“Amnesty International”: Azərbaycanda siyasi məhbusların sayı iki dəfə artıb

“Amnesty International”: Azərbaycanda siyasi məhbusların sayı iki dəfə artıb Foto: Amnesty International
24 Aprel 2024
Mətni dəyiş

“Amnesty International” beynəlxalq insan haqları təşkilatı “Dünyada insan haqlarının vəziyyəti 2024” adlı illik hesabatını yayımlayıb.

Hesabat 2023-cü il ərzində 155 ölkədə insan haqları ilə bağlı narahatlıqları, qlobal və regional səviyyələrdə problemləri ələ alır və gələcək üçün nəticələrini proqnozlaşdırır.

Sənəddə qeyd edilir ki, dövlətlər və silahlı qruplaşmalar müharibə qanunlarını pozur, bəzi silahlı qarşıdurmaların və onlara edilən etirazların mərkəzində isə irqçilik dayanır. İqtisadi böhran, iqlim dəyişikliyi və ətraf mühitin deqradasiyası təcrid olunmuş icmalara qeyri-mütənasib şəkildə təsir edib. Bu icmaların hüquqları üçün kampaniya aparan insan haqları müdafiəçiləri tənqidi fikirlərə qarşı daha geniş repressiyaların bir hissəsi kimi hədəfə alınıblar. Qadın və qız uşaqları ilə LGBTİ fərdlərinin hüquqlarına qarşı reaksiyalar sərtləşib. Bəzi irqçi qruplara qarşı internetdə yerləşdirilən nifrət və digər zərərli məzmunlar artıb. Bu arada, süni intellekt sahəsində əldə edilən nailiyyətlər azadlıqları məhdudlaşdırmaq və insan hüquqlarını pozmaq üçün istifadə olunub.

Hesabatın Azərbaycanla bağlı hissəsində Qarabağın etnik erməni əhalisinin bölgəni bütünlüklə tərk etməsindən, hökumətin ifadə azadlığı üzərinə hücumlarının intensivləşməsindən, etirazların boğulmasından, müstəqil media və təşkilatlara təzyiqlərdən, jurnalist və fəalların həbslərindən bəhs edilir.

Vurğulanır ki, Azərbaycanda hökumət tənqidçisi olan jurnalistlər, media təmsilçiləri və insan haqları müdafiəçiləri artmaqda olan zorakılıq, qısnama və qanunsuz həbslərlə üzləşirlər.

Ölkənin insan haqları təşkilatlarına istinadla vurğulanır ki, son bir ildə siyasi məhbusların sayı artaraq 230 nəfərdən çox olub.

Qeyd edilir ki, 2022-ci ildə qəbul edilmiş yeni məhdudlaşdırıcı media qanunu media orqanlarının dövlət reyestrində qeydiyyatdan keçməsini tələb edir. Noyabr ayından etibarən Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin özbaşına əsaslarla qeydiyyatı dayandırılmış müstəqil media qurumlarının bağlanması üçün hüquqi fəaliyyətə başladığı bildirilir.

Hesabatda deyilir ki, ötən ilin noyabr və dekabr aylarında, 2024-cü ilin fevralında gözlənilən növbədənkənar prezident seçkiləri ərəfəsində polis hakimiyyəti tənqid etdiklərinə görə uydurma əsaslarla azı 13 nəfəri həbs edib. Tanınmış müxalif siyasətçi Tofiq Yaqublu sənədləri saxtalaşdırmaqda ittiham olunaraq saxlanılıb.

““Abzas Media”nın direktoru Ülvi Həsənli, həmkarları Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Məhəmməd Kəkalov və araşdırmaçı jurnalist Hafiz Babalı media orqanının hökumətin korrupsiya faktlarını ifşasından sonra qaçaqmalçılıq ittihamı ilə həbs ediliblər.

Müstəqil jurnalistlər Teymur Kərimov, İbrahim Hümbətov, Ərşad İbrahimov, Əziz Orucov və Rüfət Muradlı, eləcə də fəallar Möhyəddin Orucov və İlhamiz Quliyev qanunsuz tikinti, narkotik saxlamaq və hədə-qorxu ilə pul tələb etmək kimi ittihamlarla həbs olunublar” - sənəddə qeyd edilir.

Hesabatda qeyd olunur ki, hakimiyyət sərbəst toplaşma azadlığını qanunsuz olaraq məhdudlaşdırmaqda davam edib.

Bu xüsusda ötən il iyunun 20-də Gədəbəyin Söyüdlü kəndində polisin etirazçılara qarşı zorakılığı, etirazçı qadınlara qarşı kimyəvi maddə istifadə etməsi vurğulanır.

Bu da bildirilir ki, həmin hadisələrdə onlarca etirazçı xəsarət alıb və saxlanıb.

Təşkilatın hesabatında o da bildirilir ki, il ərzində qadınlar gender əsaslı zorakılığın müxtəlif formaları ilə, o cümlədən siyasi qisas alətləri kimi hədəfə alınmaqda davam ediblər.

Azərbaycan hökuməti hələ ki, bu hesabatla bağlı münasibət bildirməyib.

Amma hakimiyyət bir qayda olaraq insan haqları ilə bağlı hesabatlardakı tənqidləri qəbul etmir, onları böhtan və qərəz adlandırır.

Rəsmilər iddia edirlər ki, ölkədə heç kəs siyasi və peşə fəaliyyətinə, habelə azadlıq və hüquqlarından istifadəyə görə təqib olunmur. Onlar bildirirlər ki, həbs və saxlanmalar konkret qanun pozuntularına görə baş verir.

Azərbaycan ölkədə siyasi məhbusların olmasına dair iddiaları rədd edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun