"Əsgərlər unudulanda ölürlər" sənədli filminin son tamamlama işləri artıq yekunlaşıb.
Noyabrın 20-də saat 17.00-da "Nizami" kinoteatrında əsər tamaşaçılara təqdim ediləcək.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş bu filmdə 1920-ci ilin aprelində müstəqilliyimizin müdafiəsi uğrunda döyüşdə Yalama qarnizonunun göstərdiyi şücaətdən bəhs edilir.
Qarnizonun 350 əsgəri 70 minlik işğalçı ordunun zərbəsi qarşısında iki saat duruş gətirib və son nəfəsinə qədər mövqeyindən çəkilməyib.
"Aranfilm" Yaradıcılıq Mərkəzinin təqdim edəcəyi film tariximizin ən şərəfli və qaranlıq səhifələrindən birinə işıq salır.
Filmin çəkilişləri Yalama, Bakı, Tbiflisi, Ankara və Moskvada aparılıb. Filmin ssenari müəllifi Arif Əliyev, quruluşçu rejissoru Rövşən Almuradlı, quruluşçu operatoru Rafiq Əliyevdir.
Vaqif Gərayzadə film üçün orijinal musiqi bəstələyib, mahnıların mətnləri şəhid əsgərlərin son məktublarında yazdıqları şeirlər əsasında tərtib olunub.