Birdəfəlik müavinət almalı olan şəhid ailələrinin yüzədək üzvü oktyabrın 30-da yenidən Prezident Administrasiyasının qarşısına toplaşıb.
Bu barədə şəhid ailələrinin təmsilçilərindən Sevinc Quluzadə bildirib. Onun dediklərinə görə, bu dəfə şəhid ailələri Milli Məclisin önünə getməkdən imtina ediblər.
"Parlamentin bu məsələni həll etmək gücü yoxdur, ona görə də Milli Məclisə getməkdən imtina etdik".
S.Quluzadə deyib ki, ailə üzvlərini hər dəfə bir rəsmi şəxs qarşılayır: "Bizi Prezident Administrasiyasının qəbul otağında hər dəfə bir rəsmi şəxs qarşılayır. Hər dəfə məsələnin həll ediləcəyini deyirlər, amma məsələ hələ də həllini tapmayıb".
Prezident İlham Əliyev bu ilin aprelində 1991-1997-ci il avqustun 2-nə kimi Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan şəxslərə 11 min manat müavinət verilməsi barədə fərman imzalayıb. Fərmanın icrasına oktyabrın 9-da başlanılıb.
Sənəddə deyilir ki, birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar əvvəllər sığorta ödənişi verilməmiş, o cümlədən barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan hərbi qulluqçuların vərəsələrinə verilir.
Rəsmi məlumatlara görə, fərman 11 min şəhid ailəsini əhatə edir.
Bununla yanaşı, müavinətlərin ödənilməsi məsələsində problemlər yaranıb. Belə ki, sığorta şirkəti bir çox şəhid ailələrinin əvvəllər sığorta ödənişlərini aldığını bildirir.
Ailələr isə hesab edirlər ki, əvvəllər sığorta ödənişini almayıblar. Həm də manatın məzənnəsində on dəfələrlə fərq olduğundan əvvəlki sığorta ödənişlərinin məbləği ilə hazırki ödənişlərin arasında böyük fərq var.