“Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və daha başqa 7 şəxs hələ də buraxılmayıb”
Bunu AzadliqRadiosuna Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Oqtay Gülalıyev deyib. Onun sözlərinə görə, Əli Kərimli və qalan şəxslərin hazırda harada saxlandıqlarını müəyyən edə bilməyiblər.
Oqtay Gülaliyev vurğulayıb ki, vəkillərin də cəhdləri, hələlik, nəticə verməyib.
Noyabrın 17-də Milli Dirçəliş günü ilə bağlı Milli Şura rəhbərliyi və fəallar kütləvi şəkildə "Şəhidlər Xiyabanı"na gediblər. Əllərində qərənfillər olan bu insanlar Milli Dirçəliş günü münasibəti ilə Şəhidlər Xiyabanını ziyarət edəcəklərini açıqlamışdılar. Amma polis buna imkan verməyib. Başda Milli Şura sədri Cəmil Həsənli, bu quruma daxil AXCP sədri Əli Kərimli olmaqla onlarla şəxsi Səbail rayon Polis İdarəsi-nə gətiriblər. Ümumilikdən 30-a qədər şəxsin saxlandığı açıqlanmışdı. Gecə saatlarında Cəmil Həsənli və bəzi fəllar sərbəst buraxılıblar.
Baş verənlərə hələlik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Xatırlama
1988-ci il noyabrın 17-də Bakının Lenin, indiki Azadlıq meydanında Qarabağda baş verən hadisələrə etiraz olaraq mitinqlər başlayıb. O dövrün şahidlərinin bildirməsinə görə, Sovet İttifaqı və yerli partiya rəhbərliyinin məsələnin həllinə biganə yanaşması vətəndaşları daha da hiddətləndirdiyindən, az vaxt ərzində yüz minlərlə insan hərəkata qoşulub.
Fasiləsiz keçirilən mitinqlər dekabın 5-də sovet ordusunun zorakılığı ilə dağıdılıb.
1992-ci ildə 17 noyabr bayramlar sırasına salınıb və qeyri-iş günü elan edilib. Milli Dirçəliş günü Azərbaycanda dövlət səviyyəsində qeyd olunsa da, 2006-cı ilin dekabrında qanunvericiliyə edilmiş dəyişikliklərə görə, artıq qeyri-iş günü deyil.
Bu il həmin hərəkatın 30 ili tamam olub.