Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru Abel Məhərrəmov işdən çıxarılması və mətbuatda barəsində yazılanlara münasibət bildirib.
"Report"un xəbərinə görə, A.Məhərrəmov jurnalistlərə açıqlamasında deyib ki, prezident İlham Əliyevin sərəncamı müzakirə olunmur:
"Prezident sərəncamla kimisə vəzifəyə təyin edir, vəzifədən azad edir və s. Bu, təbii qəbul olunmalıdır. Mən 1969-cu ildən Heydər Əliyevçi olmuşam. Bu gün də dövlətçiliyə xidmət edirəm. Mən İlham Əliyev siyasətinə xidmət edən adamam. Həyatda hər şey ola bilir".
Keçmiş rektorun sözlərinə görə, əfsuslar olsun ki, bəzi mətbuat orqanları onun Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad olunmasını şouya çevirmək istəyirlər.
"Bu da düzgün deyil. Ziyalılığı, milli mentalitetimizi qorumaq lazımdır. Elm zirvəsinə qalxan adamlara dəyər vermək lazımdır. Mediaya üzümü tutaraq deyirəm: Bu şoulardan əl çəkin! Bunun heç kəsə xeyri yoxdur. Bu, milləti geri çəkmək deməkdir".
A.Məhərrəmov bildirib ki, Allah prezidentin canını sağ eləsin. O, hər şeyə düzgün qərar verir, ona görə də sərəncamı doğru qəbul edir.
"20 ilə yaxın idi ki, Bakı Dövlət Universitetinin rektoru vəzifəsində çalışmışam. Bu müddətdə şərəflə, ləyaqətlə işləmişəm. Amma indi məsləhət oldu ki, bir qədər də istirahət edim".