Sabiq idarə rəisi: “Nəcməddin Sadıqova 5 il ərzində 20 milyon manatı şəxsən vermişəm”

Sabiq idarə rəisi: “Nəcməddin Sadıqova 5 il ərzində 20 milyon manatı şəxsən vermişəm”
15 Sentyabr 2023
Mətni dəyiş

Məlikməmməd Qurbanovun sözlərinə görə, kimə nə qədər pul verilməli olduğunu da şəxsən Baş Qərargah rəisi özü müəyyən edib

“Bütün alınan pulları şəxsən özüm birbaşa xidməti otağında Nəcməddin Sadıqova vermişəm”. Bu sözləri Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin həbsdə olan sabiq rəisi Məlikməmməd Qurbanov öz cinayət işi üzrə Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə deyib. 

APA agentliyinin xəbərinə görə, prosesdə sualları cavablandıran M.Qurbanov bildirib ki, o, verilən tapşırıqları icra edib:

“Ərzaq malları ilə bağlı müxtəlif adda şirkətlərlə çalışsaq da, hamısı bir şəxsə məxsus olub. Həmin şəxsin adını çəkməyəcəyəm. Lakin onun işlərini Aftandil Abdıyev görürdü. Biz onunla işləmişik. Bu da rəhbərliyin tapşırığı ilə həyata keçib. 

Bütün sahələr üzrə alınan malların qiyməti süni şəkildə artırılaraq alınıb. Həmin süni şəkildə artırılan pul nağdlaşdırılaraq bizə geri qaytarılıb. 5 il ərzində şirkətlərdən 20 milyon manat nağdlaşdıraraq hissə-hissə mənə verilib. Həmin məbləği sabiq Baş Qərargah rəisinə aparıb çatdırmışam. 

Həmin məbləğdən 1 milyon 200 min manatı rəhbərliyin tapşırığı ilə hazırda dünyasını dəyişmiş maddi-texniki təminat üzrə nazir müavini Fuad Məmmədova, 800 min manatı isə Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədova vermişəm. Mənə isə 400 min manat pul çatıb. Həmin pul da idarənin xərcləri və şəxsi xərclərimiz üçün sərf edilib. 

Ərzaqdan başqa, abadlıq işləri ilə bağlı digər şirkətlə, avtomobillərin ehtiyat hissələri ilə bağlı ayrı şirkətlərlə əməkdaşlıq etmişik. Onlarda da qiymətləndirilmə süni şəkildə artırılıb və müəyyən faiz qarşılığında nağdlaşdırılaraq mənə verilib. Bütün pulları rəhbərliyə çatdırmışam. Ümumilikdə bütün işlər üzrə mənə 542 min 400 manat verilib. Həmin pulu da istintaqda dəymiş zərər kimi ödəmişəm”.

M.Qurbanov onu da bildirib ki, kimə nə qədər pul verilməli olduğunu da şəxsən Nəcməddin Sadıqov müəyyən edib: 

“Düzdür, şirkətlərlə bütün danışıqları mən aparmışam. Bizə qayıdacaq məbləğin və ya pul üzrə faizin dərəcəsi, hansı şirkətlə işin görülməsini də sabiq Baş Qərargah rəisi müəyyən edirdi. Mən sadəcə işlərin icrasını həyata keçirmişəm”.

Məhkəmə prosesi oktyabrın 6-da davam etdiriləcək.

M.Qurbanov 2015-2019-cu illərdə Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi olub. 2019-cu ildə ehtiyata buraxılıb. 2021-ci ildə onu Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları saxlayıb. Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun