Neft Şirkətinin 400 milyon dollar borcu ləğv edilib
Nazirlər Kabineti sentyabrın 13-də 626 nömrəli sərəncam imzalayıb.
“Turan” agentliyi xəbər verir ki, sənədə əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) dövlət büdcəsinə 675,4 milyon manat (təxminən 400 milyon ABŞ dolları) məbləğində borcları ləğv edilib.
Bu məsələ ilə bağlı təklif SOCAR rəhbərliyindən gəlib.
Agentlik yazır ki, borc şirkətin 2014-cü ildə Mərkəzi Bankdan (472 milyon 870,7 min manat), 2015-2016-cı illərdə isə Beynəlxalq Bankdan alınan (1 milyard 291,5 milyon manat və 198 milyon manat) kreditləri nəticəsində yaranıb.
“2017-ci ilin yanvarında Nazirlər Kabinetinin “1s” saylı sərəncamına əsasən, hökumət SOCAR-ın Mərkəzi Bank və ABB-yə 645,4 milyon manat məbləğində əsas borclarını dövlət büdcəsindən ödəyib. Bu borcu tələb etmək hüququ Maliyyə Nazirliyinin şəxsində dövlətə verilib. Sənədin mətnindən belə görünür ki, Maliyyə Nazirliyi neft şirkətinin nizamnamə kapitalını tədricən artırmağı öhdəsinə götürüb (üztəgəl 30 milyon manat kreditlər üzrə yığılmış faiz). Buna görə hər halda SOCAR bu çoxgedişli kredit əməliyyatlarında qazancla çıxıb”.
Agentlik qeyd edib ki, 2012-ci ildən etibarən Nazirlər Kabinetinin sərəncamları ictimaiyyətə açıqlanmır.
“Sənəd ekspert iqtisadçı Qulu İbrahimlinin sayəsində ictimaiyyətə çatıb. Onun fikrincə, bu əməliyyat ictimai vəsaitlərin israf edilməsinə parlaq bir nümunədir”.