Oktyabrın 28-də Gürcüstanda prezident seçkiləridir. Seçkiyə iki gün qalır - oktyabrın 26-a olan məlumata görə 25 namizəd müzabizə aparır.
Müstəqil müşahidəçilərə görə namizədlərin kampaniyalarında iqtisadi, siyasi, NATO-ya üzvlük və digər önəmli məqamlar unudulub. Korrupsiya, qətl kimi "seks", "yalan" kimi ittihamlar əsas mövzulara çevrilib.
Paytaxt Tbilisidən kənarda daha çox azərbaycanlıların yaşadığı Marneuli rayonunda sakinlərin əksəriyyəti ümumiyyətlə namizədləri heç tanımırlar . Amma yeni prezidentdən gözləntiləri çoxdur, xüsusilə də iş yerlərinin yaradılmasını istəyirlər:
“Bizim üçün əsas iş yeri olsun, borc-xərc içindəyik. İş olsa övladlarım işləyər, mən də bu yaşımda bazarda alver etmərəm”.
“Kim seçilir seçilsin. Əsas odur ki, rahatlıq olsun”.
“Heç bir namizədi tanımırıq. Amma gələcək namizəddən ümidimiz bizim üçün yeni iş yerlərinin yaradılmasıdır”.
“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli düşünür ki, ötən seçkilərlə müqayisədə indi Gürcüstan azərbaycanlıları seçkilərdə daha fəaldırlar. Çünki onlar başa düşürlər ki, tək vədlərə inanmaq olmaz. Onun fikrincə, indi azərbaycanlılar arasında Gürcüstanın keçmiş prezidenti Mikheil Saakashvilinin dəstəklədiyi namizədlər daha məhşurdur:
“Soydaşlarımız Mikheil Saakashvili dönəmini xatırlayırlar. Onun dönəmində bizim soydaşların təhsil, mədəniyyət, hətta ali təhsil almaq hüququ istiqamətində ciddi işlər görülmüşdü. O vaxt 1+4 proqramı vasitəsilə bizim soydaşlar ana dilləri ilə yanaşı gürcü dilini də öyrənir və universitetlərə qəbul oluna bildirdilər. Bir sözlə, hüququn aliliyi ilə yadda qalıb o dönəm. Bu baxımdan insanlarımız arasında Saakashvilinin dəstəklədiyi namizədə daha çox meyl hiss olunur. Yəni, insanlar seçkiyə əvvəlki kimi biganə deyillər. İndiki iqtidardan gözləntiləri baş tutmayıb. Buna görə də istahlatların müəllifi olan Saakashvili komandasına səs vermək istəyənlər daha çoxdur. Güman edirəm ki, ən azı bizim bölgədə onlar üstünlük təşkil edəcəklər”.
25 nəfər Gürcüstanda prezident postu uğrunda mübarizə aparır. Müxtəlif təşkilatların rəy sorğularına görə bu namizədlərdən 3 nəfərinin şansı daha yüksəkdir.
Onlardan biri keçmiş xarici işlər naziri Salome Zurabishvili-dir. O namizədliyini müstəqil şəkildə irəli sürsə də, hakim “Gürcü Arzusu” partiyasından dəstəklənir. Onun əsas rəqibləri müxalif Birləşmiş Milli Hərəkat partiyasından Grigol Vashadze və parlamentin keçmiş spikeri, müxalif “Avropa Gürcüstanı” partiyasının namizədi Davit Bakradzedir. Bu iki namizəd Saakashviliyə yaxınlığı ilə tanınır. Gürcüstandan olan analitik Amiran Salukvadze hesab edir ki, namizədlər arasında gərgin mübarizə gedir:
“Düşünürəm ki, hakim partiyanın dəstəklədiyi namizədin şansı daha çoxdur. Çünki bu partiya cəmiyyətdə çox məhşurdur. Hesab edirəm çox gərgin mübarizə olacaq. Zurabişvili-nin 1-ci turda qalib gəlmək şansı çoxdur, çünki Bidzina İvanişvili onu dəstəkləyir. Son iki-üç həftədə internetdə hakim partiyanın onu dəstəklədiyini müşahidə edirəm. Sözsüz ki o müstəqil namizəddir amma hakim partiyaya çox meyllidir”.
Amiran Salukvadze seçkilərin ikinci turunun keçiriləcəyini də istisna etmir. Beləki, Gürcüstan Konstitusiyasına görə bir namizəd səslərin 51 faizindən çoxunu qazanmasa, seçkilər yenidən keçirlə bilər. Salukvadzenin ehtimalına görə seçkilərdə namizədlər bu faizi toplamaya bilər.
AzadlıqRadiosu Bakı sakinlərinin də Gürcüstan seçkilərinə münasibətini öyrənib:
Belə görünür ki, Gürcüstanda prezident seçkiləri gələcəkdə Azərbaycandakıdan həm də formasına görə fərqlənəcək. Beləki, bu, 1991-ci ildən üzü bu yana ümumxalq səsverməsi ilə keçirilən sonuncu prezident seçkisidir. 2017-ci ildə konstitutsiya dəyişikliyindən sonra prezidenti parlament, yerli və regional siyasi qüvvələrdən ibarət 300 nəfərlik kollegiya seçəcək.
İndi seçiləcək prezidentin səlahiyyət müddəti 6 ildir. Yəni, Gürcüstanda yeni qaydada prezident seçkisi bir də 2024-ci ildə keçiriləcək.