Bir həftədir İran Kəşfiyyat Nazirliyi və Sepaha bağlı qüvvələrin İran Azərbaycanınının Təbriz, Urmiyə və Əhər kimi şəhərlərində başlatdığı həbs dalğasının davam etməsi nəticəsində daha bir neçə türk fəal saxlanılıb.
Güney Azərbaycan Televiziyası (Günaz TV) və HRA agentliyinin yayımladığı məlumata əsasən, oktyabrın 29-da təhlükəsizlik qüvvələri Təbrizdə Əbulfəz Fəkurini, Urmiyədə isə Rəhman Qasımini nəzarət altına alıblar.
Həmçinin milli fəal Nəsim Sadıqinin eyni gündə təhlükəsizlik qurumunun həbsxanasından Təbriz Mərkəzi Zindanına köçürüldüyü bildirilir.
Günaz TV-nin bildirdiyinə görə, Nəsim Sadıqi oktyabrın 21-də təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Hüquq müdafiəçilərinin xəbərlərinə əsasən, keçən 10 günün ərzində Təbriz, Urmiyə və Əhər kimi şəhərlərdə bir çox milli fəal, həmçinin bəzi fəalların ailə üzvləri nəzarət altına alınıblar.
Tanınmış türk fəal və həkim Məhərrəm Kamrani Şərqi Azərbaycan vilayətinin Əhər şəhərində saxlanılıb.
Nəzarət altına alınan digər vətəndaşlar arasında Səccad Əfruziyan, Araz Əmani, Əmir Əmani, Sədullah Sasani, Həkimə Əhmədi və Rza Zareyinin adları məlum olub.
Bir neçə fəal, o cümlədən Ramin Cəbrayıli və Cəlil Tarinin isə təhlükəsizlik qurumuna çağırıldıqları bildirilir.