2 oktyabr 1992-ci ildə Xocavənd erməni silahlı birləşmələri tərəfindən işğal edilib.
Bu gün həmin tarixdən 26 il ötür. Xocavənd rayonu 1991-ci ildə Martuni və Hadrut rayonlarının bazasında yaradılıb. Ərazisi 1458 kvadrat kilometr olan rayonda 1 şəhər, 2 qəsəbə, 81 kənd olub. Xocavəndin azərbaycanlılar yaşayan Tuğ və Salakətin kəndləri 1991-ci il oktyabrın 30-da, Xocavənd kəndi noyabrın 19-da, Naxullu kəndi isə 1992-ci il yanvarın 9-da işğal edilib. 1992-ci il fevralın 17-də isə ermənilər rayonun Qaradağlı kəndinin dinc sakinlərinə qarşı əsl soyqırım aktı həyata keçiriblər. Hər tərəfdən əlaqəsi kəsilən Qaradağlıya hücum edən ermənilər kəndi yandıraraq, dinc sakinlərə amansızlıqla divan tutublar. 800 nəfərdən çox sakini olan kənddə işğal zamanı 118 nəfər əsir götürülüb, 33 nəfər güllələnib. Erməni silahlıları öldürülənləri və yaralıları bir yerdə təsərrüfat quyusuna tökərək üstünü torpaqlayıblar. Ümumilikdə, əsir götürülənlərdən 68 nəfər öldürülüb, 50 nəfər böyük çətinliklərlə əsirlikdən azad edilib. Qaradağlı kəndində 91 nəfər, kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. Kənddə 200 ev, bir mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər dağıdılıb. 1992-ci il oktyabrın 2-də rayonun Əmirallar, Muğanlı və Kuropatkin kəndləri, 1993-cü il iyulun 23-də Günəşli, avqustun 20-də Xətai kəndləri Erməni silahlı qüvvələri tərəfindən işğal edilib və yandırılıb. Düşmənə qarşı mərdliklə vuruşan xocavəndlilərin 145 nəfəri şəhid olub. Xocavənd rayonundan didərgin düşən vətəndaşlar hazırda yeni salınmış Qaradağlı qəsəbəsində və Beyləqan rayonunda məskunlaşıblar.