Oktyabrın 10-da Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin ev dustaqlığına buraxılması, yaxud da 5 min manat girov müqabilində azadlıqda qalması üçün məhkəməyə verilən vəsatət təmin edilməyib.
Məhkəmədə Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin müstəntiqi və M.İbrahim özü də iştirak edib.
M.İbrahimin oğlu Turan İbrahim Turan-a bildirib ki, qərardan apellyasiya şikayəti veriləcək: "Oğlu bildirir ki, M.İbrahimin səhhətində problemlər var. T.İbrahimin sözlərinə görə, atası saxlandığı 1 Saylı Bakı İstintaq Təcridxanasında vəkiliylə görüşdə dayana bilməyib, söhbəti yarımçıq dayandırıb getmək məcburiyyətində qalıb".
Məmməd İbrahim 2015-ci il sentyabrın 30-da həbs edilib, xuliqanlıq ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. O, hüquq müdafiəçiləri tərəfindən "siyasi məhbus" kimi tanınıb.
Bir neçə gün əvvəl, həbs cəzasının başa çatmasına bir gün qalmış ona qarşı qadağan edilmiş əşyanın (kəsici-deşici alət) qanunsuz saxlanması ittihamı irəli sürülüb, bu maddə ilə o, 6 aya qədər azadlıqdan məhrum edilə bilər.
Sentyabrın 28-də Yasamal rayon Məhkəməsi İbrahim barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib.
M.İbrahim üç illik cəzasını başa vurub azadlığa çıxmasına iki gün qalmış onun haqqında yeni cinayət işi başlanıb.