Əli Kərimli azadlıqda: 'Tarixi günlərdə yenə Şəhidlər Xiyabanını ziyarət edəcəyik'

Əli Kərimli azadlıqda: 'Tarixi günlərdə yenə Şəhidlər Xiyabanını ziyarət edəcəyik'
19 Noyabr 2018
Mətni dəyiş

Səbail Rayon Məhkəməsində noyabrın 17-də saxlanılan müxalifətçilərlə bağlı proses tam başa çatıb.

Azadlıq Radiosunun məlumatına görə, saxlananlardan 7 nəfər cərimə edilərək sərbəst buraxılıb. 3 nəfərə isə həbs cəzaları verilib. AXCP üzvləri Ağababa CəfərliRuslan Əmirov və Cavid İbrahimov 20 sutka həbs cəzaları alıblar.

Buraxılanlar arasında AXCP sədri Əli Kərimli də var. Əli Kərimli və digər cəbhəçilər haqqında inzibati xətaya dair protokolu tərtib etmiş polis əməkdaşı Allahverdi Cəfərov bildirib ki, həmin gün tədbir keçiriləcəyi Şəhidlər Xiyabanına girişin məhdudlaşdırılması barədə iki gün öncədən Bakı Şəhər Baş Polis İdarəsi Eldəniz Quliyevə xəbərdarlıq edilmişdi.

Vəkil Fuad Ağayevin "Nə tədbir vardı? Niyə məhdudlaşdırılırdı?" sualına A.Cəfərov belə cavab verib: "Turistlər gəlib-gedir axı...".

F.Ağayev məhkəmədə Şəhidlər Xiyabanı ətrafında olan video-müşahidə kameralarının görüntülərinin məhkəmədə araşdırılması barədə vəsatət qaldırıb:

"İnzibati Xətalar Məcəlləsinin 65.4.6 maddəsində göstərilib ki, inzibati xəta yeri video-müşahidə altındadırsa, şəxsin o görüntüləri əldə etmək hüququ var. Bu, birbaşa hüquqdur. Əgər Əli Kərimli inzibati xətaya yol veribsə, bu, aydın görünəcək. Yaxud da bilinəcək ki, polis qanunsuzluq edib".

Vəsatət təmin olunmayıb.

Əli Kərimli azadlıqda

https://www.facebook.com/MeydanTelevision/videos/712637232448748/

AXCP sədri Əli Kərimli həbsdən buraxılıb. O, tərəfdarların müraciət edərək, bildirib:

“Növbəti tarixi günlərdə birlikdə yenə də Şəhidlər Xiyabanını ziyarət edəcəyik. 30 il əvvəl də sizin kimi cəsur insanlar Azərbaycvana müstəqillik gətirdi”.

Səbail Rayon Məhkəməsində hakim Nurəddin Bağırovun qərarıyla o, İnzibati Xətalar Məcəlləsinin 513.1 maddəsiylə təqsirli bilinərək 2500 manat cərimələnib.

Məhkəmədə çıxış edən Ə.Kərimli bildirib ki, saxlandıqdan sonra prosessual hüquqları pozulub, iki gün ərzində ailəsiylə əlaqə saxlamasına imkan verilməyib, evdən göndərilən paltar və yemək qəbul edilməyib: "Mən kostyumda yatmağa məcbur qalmışam".

***

Səbail Rayon Məhkəməsi daha bir nəfəri - Ramiz Cəfərovu 500 manat cərimə edərək sərbəst buraxıb. Beləliklə, məhkəmədə cərimə edilib buraxılanların sayı 5 nəfərə çatıb.

***

Sərbəst buraxılanlardan biri – "Kanal-13" internet televiziyasinin əməkdaşı Nurlan Libre də olub. O deyib ki, onu həmin gün çəkiliş apararkən polis saxlayıb. N.Librenin sözlərinə görə, üstəlik, polis zorakılığı ilə də üzləşib.

Onun bu açıqlamasına, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

***

Verilən xəbərə görə, saxlananlardan daha 3 nəfər buraxılıb. Onlar da 400 manatdan 500 manata kimi cərimə ediliblər.

Saxlananlardan Fatimə Mövlamlı buraxılıb

Noyabrın 17-də saxlananlardan biri-gənc fəal Fatimə Mövlamlı sərbəst buraxılıb.

Bu gün, noyabrın 19-da Səbail Rayon Məhkəməsində o, 500 manat cərimə edilib.

Noyabrın 17-də Milli Dirçəliş günü ilə bağlı Milli Şura rəhbərliyi və fəallar Şəhidlər Xiyabanına gediblər. Əllərində qərənfillər olan bu insanlar Milli Dirçəliş günü münasibəti ilə Şəhidlər Xiyabanını ziyarət edəcəklərini açıqlamışdılar. Amma polis buna imkan verməyib.

Başda Milli Şura sədri Cəmil Həsənli, bu quruma daxil AXCP sədri Əli Kərimli olmaqla onlarla şəxsi Səbail Rayon Polis İdarəsinə gətiriblər. Gecə saatlarında C.Həsənli və bəzi fəallar sərbəst buraxılıblar. Amma Ə.Kərimli və daha 10 nəfər buraxılmamışdı.

Saxlananlar İnzibati Xətalar Məcəlləsinin 513.1 və 513.2-ci maddələri ilə günahlandırılırlar. Orada söhbət yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri, piketlər ilə bağlı "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanun ilə müəyyən edilmiş qaydaların pozulmasından gedir. Həmin maddələr 3 min manata qədər cərimə, 240 saata qədər ictimai işlər və 2 aya qədər həbs cəzası nəzərdə tutur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun