Hüquqşünas Yalçın İmanov Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinə qarşı iddia ilə 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edib. O, Rəyasət Heyətinin onun vəkillik fəaliyyətinə xitam verilməsi haqqında qərarının ləğv olunmasını xahiş edir.
Bir müddət əvvəl Kollegiya İmanovun səlahiyyətlərinə xitam verilməsi haqqında qərarın təsdiq edilməsi üçün Gəncə İnzibati İqtisad məhkəməsinə müraciət edib.
Buna cavab olaraq, İmanov cavab iddiası verib, amma iddia düzgün tərtib edilməməsi bəhanəsi ilə qəbul edilməyib.
"Məhkəmənin iradlarını nəzərə alaraq, 1 saylı Bakı İnzibati İqtisad məhkəməsinə yeni şikayət verdim. Hesab edirəm ki, səlahiyyətlərimə xitam verilməsi üçün əsas olmayıb", deyə vəkil bildirib. Onun şikayəti qəbul edilib və ilk iclas oktyabrın 19-na təyin edilib.
Xatırladaq ki, İmanovun səlahiyyətlərinə Penitensiar Xidmət rəhbərliyinin müraciəti əsasında xitam verilib. Buna İmanovun müvəkkili, "Müsəlman Birliyi" hərəkatının fəalı Abbas Hüseynovun Qobustan həbsxanasında işgəncələr haqqında şikayətlərini KİV-də yayması səbəb olub. Kollegiya bununla "vəkillik fəaliyyətinin" pozulduğu qənaətinə gəlib.
Qeyd edək ki, İmanov bir çox siyasi məhbusların müdafiəsində iştirakı və fəal vətəndaş mövqeyi ilə məşhurdur. O, məhz müxalifətçilərə, hakimiyyətin təqib etdiyi jurnalistlərə və vətəndaş cəmiyyəti fəallarına hüquqi yardım göstərdiyinə görə işindən kənarlaşdırılan vəkillərdən biridir.