Avropa Sabitlik Təşəbbüsü (European Stability Initiative) dekabrın 17-də “Kürü diplomatiyası: Avropa bataqlığı” adlı araşdırmasının ikinci hissəsini dərc edib.
Bu araşdırmada Azərbaycan Milli Məclisinin deputatları və yüksək vəzifəli Avropa siyasətçilərinin cəlb olunduğu korrupsiya sxemlərinin ifşası davam etdirilib.
Rəsmi Bakının maraqlarının fəal lobbiçiləri arasında Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Xalq Partiyasından olan qrup sədri, İtaliya prokurorluğu tərəfindən məsuliyyətə cəlb edilmiş italiyalı parlamentari Luka Volontenin (Luca Volonte) adı çəkilir. İstintaqla əməkdaşlıq etməyə razılaşan Volonte Azərbaycandan pul alan bir çox Avropa siyasətçisinin adlarını açıqlayıb. İzlər hazırki AŞPA sədri Pedro Aqramunta da aparıb çıxarır.
Volonte özü lobbiçilik xidmətlərinə görə, Azərbaycandan təxminən 3 milyon avro alıb. O, bu vəsaitin bir hissəsini digər deputatlara paylayıb, deyə hesabatda qeyd edilir.
20 səhifəlik hesabatda bu çirkli oyunlara cəlb edilmiş və Avropada məsuliyyətə cəlb oluna biləcək bir sıra Azərbaycan deputatlarının adları göstərilir.
[caption id="attachment_18157" align="alignnone" width="610"]
"Kürü diplomatiyası: Avropa bataqlığı” hesabatı[/caption]
Belə ki, Volonte dindirmələrdə təsdiq edib ki, onun müxtəlif ölkələrdəki və banklardakı hesablarına aşağıdakı məbləğlər daxil olub:
17 dekabr 2012 – 100,000 avro,
27 dekabr – 220,000 avro,
19 mart 2013 – 180,000 avro,
İyulun 10-dan dekabrın 31-dək – 630,000 avro,
2014-cü il yanvarın 23-dən dekabrın 31-nə qədər – 1,260,000 евро.
Rüşvətin ümumi məbləği 2,390,000 avro təşkil edib.
Bu pul italiyalı və digər Avropa ölkələrindən olan bir sıra deputatların Azərbaycanın tərəfinə çəkilməsinə xərclənib, onlar Avropa Şurasının Azərbaycanda insan hüquqlarının pozulmasınə pisləyən qətnamə və məruzələrinin əleyhinə səs veriblər.
Müşahidəçilər güman edir ki, AŞPA-ının 2013-cü il yanvar sessiyasında Almaniyalı deputat Kristofer Ştrasserin Azərbaycanda siyasi məhbuslar haqqında hazırladığı məruzə məhz bu pullar sayəsində qəbul olunmayıb.
Xatırladaq ki, ilk “Kürü diplomatiyası” məruzəsi üç il əvvəl yayılıb, həmin vaxt Azərbaycan hakimiyyəti bütün bu ittihamları təkzib edərək, məruzəni əsassız adlandırmışdı.
Öz növbəsində, Azərbaycan rəsmiləri və məruzədə adı çəkilən deputatların ofisləri hələ bununla bağlı sorğumuza cavab verməyib. Deputatların özləri isə telefonlarına cavab vermir.