II hissə
Birinci hissəni buradan oxuya bilərsiniz
Samuel Hantinqton
Sivilizasiya səviyyəsində kimlik məsələsi daha vacib hal almış olacaq. Yeddi və ya səkkiz əsas sivilizasiyaların qarşılıqlı təsiri zamanı dünyanın quruluşu əsaslı şəkildə formalaşacaq. Buna qərbi, yapon, islam, hind, konfutsi, provaslav-slavyan, Latın Amerika və hətta ola bilsin ki, afrika sivilizasiyası da aiddir. Gələcəyin ən vacib konfliktləri sivilizasiyalar arasındakı çatlar boyunca açılmış olacaq. Nəyə görə?
Birincisi, sivilizasiyalar arasındakı fərqlər yalnız real olmaqdan ibarət deyil. Onlar həm də- ən əhəmiyyətli, diqqətə çarpan hissələrdir. Sivilizasiyalar öz tarixi, dilləri, mədəniyyətləri, adət-ənənələri və ən vacibi dinlərinə görə fərqlənirlər. Müxtəlif sivilizasiyadan olan insanlar Allahla insan, fərdlə qrup, vətəndaşla hökumət, övladla valideyn, ər ilə arvadın arasındakı münasibətlərə müxtəlif cür yanaşırlar. Onlar hüquq və vəzifələr, öhdəlik və icra, iyerarxiya və bərabərlik məsələlərində fərqli düşüncələrə sahibdirlər. Bu fərqlər yüz illər boyunca qurulur, formalaşır. Onlar yaxın gələcəkdə itmirlər, yoxa çıxmırlar. Bu fərqlər siyasi ideologiya və siyasi rejimlər arasındakı fərqlərdən daha fundamentaldır. Əlbəttə, mütləq deyil ki, fərqlər konflikt gətirsin və konflikt də vacib deyil ki, zorakılıq ifadə etsin. Lakin əsrlər boyu uzun müddət davam edən və qanlı olan münaqişələr məhz sivilizasiyalar arasındakı fərqlərin doğurduğu təzahür idi.
[caption id="attachment_24647" align="alignnone" width="1920"]
Samuel P. Huntington 2004-cü il Dünya İqtisadi Forumunda[/caption]
İkincisi, dünya daha yaxından, sıx əməkdaşlıq etməyə başlayır. Müxtəlif sivilizasiyalardan olan millətlər arasındakı qarşılıqlı əlaqələr güclənir. Bu sivilizasiyalararası kimliyin artmasına, mədəniyyət çərçivəsində sivilizasiyalar və icmalar arasında fərqlərin anlaşılmasının dərinliyinə gətirib çıxarır. Şimali Afrikadan Fransaya olan immiqrasiya fransızlarda düşmənçilik münasibətinin yaranmasına səbəb oldu və eyni zamanda digər immiqrantlara – Polşadan olan katolik və avropalılara - daha xoşməramlı olmağa başladılar. Amerikalılar Yapon investisiyasına Kanada və ya hər hansı bir Avropa ölkəsindən olan investisiyadan daha ağrılı reaksiya göstərirlər. Hər şey A.Horowitz tərəfindən yazılmış ssenariyə uyğöun baş verir: “ Nigeriyanın şərq əyalətlərində insanlar milliyətlərinə görə həm ibo-oniçe , həm də ibo- ouerri də ola bilərlər. Ancaq Laqosda o sadəcə ibo (iqbo) olacaq. Londonda isə yalnızca nigeriyalı olacaq. Nyu-Yorkda isə afrikalı olacaq”. Müxtəlif sivilizasiyaların nümayəndələri arasındakı qarşılıqlı əlaqə onların mədəni kimliklərini gücləndirir.
Üçüncüsü, bütün dünyada iqtisadi modernləşmə və sosial dəyişikliklər prosesi insanların ənənəvi identifikasiyalarını ləkələyir və eyni zamanda identifikasiya mənbəyi kimi milli-dövlətin rolunu zəiflədir. Ortaya çıxan boşluqları əsasən tez-tez fundamental hərəkətlər şəklində din doldurur. Bu cür hərəkətlər tək islamda deyil, həmçinin Qərb xristianlığında , yəhudilikdə, buddistlikdə və induizmdə də inkişaf edirid. Əksər ölkələrdə və dini konfessiyalarda fundamentalizm gənc təhsilli insanları, orta sinifdən olan yüksək ixtisaslı mütəxəssisləri, sərbəst işçiləri və biznesmenləri dəstəkləyir. Q.Vayqel də qeyd etdiyi kimi “dünyanın kilsə mülkiyyətinə əks keçidi – XX əsrin sonunda dominant olan sosial hadisələrdən biri idi”. Dinlərin dirçəlişi və ya J.Kepelin sözləri ilə desək “Allahın revanşı” sivilizasiyaların birliyi üçün – milli sərhədlər çərçivəsindən çıxan identifikasiya cəmiyyətlə birlikdə mülkiyyət üçün əsas əmələ gətirir.
Dördüncüsü, sivilizasiyalar arası kimlik artımı Qərbin parçalanmış rolu ilə diktə edilir. Bir tərəfdən, Qərb öz gücünün ən pilləsindədir, digər tərəfdən isə bəlkə elə buna görə də, qərbdən olmayan sivilizasiyalarda öz köklərinə qayıtmaq kimi bir hal baş verir.
Qeyri-Qərb ölkələrinin keçmiş elitasında insanlar adətən Qərblə daha sıx əlaqəsi olanlar idi. Hansı ki, onlar Oksfordda, Sarbonda təhsil alan və Qərb dəyərlərini, həyat tərzini mənimsəyən insanlar idilər. Bu ölkələrin əhalisi bir qayda olaraq, öz doğma mədəniyyətləri ilə əlaqələrini qoruyub saxlayırdılar. Lakin indi hər şey dəyişib. Bir çox qeyri-qərb ölkələrinin elitasında tipik qərb düşüncələrinin, streotiplərinin intensiv dağılma və doğma köklərə qayıtma prosesi gedir. Eyni zamanda qərb, əsasən də amerika adətləri, həyat tərzi və mədəniyyəti ümumi əhali arasında populyarlıq qazanırdı.
Beşincisi, mədəni xüsusiyyətlər və fərqlər siyasi və iqtisadi sahədən daha az dərəcədə dəyişikliyə məruz qalıb. Buna görə də onların qarşısını almaq və ya kompramisə gətirmək daha çətindir. Keçmiş Sovet İttifaqında kommunistlər demokrat, varlılar kasıb, kasıblar varlı ola bilərdilər - ancaq ruslar nə qədər istəsələr də eston, azərbaycanlılar da erməni ola bilməzlər.
Sinfi və ideoloji münaqişələrdə əsas açar sual belə olurdu: “ Sən kimin tərəfindəsən?” İnsan da öz növbəsində kimin tərəfində olduğunu seçə bilrədi və ya seçdiyi tərəfi dəyişə bilərdi. Sivilizasiyaların eyni münaqişəsində sual fərqli olur: “Sən kimsən?” Burada söhbət ondan gedir ki, verilənlər dəyişdirilə bilməz. Biz Bosniya, Qafqaz, Sudan təcrübəsindən də bildiyimiz kimi bu suala uyğun olmayan cavab verərək dərhal alnından bir güllə ala bilərsən. Din insanı etnik mənsubiyyətdən daha kəskin bir şəkildə bölür. Bir insan yarı-fransız, yarı-ərəb ola bilər, hətta hər iki ölkənin vətəndaşı da ola bilər. Yarı-katolik və yarı-müsəlman olmaq isə daha çətindir.
Nəhayət , iqtisadi regionallıq daha da güclənir. Daxili regional ticarətin payı 1980-ci ildən 1989-cu ilə qədərki dövrdə artdı. Bu artım özünü Avropada 51-dən 59%-ə, Cənub-Şərqi Asiyada 30-dan 37%-ə, Şimali Amerikada 32-dən 36%-ə qalxaraq göstərdi. Bütün bunlar göstərir ki, iqtisadi regionallığın əlaqələri daha da güclənəcək. Bir tərəfdən iqtisadi regionallığın uğuru müəyyən bir sivilizasiyaya aid olmaq anlayışını daha da gücləndirir. Digər tərəfdən isə iqtisadi regionallıq yalnız ümumi mədəni kökləri olan sivilizasiyalarda uğurlu ola bilər. Avropa Birliyi ümumi avropa mədəniyyətinə və qərb xristianlığına dayanan ümumi bir əsasa aiddir. Şimali Amerika Azad Ticarət Zonasının uğuru Meksikanın, Kanadanın və Amerikanın mədəniyyətlərinin davam edən yaxınlaşmasından asılıdır. Lakin Yaponiya isə əksinə Cənub-Şərqi Asiyada belə bir birliyin yaranmasında çətinlik çəkir. Yaponiya öz növündə yeganə birlik və sivilizasiyadır. Yaponiyanın digər Cənub-Şərqi Asiya ölkələri ilə ticarət və maliyyə əlaqələri nə qədər güclü olursa olsun, onlar arasındakı mədəni fərqlər Qərbi Avropa və Şimali Amerika modelində regional iqtisadi inteqrasiya istiqamətində hərəkət etməyə mane olur.
Mədəniyyətlərin ümumiliyi isə, əksinə Çin Xalq Respublikasının Honkonq, Tayvan, Sinqapur və digər Asiya ölkələrindəki Çin icmaları ilə olan iqtisadi əlaqələrinin sürətlə inkişafına aydın şəkildə töhvə verir. Soyuq müharibənin sonlanması ilə mədəniyyətlərin ümumiliyi sürətli şəkildə ideoloji fərqləri əvəzlədi. Çin Xalq Respublikası və Tayvan daha çox yaxınlaşdı. Əgər mədəniyyət ümumiliyi- iqtisadi əlaqələr üçün ilkin şərtdirsə , bu zaman gələcək Şərqi Asiya iqtisadi blokunun mərkəzi Çində olacaq. Faktiki olaraq, bu blok artıq formalaşıb. M.Vaydenbaum bu barədə belə yazır: “ Regionda Yaponiyanın dominantlıq etməsinə baxmayaraq , Asiyada Çin əsasında sürətlə yeni sənaye, ticarət və maliyyə kapitalı mərkəzi yaranmağa başlayır. Bu strateji məkan güclü texnoloji və sənaye potensialına (Tayvan), təşkilat, marketinq və xidmətlər sahəsində güclü potensiala (Honkonq), sıx rabitə şəbəkəsinə (Sinqapur), güclü maliyyə kapitalına ( hər üç ölkə), böyük torpaq sahəsinə, insan və təbii resurslara ( Çin Xalq Respublikası) sahibdir... Böyük ölçüdə ənənəvi klan inkişafı təməlləri üzərinə inşa edilmiş bu nüfuzlu cəmiyyət Quançjoudan Sinqapura, Kuala-Lumpurdan Manilaya qədər uzanır. Bu Şərqi Asiya iqtisadiyyatının skletidir.
Mədəni və dini oxşarlıq tərkibində qeyri-ərəb olan 10 müsəlman ölkəsini birləşdirən İqtisadi Əməkdaşlıq Təşkilatının da təməlində yatır: İran, Pakistan, Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan, Özbəkistan və Əfqanıstan. Bu təşkilat 60-cı illərdə 3 ölkə: Türkiyə, İran və Pakistan tərəfindən yaradılmışdır. Həmçinin Karib Ölkələri Birliyi, Şimali Amerikanın ümumi bazarları və Merkosur ( Paraqvay, Uruqvay və Venesuela arasında iqtisadi və siyasi müqavilə) ümumi mədəniyyət təməlinə əsaslanır. Ancaq bütün Karib adaları ölkələrini və Şimali Amerikanı birləşdirən daha geniş iqtisadi birlik yaratmaq cəhdi uğurlu olmadı - ingilis və latın mədəniyyətləri arasında körpü qurmaq hələ də mümkün olmayıb.
Etnik və dini baxımdan öz kimliklərini müəyyən etmək məsələsində insanlar həssas bir şəkildə özləri ilə digər etnik mənsubiyyətdən və ya dini cəmiyyətdən olan insanlar arasındakı münasibətləri “mən” və “onlar” kimi nəzərdən keçirirlər. Şərqi Avropada və keçmiş SSRİ-də ideoloji dövlətlərin sonu etnik kimliyin formalarının və ziddiyyətlərinin ön planda inkişaf etməsinə icazə verdi. Mədəniyyətlər və dinlər arasındakı fərqlər siyasi məsələlərdə geniş bir sahədə fərqlilikləri yaratdı. Coğrafi yaxınlıq Bosniyadan Mindanao adasına qədərqarşılıqlı ərazi iddialarına stimul olur. Ancaq daha əhəmiyyətlisi nədir- Qərbin öz dəyərlərini yaymaq cəhdi: demokratiya və liberalizmi- universal anlayış kimi, hərbi üstünlüyünü qorumaq və öz iqtisadi maraqlarını müdafiə etmək digər sivilizasiyaların müqaviməti ilə qarşılaşır. Hökumətlər və siyasi qruplara ideologiya əsasında əhalini və koalisiyaları səfərbər etməyə daha az nail olurlar və onlar getdikcə daha çox ümumi din və mədəniyyətə müraciət edərək dəstək qazanmağa çalışacaqlar.
Tərcümə: Asya Cəlilova