Oktyabrın 17-də Bakı Apellyasiya Məhkəməsində hakim Elşad Şamayevin sədrliyi ilə bloger Mehman Hüseynovun vaxtından əvvəl şərti azadlığa buraxılmasının təmin edilməməsi barədə Qaradağ Rayon Məhkəməsinin qərarından verdiyi şikayəti təmin edilməyib. Məhkəmədə Mehman Hüseynovun özü iştirak edib. Zalda olanlar blogeri alqışlarla qarşılayıblar.
M.Hüseynov ikiillik cəzasının bir il yeddi ayından çoxunu çəkib. Bu səbəbdən vaxtından əvvəl şərti azadlığa buraxılması ilə bağlı Qaradağ Rayon Məhkəməsinə müraciət edib. Avqustun 24-də məhkəmə blogerin saxlanıldığı 14 saylı cəzaçəkmə müəssisəsində olub və müraciət təmin edilməyib. Məhkəmə səbəb kimi cəzaçəkmə müəssisəsinin M.Hüseynov barəsində mənfi rəy verməsini göstərib.
M.Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib. Bloğer həbsindən iki ay öncə saxlanılarkən polisdə işgəncəyə məruz qaldığını açıqlamışdı.
Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlasa da, Ali Məhkəmə blogerin kassasiya şikayətini qismən təmin edərək, işi yenidən Apellyasiya Məhkəməsinə qaytarıb. Bakı Apellyasiya Məhkəməsi isə blogerin barəsində aşağı məhkəmənin hökmünü yenidən qüvvədə saxlayıb. Sonradan bir daha bu işə baxan Ali Məhkəmə bu dəfə Apellyasiya Məhkəməsinin qərarını haqlı sayıb.
M.Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksək vəzifəli şəxslərin, deputatların olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. Onun videoları geniş rezonans doğurub, yüz minlərlə insan tərəfindən izlənilib. Bloger həbsinin fəaliyyəti ilə bağlı olduğunu bildirib.
Bugünkü məhkəmədə vəkil Fuad Ağayev bildirib ki, blogerin iki illik həns müddətinin bitməsinə 4 ay 20 gün qalıb.
"Onun həbsinin əsaslarına toxunmadan bildirirəm ki, bloger nə ağır, nə də xüsusilə ağır cinayətdə ittiham edilib. Onun vaxtından əvvəl həbsdən azad edilməsi hüququdur və bu, təmin edilməlidir. O, həbsdə olarkən anasını itirib. Qardaşlarından biri xarici ölkədə yaşayır, digəri isə xidmətdədir. Mehman Hüseynov hazırda tək yaşayan atasının yanında olmalıdır", - vəkil qeyd edib.
Vəkil cəzaçəkmə müəssisəsinin M.Hüseynovun barəsində mənfi rəyindən danışarkən deyib ki, rəydə blogerin öz fəaliyyət dərnəyinin işində, ictimai işlərdə iştirak etmədiyini yazıb.
"Qanunvericilikdə özfəaliyyətdə, ictimai tədbirlərdə işrirak etmək məhkumların hüquq və vəzifələrinə aid edilməyib. Bəlkə Mehmanın "səsi" yoxdur, o, mütləq xorda oxumalıdır? Amma qanunvericiliklə və Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinə (ədalətli məhkəmə araşdırılması hüququ) görə vaxtından əvvəl həbsdən azad edilmək məhkumun hüququdur", - vəkil qeyd edib.
M.Hüseynov isə deyib ki, onun həbs müddətində daxili intizam qaydalarını pozması halları olmayıb.
"Mən heç zaman cərimə təcridxanasına salınmamışam. Məhkumlarla və cəzaçəkmə müəssisəsinin əməkdaşları ilə münasibətlərim yaxşısıdır, hətta deyərdim çox yaxşıdır. İctimai tədbirlərdə iştirakıma gəlincə, müəssisədə mindən çox məhbus saxlanılır, klub isə cəmi 100-150 nəfər tutur. İctimai tədbirlərə, konsertlərə qatılmamağımın səbəbi yerin az olması ilə bağlıdır. Çünki mən elə tədbirlərdə çox iştirak etmişəm. Bu səbəbdən ehtiyacı olanların iştirak etməsi üçün bu tədbirlərə qatılmıram. Müəssisənin abadlaşdırılması məsələsində isə 14 saylı cəzaçəkmə müəssisəsi daş və tozdan ibarət yerdə yerləşir. Orada ağac tingi əksən, ting dilə gələr ki, "yazıq deyiləm məni burada əkirsən". Çünki bu, susuz, çöllük ərazidə bitki bitmir, -o qeyd edib.
M.Hüseynov hakimin şikayət ərizəsində günahsız olması ilə bağlı yazdığı sualın cavabında deyib ki, günahsızdır.
"Məni sifariş əsasında böhtanla tutublar. Həbsim peşə fəaliyyətimlə bağlıdır. Amma bu məsələnin indiki məhkəməyə aidiyyatı yoxdur. Mən tək qalmış atamla birgə olmaq üçün vaxtından əvvəl azad edilməyimlə bağlı müraciət etmişəm", - o bildirib.
Prokuror Cövdət Mehrəliyev apellyasiya şikayətinin təmin edilməməsini, Qaradağ Rayon Məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş edib.
Apellyasiya Məhkəməsi Qaradağ Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Vəkil Fuad Ağayev qərardan kassasiya şikayəti verəcəyini bildirib.