28 Sentyabr 2016
Mətni dəyiş
Bu gün saat 16:30-da Bakı Ağır Cinayətlər Məhkəməsində "heykəl" məhbusu Qiyas İbrahimin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittihamı elan edəndən sonra Qiyas İbrahim ətraflı ifadə verib.
Bakı şəhər Baş Polis İdarəsində təhqirlərə məruz qaldığını, döyüldüyünü, ailəsilə hədələndiyini deyən Qiyas İbrahimovun sözlərinə görə, belə şəraitdə narkotikin ona məxsusluğu barədə ifadəni imzalamağa məcbur olub:
“İşgəncələr altında bu ifadəni imzalayandan sonra Bakı şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidovun otağına apardılar. Əllərim qandallı idi. Mirqafar Seyidov dedi ki, “mənim qabağımda oturmurlar, diz çökürlər”. Dedim ki, “niyə diz çökməliyəm?” Həmin vaxt Pərviz adlı polis əllərim qandallı vəziyyətdə məni təpiklə vurdu, yıxıldım. Mirqafar Seyidov dedi ki, “siz bu ölkə üçün yararsız adamlarsız, düşmənsiz, bacardığımız qədər sizləri təmizləyəcəyik”.
Cibinə və evinə narkotikin polislər tərəfindən atıldığını deyən gənc fəal Nərimanov rayon Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasında olarkən həyət süpürməyə məcbur edildiyini və bunun kamera ilə lentə alındığını da bildirib: “Mənə orada təklif elədilər ki, get, heykələ təzim elə, baş əy, gül qoy, AzTV çəksin, çıx get evə. Razılaşmadım”.
Daha sonra Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları Pərviz Məmmədov və Elvin Kazımov şahid qismində dindirilib. Onlar bənzər ifadə verərək bildiriblər ki, idarəyə Qiyasın narkotik satışı ilə məşğul olması barədə məlumat daxil olub, onun əsasında əməliyyat keçirilib və o, həbs olunub. Polislər gənc fəala heç bir işgəncə verilmədiyini deyiblər.
Qiyas İbrahimov isə onların yalan danışdığını, onların vicdanın olmadığını, onların hər şeyinin yalan üzərində qurulduğunu bildirib.
Hakim isə deyib ki, təhqir etməyin. Nidaçı da bildirib ki, bu təhqir deyil, təhqir odur ki, onlar kimilərin qarşısında özünü müdafiə etmək məcburiyyətində qalıb.
Qiyas İbrahimovun anası Şura Əmiraslanova da məhkəmədən sonra bildirib ki, proses zamanı şahid qismində gələn iki polis əməkdaşı ilə onun arasında da mübahisə olub. Şura Əmiraslanova onlara yalançı şahidlik etdiklərini, narkotiki evlərinə qoyduqlarını deyib. Həmin şəxslərsə bunu inkar edib və əvəzində deyiblər ki “sənin dilini kəsəcəyik”.
Bu mübahisə barədə ətraflı məlumat, elcə də adı çəkilən polis əməkdaşlarının bu hadisə barədə fikirlərini öyrənmək mümkün olmayıb.
Qiyas İbrahimov digər gənc fəal Bayram Məmmədovla birlikdə bu il mayın 10-da saxlanıb. Mayın 12-də Xətai Rayon Məhkəməsi hər iki gənc haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçib. Gənclər narkotikdə ittiham edilirlər. Ancaq onlar işgəncə altında ifadə verməyə məcbur edildiklərini bildiriblər.
Daxili İşlər Nazirliyi və Ombudsman Aparatı gənclərə işgəncə verilməsini təkzib edib.
Gənclərin keçmiş prezident Heydər Əliyevin abidəsinə şüar yazılmasına görə həbs edildiyi güman olunur.
Məhkəmə sentyabrın 28-i saat 17:00-da digər şahidlərin ifadəsi ilə davam edəcək.
[video width="640" height="352" mp4="http://abzas.net/wp-content/uploads/2016/09/video-1474985858.mp4"][/video]