxdur və müqayisə aparılsa, görünər ki, kirayə mənzil fondunun əsas hissəsini o sökülən evlər təşkil edib: 

“Analiz edəndə görürük ki, bu Kubinka, Sovetski kimi massivlərin, binaların sökülməsi kirayə mənzil fonduna daha çox mənfi təsir göstərir. Yeni tikilən binalarda isə bir qayda olaraq mənzillərin qiyməti çox bahadır və ona görə də kirayə qiymətləri də çox yüksəkdir. Bu da ona səbəb olur ki, bazarda ucuz kirayə mənzillər məhdudlaşır, yeni və yüksək kirayə qiyməti olan mənzillər artır.

Məsələn, hazırda Bakıya tələbə axını baş verir, bu da qiymətlərin artmasına səbəb olur. Hansısa yaşayış massivi sökülür, 2-3 min ailə kirayə mənzil axtarışına çıxır, bu da təsir edir. Rusiyadan da ölkəyə gələnlər var, amma bu proses ötən ilə nisbətən stabilləşib. Bununla bərabər, ruslar gəlib əsasən bahalı və komfortlu evlərdə kirayə qalırlar. Yəni, bu, ucuz kirayə mənzilə tələbin formalaşmasında böyük rol oynamır”.

Ramil Osmanlı deyir ki, yeni təhsil ili üçün Bakıya gələn tələbələrin ev probleminin həlli hələlik görünmür. Onun sözlərinə görə, dövlət bu istiqamətdə addımlar atsa, problemi mərhələli şəkildə həll etmək olar:

“Ev axtaran tələbələrə hansısa güzəştlərin tətbiqi təcrübəsi yoxdur, çünki evi verən özəl sahibkarlardır. Yataqxanalar da yoxdur, təhsil müəssisələrinin də belə imkanları mövcud deyil. Hansısa güzəştlər ola bilər, ancaq bu da kütləvi olmayacaq və fərdi qaydada kimlərinsə xeyriyyəçiliyi olacaq. Ancaq dövlət sahibkarlara güzəştlər tətbiq etsə, imtiyazlar versə, onları bu prosesə töhfə verməyə təşviq edə bilər. Ən azından kiçik yataqxanalar tikilə bilər. Görünür, hələlik dövlət bunda maraqlı deyil”,- deyə o, bildirib. 

Dövlət İmtahan Mərkəzinin məlumatına görə, bu il 51.941 nəfər (o cümlədən 6.592 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun