Həyatını itirən gənc əsgərin atası: “Şəhid olandan sonra dedim ki, oğlumu niyə qabağa aparmısınız?”

Həyatını itirən gənc əsgərin atası: “Şəhid olandan sonra dedim ki, oğlumu niyə qabağa aparmısınız?” Foto: Oğuz Rayon İcra Hakimiyyətinin səhifəsi
28 Sentyabr 2023
Mətni dəyiş

İlham İsmayıl: "Ermənilər ağ bayraq qaldırandan sonra namərdcəsinə davranıblar, yaxınlaşan hərbçiləri vurublar, 60 nəfər belə şəhid olub"

“Aprelin 20-də hərbi xidmətə getmişdi. Birinci Gəncəyə aparılmışdı, sonra zəng etdi ki, ata Bakıya Hərbi Dəniz Qüvvələrinə gətiriblər məni, amma buradan da bölüşdürəcəklər. Oğuzun hərbi komissarı ilə danışdım, dedi ki, narahat olma, prezidentin fəmanı da var, evin tək uşaqları Bakıdan qırağa çıxarılmır, ya Lökbatana düşəcək, ya Perekeşkülə. Ondan sonra zəng gəldi ki, oğlum Xüsusi Təyinatlı Qüvvələrdədir. Mən belə şey istəməmişdim. Getdim uşağın yanına, ordan dedilər ki, uşağın burada hər şeyi var, heç nə lazım deyil. Axırda da başıma belə iş gəldi”.

Nəsib Beydiyev sentyabrın 19-da Qarabağda başlayan bir sutkalıq hərbi əməliyyatlarda yeganə övladını itirib. Oğlu 18 yaşlı Röyal Beydiyev hərbi xidmətinin 6-cı ayında döyüşlərə cəlb olunmuşdu.

Nəsib Beydiyev deyir ki, oğlu hərbi xidmətə aparılanda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Oğuz Bölməsindən onu əmin ediblər ki, Röyal ön cəbhəyə aparılmayacaq.

“Mən inanmırdım oğlum getsin. Çünki evin tək uşağı idi. Nə bilim, bəlkə də beyni duman olub, gəlib şirnikdiriblər, gedib xüsusi təyinatlılara. Oğuzun hərbi komissarı məni əmin etmişdi. Şəhid olandan sonra dedim ki, oğlumu niyə qabağa aparmısınız? Dedi özü ərizə yazıb getmək üçün. Dedim, yalan deyirsiniz. Başladı ki, vətən sağ olsun, başınız sağ olsun, belə övlad böyütmüsünüz, səbr edin. Dedim indi düşün ki, mənim oğlum deyil, sənin oğlundur, səbr elə görüm edə bilirsən? Stress içindəyik, nə əziyyətlə illərlə böyütdüm. Necə oldu bu, mənim başıma gəldi? Mən yetiməmsə, belə eləmək lazım idi?!”,- Nəsib Beydiyev deyir.

Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl deyir ki, az hazırlıq keçmiş əsgəri bu cür əməliyyatlara göndərmək düz deyil:

“Bu əməliyyatlara hazırlıqlı, kifayət qədər peşəkar hərbçilər göndərilməli idi. Yəni, müddətdən artıq xidmətdə olanlar. Həlak olanların arasında zabitlər də var. Amma düşünürəm ki, gənc əsgərlərin lokal əməliyyatlara göndərilməsi yanlışdır. Yəqin istiqamətlər müəyyənləşəndə qüvvə çatışmazlığı olub. Çünki qüvvələr həm Ermənistan-Azərbaycan sərhədində, həm də Qarabağdakı təmas xəttində cəmləşmişdi”, – deyə o, bildirib.

1 günlük əməliyyatlarda niyə 200-ə qədər itkinin olması ilə bağlı suala cavab olaraq ekspert deyir ki, əməliyyatlarda 90 mövqenin nəzarətimizə keçdiyi nəzərə alınmalıdır.

Onun fikrincə, itkinin çox olmasına səbəb həm də əməliyyatın tələsik, sürətli aparılması olub:

“Bu nöqtə əməliyyatı deyildi, əgər elə olsaydı, deyərdik ki, canlı qüvvədən istifadə mümkün deyil. Təbii ki, qarşı tərəf də 3 ildir buna hazırlıq görürdü. Məndə olan məlumata görə, atəşkəsdən, ermənilər ağ bayraq qaldırandan sonra namərdcəsinə davranıblar, yaxınlaşan hərbçiləri vurublar, 60 nəfər belə şəhid olub.

Adətən belədir ki, 24 saat yox, 48 saat gərək  atəş açasan ki, sonra canlı qüvvə hərəkət eləsin. Amma qarşıda BMT-nin iclası var idi, ona görə qısa müddətdə sürətli şəkildə edildi ki, döyüşlər bitsin, iclasda Azərbaycana qarşı sanksiya tətbiq edilməsin və ya bəyənat qəbul olunmasın. Yəni, siyasi proseslər də ordunu tələsdirdi.

Ola bilər ki, müəyyən çatışmazlıqlar da var. Müdafiə Nazirliyi bu çatışmazlıqları aradan qaldırmalıdır. Bu, ideal əməliyyat deyildi. İstənilən döyüşdə yanlışlıqlar, çatışmazlıqlar olur. Ancaq bu gün bizim əldə etdiyimiz qələbə itkisiz mümkün deyildi”, – deyə ekspert bildirib.

Müdafiə Nazirliyi bir gün ərzində 192 hərbçinin hansı şəraitdə həlak olması haqda sualımıza cavab verməyib.

Səhiyyə Nazirliyinin 27 sentyabrda açıqladığı rəsmi rəqəmə görə, Azərbaycan "antiterror" adlandırdığı əməliyyat nəticəsində 192 hərbçisini itirib. Bir nəfər mülki şəxs həlak olub. 11 nəfərin şəxsiyyəti hələ müəyyənləşdirilməyib.

Sentyabrın 19-da gecə Daxili İşlər Naziliyinin 4, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin isə 2 əməkdaşı Qarabağda minaya düşərək həlak olub. Bu barədə Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq birgə məlumat yayıb. Dövlət Təhlükəsizliyi Xidmətinin başlatdığı cinayət işində isə hər iki hadisə “terror aktı” kimi təsnif edilib.

Bundan sonra Müdafiə Nazirliyi rəsmi məlumat yayaraq bildirib ki, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunması və Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli “antiterror tədbirlərinə” başlanılıb.

Qarabağda tanınmamış “respublikanın rəsmiləri” Azərbaycanın iddialarını rədd edib və atəşkəs rejimini onların deyil, Azərbaycanın pozduğunu bildirib.

Sentyabrın 20-də tərəflər hərbi əməliyyatların dayandırılması və danışıqlara başlanması ilə bağlı razılığa gəliblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun