Avropa Şurası və Avropa İttifaqı “Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq Proqramı” çərçivəsində dəyəri 5 milyon avrodan çox olan layihələrin nəticələrini təqdim edib.
Proqram çərçivəsində həyata keçirilən layihələr media, məhkəmə sistemi, vəkillik və başqa sahələri əhatə edir.
Avropa Şurasının Bakı ofisinin rəhbəri Zoltan Hernyes bildirib ki, onların məqsədi ifadə və media azadlığının inkişafına yardım, korrupsiyaya qarşı mübarizə səviyyəsinin artırılması, Ədliyyə Akademiyasının rolunun və potensialının gücləndirilməsi, hakimlərin təlimi və ədalətli mühakimə sisteminin effektivliyinin və keyfiyyətinin artırılması olub.
Keçirilən proqramlar, təlimlər isə effektiv olub, bundan xeyli insan yararlanıb.
Araşdırmaçı jurnalist Xədicə İsmayılsa deyir ki, rəqəmlər bunun əksini göstərir:
“2011-2014-cü illərdə ölkədə diffamasiyaya görə cinayət məsuliyyətinə cəlb olunan jurnalist olmayıb. Lakin proqramın həyata keçirildiyi 2015-2018-ci illərdə çoxlu sayda media nümayəndəsi yazılarına görə cinayət məsuliyyətinə cəlb edilib, onlardan beşi uzunmüddətli həbs olub. Proqram çərçivəsində çoxlu sayda prokurorluq əməkdaşına, hakimlərə treninqlər keçirildiyi bildirilir. 2014-cü ildə ölkədə siyasi məhbusların sayı 98 nəfər idisə, bu gün rəqəm 130-dur”.
Jurnalist əlavə edib ki, Avropa İnsan Haqları Məhkəməsi siyasi ayrı-seçklilik motivinə görə insanların həbs olunması ilə bağlı 7 qərar çıxarıb. Həmin qərarların əksəriyyəti 2015-2017-ci illəri əhatə edib.
“Effekt olmadığı, vəziyyət pisliyə doğru dəyişdiyi halda, bu prosesi imitasiya eləmək, vergi ödəyicilərinin pulunu xərcləməyin özü elə pul yumaq deyilmi?"- jurnalist vurğulayıb.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas cavabında deyib ki, o, istənilən halda, prosesi davam etdirməyin tərəfdarıdır: "Biz istəyirik ki, proses irəli doğru getsin. Hesab edirəm ki, treninqləri davam etdirməliyik. Heç nə eləməməkdənsə, bunları eləmək yaxşıdır".
"Siz əminsinizmi ki, onlara doğru şeyləri öyrədirsiz? Axı vəziyyət əksini deyir..." sualına cavab verən səfir bildirib ki, treninq iştirakçılarına ən doğru praktikalar öyrədilir:
"Biz doğru olanları onlara təqdim edirik. Sonra nə baş verdiyinə cavabdeh ola bilmərik".
Avropa Şurası Nazirlər Komitəsi ötən həftə 2019-2021-ci illər üçün Azərbaycanla yeni əməkdaşlıq planını təsdiq edib.
Təxminən yarım saatlıq təqdimatdan sonra görüşün qalan hissəsi media üçün qapalı keçirilib.