22 Yanvar 2017
Mətni dəyiş
ReAL Hərəkatının lideri, hüquq-müdafiə təşkilatlarının siyasi məhbus saydığı İlqar Məmmədov yerli və beynəlxalq ictimaiyyət üçün həbsxanadan məktub yazıb. Məktubun tam mətnini təqdim edirik:
Güney Afrikanın rəhmətlik rəhbərlərinin xatirəsinə hörmət həddi içində Nelson Mandelanın Qəddafi və Fidel Kastro kimi yaramazlarla isti münasibətlərini, eləcə də onun hər cür Çin dissidentlərini müdafiə etməkdən imtinasını mətbuat ara-sıra işıqlandırır. Belə faktların “Qeydiyyat kitabçası” insanları hər bir ikonik sima haqqında tənqidi düşüncəyə dəvət etmək və böyük şəxsiyyətlərin tarixdəki yerini tarazlaşdırmaq kimi ədalətli niyyətlə aparılır. Amma nəticədə, konkret bir ziddiyyətin kökünə varan sual qoymaq əvəzinə əksər oxucular sadəcə öz aləmlərindəki o bütü dağın başından bir az aşağı endirdilər. Mandelaya gəldikdə, yuxarıda adı çəkilən diktatorlar, hansı səbəbə olursa olsun, Afrika Milli Konqresinin anti-aparteid mübarizəsini dəstəkləmişdilər, halbuki oturuşmuş demokratiyaların bir çoxu almaz, neft və digər sənayelər nədənilə, ələlxüsus da Soyuq Savaş nədənilə insanlıqdan uzaq Güney Afrika hakimiyyətinin günahlarını daim bağışlayırdılar.
Saxta ittiham və siyasi motivli hökmün nəticəsi olaraq həbsdə keçirdiyim cəmi dörd ildən sonra qlobal əhəmiyyətli hər hansı bir məsələnin rəmzinə çevrilmək anlamında cənab Mandeladan hələ çox-çox uzaqlardayam. 2003-cü ildən bəri milyonlarla insanı ruhdan salan beynəlxalq himayəli mütləq hakimiyyətin atadan oğula varisliyi ölkəsində cümhuriyyətçilik ideyası irqi ayrıseçkiliyə qarşı dava ilə müqayisə oluna bilməz. Lakin bu günkü demokratiyaların içindəki bəzi gerici qüvvələrin böyüdüb-bəslədiyi “ağıllı avtokratlar”ın həbsxanalarında demokratları saxlamağa kömək edən qüsurlu beynəlxalq yanaşmaları bir çox başqasından daha yaxşı görür və izah edə bilərəm.
Dünya oxucuları üçün yazdığım bu məqalədə Azərbaycanda vuruşduğumuz döyüşün ancaq bir boyutuna diqqətliyəm - o döyüşün ki, dünyanın əsasən nominal həmrəyliyini alan demokratik məramımız və xarici maraq qruplarının yağlı, hərtərəfli dəstəyi ilə faktiki monarxiya qurmaq cəhdi arasında gedir.
Lap dəqiqini desəm, söhbət Cənub Qaz Dəhlizinin (CQD) şəxsən mənim işim nümunəsində siyasi məhbuslar probleminə necə mənfi təsir göstərməsi haqqındadır. Lakin gərək oxucu əvvəlcə bilə CQD nədir və nədən mənim sərbəst buraxılmağım bizim demokratik qüvvələrin mübarizə ruhu üçün həlledici əhəmiyyətə malikdir (Avropa Şurası rəsmiləri deyir ki, azadlığım həm də Avropa İnsan Haqları Konvensiyası çərçivəsində qorunmanın təməl quruluşu üçün mütləq əhəmiyyət daşıyır, ancaq pozucunun cəzalandırılması kimi bir davam bu sözlərin ardıyca heç də gəlmir).
Cənub Qaz Dəhlizi nədir?
CQD 43 milyard ABŞ dollarında dəyəri olan qaz hasilatı və nəql edilməsi üzrə çoxmilli bir layihədir. O, ildə 16 milyard kubmetr təbii qazın Azərbaycandakı Şahdəniz (2-ci Mərhələ) yatağından çıxarılaraq 2018-ci ildən etibarən Avropa və Türkiyə bazarlarına çatdırılmasını nəzərdə tutur. Avropa, Türkiyə və ABŞ layihənin nəqletmə hissəsinin (TANAP və TAP kəmərlərinin) Türkmənistana qoşulması və beləliklə sxemə daha 20-30 milyard kubmetr Türkmən qazının əlavə edilməsi üçün səbrsizliklə çalışırlar.
CQD-nin iki növdə əhəmiyyəti vardır. Birincisi, layihə tam uğurla yerinə yetirilsə, Avropa Birliyinin qaz idxalının 8-10 faizini təmin edə bilməklə Birliyin Rusiyadan asılılığını azaldar. İkincisi, o, Qərbin Mərkəzi Asiyaya yolunu açacaq daha bir geosiyasi platformaya çevriləcək (ruslar bunu təsviri üçün acıqlı ifadələrdən istifadə edir, məsələn “müdaxilə” kimi).
CQD siyasi təqibləri necə gücləndirdi?
Bakıda istənilən rasional demokratik hökumət çox da müzakirəyə getmədən CQD-ni onsuz da təsdiqləyib sonra diqqətini çevirərdi davamlı iqtisadi inkişaf üçün doğrudan da vacib məsələlərə tərəf. Daha az inhisarlı və daha çox rəqabət əsaslı iqtisadiyyatımız olsaydı, CQD-nin gətirəcəyi gəlirə həyati önəm daşıyan bir şey kimi baxılmazdı.
Amma hakimiyyətin hamar şəkildə ötürülməsi məqsədilə Rusiyanın hökumətə məxsus təyyarəsi Türkiyə hərbi xəstəxanasından Amerikanın ən yaxşı klinikasına onun atasını halsız vəziyyətdə daşıdığı vaxtlardan bəri, Azərbaycanın mütləq hökmdarı İlham Əliyev alışıb ki, öncə böyük dövlətlərlə hansısa razılığa gəlsin, sonra da bu razılığı ölkə daxilində hər kəsi əzmək və onsuz da geridəqalmış iqtisadiyyatı inhisarda saxlamaq üçün istifadə etsin (neft-qaz satıb qalan hər malı və xidməti idxal edən iqtisadi modelə ancaq “geridəqalmış” deyilməlidir).
Bu dəfə o, tam ağlabatan CQD layihəsini Qərbə özünün səxavətli və könüllü hədiyyəsi kimi təqdim edərək, sonuncudan insan haqları və demokratiya mövzusunda yerli-dibli susqunluq tələb edir. Layihə ilə bağlı danışıqların hansısa mərhələsində o, TANAP və TAP-ın Azərbaycanın hətta təkbaşına maliyyələşdirməsi imkanını nəzərdən keçirirdi.
2013-cü ildən cənab Əliyev sivil topluma qarşı bərabəri görünməmiş hücum dalğasını başlatdı. Məqsəd – Qərbə enerji əməkdaşlığını bu yeni kəşf etdiyi “vacibəm” mövqeyindən qurmaqda olan nə qədər ciddi olduğunu sərgiləməkdi.
Qərbin təsisatlı cavab cəhdi
Bu çəkişmə davam edərkən, neftin ucuzlaşması Azərbaycanda qəflətən pul qıtlığı yaratdı. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Avropa Sərmayə Bankı (ASB), Dünya Bankı və Asiya İnkişaf Bankı (AİB) kimi aparıcı beynəlxalq maliyyə təsisatlarına arxalanmadan ölkə TANAP və TAP və digər komponentlərdəki payını daha ödəyə bilməz.
Öz növbəsində həmin təsisatlar 2016-cı il ərzində elan etdilər ki, verəcəkləri maddi dəstək Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə (MSŞT) uyğunluğundan asılı olacaq. Məsələn, sentyabrda AYİB –nin enerji və təbii ehtiyyatlar üzrə direktoru Rikardo Puliti Azərbaycanın MSŞT-də üzvlüyünün o zaman gözlənilən bərpasına işarə edərək, onu TANAP və TAP üçün kreditlərin ayrılması qərarına təsir edəcək “əsas amil” adlandırmışdı. ASB ilə birgə həmin bank TANAP-ın 8,6 milyard dollarlıq dəyərinin 2,1 milyardını ödəmək istədi. TAP-ın dəyəri isə 6,2 milyarddır.
Yayın sonu – payızın əvvəlində The Financial Times qəzeti də bir cüt məqaləsində sözü gedən kreditlərin MSŞT –dan asılı qaldığını yazıb təhlil etmişdi.
Nədir o Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü?
Elə isə, MSŞT nədir? O, məqsədləri arasında şirkətlərin, əsasən beynəlxalq şirkətlərin, bir ölkədə nə qədər faydalı qazıntı hasil etdiyini və onların bu zaman qazandığı gəlirin hansı hissəsini evsahibi olan dövlətə köçürdüyünü yoxlamaq olan hökümətlərin, mədən sənanesinin, yerli və beynəlxalq sivil toplum təşkilatlarının müştərək qlobal təşəbbüsüdür. Bu baxımdan onun hədəfi – çoxmilli müəssisələri inkişaf etmək istəmiş bir ölkəni hansısa üsulla (məsələn, sivil topluma və əsas azadlıqlara düşmən kəsilən siyasi rejimin arxasında durmaqla) soyduqlarına dair gələcəkdə ortaya çıxa biləcək iddialardan qorumaqdır.
2013-2014-cü illər ərzində sivil topluma edilən misli görünməmiş basqı səbəbilə, 2015-ci ilin aprelində MSŞT-nin İdarə Heyəti Azərbaycanın Təşəbbüsdəki statusunu “üzv”dən “namizəd” pilləsinə endirdi. Bu addım – düşən neft qiymətlərilə yanaşı – Cənub Qaz Dəhlizinin işlərini korladı. Beynəlxalq maliyyə təsisatları onsuz da parçalı halda mövcud olan azadlıqların daha çökdüyü bir ölkədə enerji layihələri işlətməyin alçaq etikası ilə özlərini əlaqələndirmək istəmədilər.
Beləcə, 2016-cı il ərzində bir neçə dövlət, əsasən də ABŞ, Azərbaycana güclü siyasi təzyiq göstərərək diktaturanın geriyə kiçicik addım atmasına nail oldu. Həm enerji nəhəngləri, həm də Qərb dövlətlərindəki bəzi maraq qrupları dərhal bunu MSŞT-nin İdarə Heyətinə “irəliləyiş” kimi aldırmaq istədilər.
İdarə Heyəti Azərbaycandakı duruma baxmaq üçün oktyabrın 25-də toplaşdı. Toplantı ərəfəsində mən İdarə Heyətinə müraciət etdim.
Müraciətimin çəkisi nədən qaynaqlanırdı?
Müraciətim əsasən ona görə eşidildi ki, 2007-ci ildən etibarən həbsim anına qədər Təşəbbüsün beynəlxalq sivil toplum tərəfdən təməl daşı olan və hazırda Təbii Ehtiyyatların İdarəetməsi İnstitutu adlanan qurumun qlobal Məsləhət Şurasının üzvü olmuşam.
MSŞT daxilindəki bu statusumla yanaşı, həbsimə aid və onun ətrafındakı halların Azərbaycan dövləti üçün xüsusilə utandırıcı olması da təsir etdi:
i) Avropa İnsan Haqları Məhkəməsi müəyyən etmişdir ki, tutulmağıma və davamlı şəkildə həbsdə saxlanmağıma dair 19 Azərbaycan hakiminin verdiyi toplam 12 qərarın əsl səbəbi hakimiyyətin məni susdurmaq istəyi olmuşdu, onu tənqid etdiyimə görə;
ii) Paytaxtdan xeyli uzaq şəhərdə keçirilən məhkəmənin bütün 30 iclasında beş ay ərzində böyük zəhmət çəkərək qatılan ABŞ-ın Azərbaycandakı səfirliyi də bu qənaətə gəlmişdir ki, “hökm sübuta əsaslanmır və siyasi motivlidir”;
iii) Avropa Parlamentinin 2013-cü ildə qəbul etdiyi və adımı başlığında daşıyan qətnaməsi dərhal və qeyd-şərtsiz buraxılmağıma çağırış edirdi və bu çağırış Avropa Parlamentinin növbəti 2014 və 2015-ci illərdə Azərbaycanda insan haqlarının durumu haqqında qəbul etdiyi qətnamələrdə təkrarlanırdı;
iv) 2014-cü ilin dekabrından başlayaraq Avropa Şurası Nazirlər Komitəsi ayrıca mənim işimlə bağlı səkkiz (indi artıq doqquz) qətnamə və qərar qəbul edərək Avropa Məhkəməsinin qərarı əsasında təcili azadlığa buraxılmağımda təkidini ifadə etmişdi.
Beləcə, 25 oktyabr müzakirəsində sivil toplum təmsilçilərinin şiddətli hücuma keçməsində MSŞT-nin İdarə Heyəti Azərbaycanı üzvlər cərgəsinə qaytarmaqdan imtina etdi.
Amerikada qərarsızlıq
Məhkəmə müşahidəçiliyində göstərdiyi yuxarıdakı ağır əməyinə görə ABŞ səfirliyinə çox minnətdar olduğum üçün MSŞT İdarə Heyətinin toplantısında ABŞ təmsilçisinin mövqeyi mənə təəccüblü gəldi.
O, israr edirdi ki, Azərbaycan üzvlüklə mükafatlandırılası bir irəliləyiş göstərib. Görünür o xanım bizim azadlıq bahasına olursa belə CQD-nin tikilməsini ABŞ hökümətində istəyənlərin adından danışırdı.
Bir ay sonra, bunu tarazlaşdıran addım kimi, ABŞ Dövlət Departamentinin baş sözcüsü Con Kirbi Azərbaycan dövlətini mənə qarşı irəli sürülmüş bütün ittihamları ləğv etməyə çağırdı.
Beynəlxalq İnsan Haqları günü dekabrın 10-da ABŞ-ın BMT-dəki Daimi Nümayəndəsi Samanta Pauerin ailə şəklimi öz Facebook səhifəsinə qoyması da eynən sıcaq bir işarə idi. İki il öncə o, bir konfransda mənim məsələmə MSŞT bağlantısında artıq toxunmuşdu.
Təxminən eyni günlərdə, onun xeyirxah jestinə əlavə olaraq, ABŞ Konqresinin Helsinki Komissiyasının sədri Kristofer Smit Azərbaycanda azad sözü məhdudlaşdıran təzə sərt qanunlar haqqında müsahibəsində sərbəst buraxılmağıma dair bir il əvvəlki çağırışını təkrarladı.
Amma artıq dekabrın 15-də Amos Hokstayn, Dövlət Departamentinin Enerji üzrə Xüsusi Elçisi, Bakıdakı hakimiyyəti arxayınlaşdırdı ki, “hər hansı siyasi dəyişikliklərə baxmayaraq, özünün CQD-yə aid öhdəliklərinə ABŞ sadiq qalacaq”. Doğrudur, o Ağ evdəki rəhbərlik dəyişikliyini nəzərdə tuturdu, ancaq bu hal yeni təhlükələr haqqında aşağıdakı təhlilimin yükünü azaltmır.
Avropada qərarsızlıq
Avropa tərəddüdünün də həbsimin ilk günündən başlayan oxşar izlərini seyr edə bilirəm. Amma sözün qısalığı üçün bir fakt üzərində dayanacam.
Sentyabrın 20-də - Filippin prezidenti Duterte onun məhkəmədənkənar kütləvi edamlarını tənqid etmiş Avropa Parlamentini “axmaqlar” adlandırdığı gündə, bəlkə də elə eyni saatlarda – Avropa Parlamentinin Bakıyla barışıq axtaran nümayəndə heyəti nəinki cənab Əliyevin “Sədr Martin Şults və onun müavini Lubarek Azərbaycan xalqının düşmənləridirlər” adlı mühazirəsini dinləməyə razılıq verdi, hətta sonra o muhazirəni “konstruktiv” adlandırmaqdan da çəkinmədi (nümayəndə heyətinin başçısı olan Avropa Parlamentinin Britaniyalı (yoxsa BP-li) deputatı Səyyad Kəriminin bəyanatında).
Avropa Parlamentinin yuxarıda göstərdiyim üç qətnaməsi üzərindən bax belə xətt çəkildi, mən buna zindandan baxa-baxa.
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iki sədri mənə həbsxanada bu illər ərzində baş çəkdi – nəticə etibarı ilə ondan ötrü ki, qurumun ölkədəki vəziyyətə heç bir çarə olmadığını aydın göstərsinlər. Onlar ancaq hakimiyyətlə dialoqlarının necə konstruktiv ya da necə davamlı olduğu haqqında durmadan elə hey danışırlar.
Yeni Təhlükələr
Bizim azca üstünlüklə MSŞT İdarə Heyətində əldə etdiyimiz qələbə iki başqa təhlükəyə bizi açıq qoyur (burada söhbət kənar təhlükələrdən getmir, hansı ki, məsələn, neft qiymətinin yüksəlməsindən ya da İranla nüvə anlaşmasının pozulmasından, yəni Bakıdakı rejimə özünəinam, bazarlıqetmə gücü verəcək hadisələrdən irəli gələ bilər).
Birincisi, ondan ibarətdir ki, 2017-ci ilin martında keçiriləcək MSŞT İdarə Heyəti iclasında təcili maddi ya da geosiyasi maraqların diqtəsilə işləyənlər sivil toplum partiyasını sayda ya da gücdə üstələyə bilərlər. Cənab Əliyev özünün kosmetik, əncir yarpağı “islahat”larından bir-ikisini həyata keçirsə, yaxud əfv istəməklə ya da başqa bir qaydada artıq təslim olmuş siyasi məhbusları buraxsa, azadlığımın bu dəfə də saxta irəliləyişə qurban verilməsinin ehtimalı artacaq.
Digər təhlükə ondan ibarətdir ki, həmin maraq qrupları MSŞT-də döyüşmək yerinə beynəlxalq maliyyə təsisatlarından sözü gedən kreditlər və Azərbaycanın Təşəbbüsə uyğunluğu arasında əlaqəni kəsməyi istəyə bilərlər. Maliyyə təsisatları uzağı görməyən bank yönəticilərilə doludur deyə onlarla dil tapmaq asandır nəinki qanun aliliyi, şəffaflıq, ictimai hesabatlılıq tələb edən sivil toplum fəallariyla.
İkinci ssenari ola bilər artıq gerçəkləşməkdədir, çünki şayiələrə əsasən, Dünya Bankı TANAP-a 800 milyon dollarlıq kredit ayırıb.
Elədirsə, onda Bakıyla Brüssel arasındakı təxirə salınmaz Enerji Məsləhətləşmələri 2017-ci il yanvarın sonunda kreditləri hələ də MSŞT-yə uyğunluq müstəvisinə qaytarmağa qadirdir. İşə aid pulun milyardlarla ölçülən həcminə Azərbaycan siyasi məhbusları dəyməyə bilər, amma “Avropa Dəyərləri” daha ucuzdurmu?
Dərin Zindan Üfüqü
Hərəkatımın rəhbər orqanının digər 11 üzvündən üçü mən həbs ediləndən sonra ölkəni tərk etməli oldular, ikisi həbsə düşdü (bir il yarımlıq və bir aylıq), ikisinin xaricə getməsi yasaqdır (onlardan biri heç paytaxtı da tərk edə bilməz). Hər cür başqa təzyiqlər də var, onlar haqqında danışmaq istəmirəm.
Buna baxmayaraq, aparteidə dözümlə baxmış, onu qidalandırmış dünyadan fərqlisində yaşayırıq. Azadlıq dəyərlərimizi diktatorların və onların biznes ortaqlarının qəsdindən qorumağa imkan verən gündəmi və təsisatları cənab Mandelanın mübarizəsi yetərincə yüksəltmişdir.
Odur ki, təqibə müqavimətim bu gün daha az yayılmış üsullarını nəzərdən keçirməyə ya da beynəlxalq tərəflərin dayanış maşını axtarmağa ehtiyacımız qalmır. Lakin çətinlik ondadır ki, bizim mübarizənin vaxt uzunluğundan başqaları da nəticə çıxarır və yeni cavabları dinclik və seçim aydınlığı ötəsində tapırlar.
Meri Uorlik, Dağlıq Qarabağ uğrunda Ermənistan və Azərbaycan arasında münaqişədə vasitəçi kimi çıxış edən ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin həyat yoldaşıdır. Bu səbəbə əvvəlcə fərz elədim ki, rejimə isti münasibət sərgiləməklə o, öz ərinin rəsmi Bakı ilə əlaqələrini rahatlaşdırmağa çalışır. Amma noyabrın ortalarında cənab Uorlik – güman ki, öncədən planlaşdırdığı kimi – vəzifəsindən ilin sonunda gedəcəyini elan etdi və, beləliklə fərziyyəm doğru çıxmadı.