Son üç ildə ordu haqda məlumatların yayılmasına görə saxlanılanlar var

Son üç ildə ordu haqda məlumatların yayılmasına görə saxlanılanlar var Foto: Müdafiə Nazirliyi
12 Sentyabr 2023
Mətni dəyiş

Hüquqşünas: “Ordu ilə bağlı məlumatlara görə həbs cəzasının tətbiqi qanunsuzdur”

Sentyabrın 12-də “Tik-tok” platformasında Azərbaycan ordusunun hərbi əməliyyatlara başlaması və itkilər verməsilə bağlı yalan xəbər yaymaqda şübhəli bilinən Pərviz İbrahimli adlı şəxs saxlanılıb. Bu barədə məlumatı Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev “Facebook” hesabında yayıb. Hacıyev bildirib ki, şəxsin əməlində inzibati xəta tərkibi olduğundan, iş baxılması üçün məhkəməyə göndərilib. 

Abşeron rayon məhkəməsinin qərarı ilə P. İbrahimli barəsində 15 sutka inzibati qaydada həbs edilib.

İkinci Qarabağ müharibəsindən sonra ordu ilə bağlı paylaşım edən şəxslərin saxlanılması, həbs edilməsi tendensiya halına çevrilib. Bu müddətdə media rəhbərləri, jurnalistlər və ictimaiyyət nümayəndələri də bu cür paylaşımlarına görə saxlanılıb və ya həbs ediliblər. 

Bəs görəsən, ordu ilə bağlı dəqiqləşməmiş məlumatların yayılmasına görə tətbiq edilən cəzaların hüquqi əsası varmı?

Hüquqşünas Xalid Ağəli deyir ki, 2017-ci ildən sonra bu cür informasiyaların yayılmasına görə məsuliyyət müəyyən edən qanunlara xeyli dəyişikliklər edilib. 

Onun sözlərinə görə, dəyişdirilmiş, qəbul edilmiş qanunlara baxdıqda, hökumətin bu həbslər üçün qanuni əsası var: “2022-ci ildə Azərbaycanda yeni “Media haqqında” qanun da qəbul edildi. Ancaq həmin qanunlar Azərbaycan Konstitusiyasına və ölkənin tərəfadaş çıxdığı beynəlxalq müqavilələrə ziddir. İfadə azadlığı hüququ kontekstində yanaşsaq, həbs cəzasının tətbiqi qanunsuzdur”, – deyə o, bildirir. 

Hüquqşünas deyir ki, bu yanaşma mediaya qarşı tətbiq edilən cəzalarda da eynidir, ancaq bəzi yanlış məlumatlar var ki, sanksiyalara səbəb ola bilər:

“Dediyim qanunlarda hərbi məlumatların yayılması ilə bağlı konstitusiyaya uyğun olmayan müddəalar yer alıb. Əlbəttə, yanlış informasiyaya görə sanksiyalar tətbiq oluna bilər. Ancaq yanlış informasiyanın yayılması zorakılığa, hansısa qruplara qarşı şiddətin baş qaldırmasına gətirib çıxarırsa, cinayət məsuliyyəti də yaranır. Ordu ilə bağlı həmin ifadələrin qeyd olunan nəticələrə səbəb olub-olmaması isə mübahisəli məsələdir”, – deyə o, bildirib. 

Artıq uzun illərdir ki, Azərbaycanda böhtan və təhqirə görə həbs cəzasını nəzərdə tutmayan “Diffamasiya haqqında” qanunun qəbul edilməsilə bağlı müzakirələr gedir. Son olaraq Medianın İnkişafı Agentliyinin rəhbəri Əhməd İsmayılov bildirib ki, belə bir qanun layihəsinin hazırlanması üçün araşdırmalar aparılır. 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun