Bu il sentyabrın 19-da prezident İlham Əliyev Quba rayonunun İdrisqışlaq–Qasımqışlaq–Xaspolad–Zərqava–Aspərəsti–Çayqışlaq avtomobil yolunun tikintisi ilə bağlı sərəncam imzalayıb. O sərəncamla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 10,8 milyon (on milyon səkkiz yüz min) manatı ayrılıb. Ancaq iş bununla bitməyib, İlham Əliyev Maliyyə Nazirliyinə bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməyi, Novruz Məmmədovun rəhbəri olduğu Nazirlər Kabinetinəsə bu Sərəncamdan irəli gələn məsələləri həll etməyi tapşırıb.
Azərbaycanın dövlət idarələrinin necə “operativ” işlədiyini çoxumuz bilirik. Köçürmələrdə gecikmələrlə bağlı dəfələrlə şikayətlər eşitmişik. Müxtəlif qurumlar Maliyyə Nazirliyini bu işdə həmişə suçlu bilib. Düzdür, şikayətlər adətən qulaqardına vurulur. Bu şikayətlərə görə kimsə cəzalandırılmır. Dövlət qurumları hansı templə işləyirlərsə, eləcə də davam edirlər. Məsələn, şəhidlərə qanpulu kimi veriləcək 11 min manatla bağlı sərəncam da bu il 19-u tarixində imzalanıb; ancaq apreldə. O sərəncamdan 7 aya yaxın vaxt keçir, şəhid ailələri hələ də dövlət qurumlarının qapılarındadır...
Bizdə köçürmələrlə bağlı ən yaxşı halda 5-10 iş günü tələb olunur. Əslində, 5-10 gün elə də çox vaxt deyil. Yəni sərəncamların icrası üçün Maliyyə Nazirliyi ən azı dəqiqləşmələr aparmalı, yəqin ki, layihəylə də tanış olmalıdır. Vəsaiti hansı işə ayırdığını bilməli, görüləcək işlə ayrılan vəsaitin uyğun gəlib-gəlmədiyini sənədlərdən öyrənməlidir. Güman ki, prezident sərəncamı olsa da, tapşırığı incələyirlər. Sabah bu ayırmalarla bağlı hesabat soranda cavab vermək gərəkdir. Yəni məntiqlə konkret bu sərəncamla bağlı tapşırıq alan Maliyyə Nazirliyi və Nazirlər Kabineti üzərlərinə düşən işi sentyabrın sonlarına qədər ancaq icra edə bilərdi.
Niyə bunu yazıram? Həmin sərəncamla (19 sentyabr) pul ayrılan yolun açılışı oktyabrın 11-də olub; sərəncam veriləndən 22 gün sonra. Lap sərəncam verilən günün səhəri Maliyyə Nazirliyi pulu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin hesabına köçürsə, ya da əlbəəl aparıb versə belə, 11 yaşayış məntəqəsini birləşdirən 33 kilometrlik yolu bu qədər qısa müddətə çəkmək mümkünsüz. Ancaq yolun açılışını bildirən qırmızı lent kəsiləndə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov sərəncamı imzalayana məlumat verir:
“...İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq avtomobil yolu Prezident İlham Əliyevin bu ilin sentyabrında imzaladığı sərəncama əsasən tikilib”.
[caption id="attachment_70248" align="aligncenter" width="1500"] İdrisqışlaq–Qasımqışlaq–Xaspolad–Zərqava–Aspərəsti–Çayqışlaq avtomobil yolunun açılışı - Fotoqraf: VUGAR AMRULLAYEV[/caption]Səhv etmirik, deyir sentyabrın 19-da verilən sərəncamla ayrılan pulun hesabına çəkilib yol, o boyda agentliyin rəhbəri yalan danışmaz. Etiraf edək, yol çəkilişi kimi ağır bir işi, həm də 33 kilometri, belə qısa zamanda başa gətirmək Ginnesin “Rekordlar” kitabına düşəsi faktdır. Həm də ona görə düşəsidir ki, təkcə asfalt basılmayıb, başqa zəruri işlər də görülüb. İnanmayanlar Saleh müəllimin həmin açılışda verdiyi bu məlumata da baxa bilər:
“Bütün texniki standartlara uyğun salınan yol üzərində zəruri yerlərdə siqnal dirəkləri, yol nişanları və göstərici lövhələr quraşdırılıb. Ümumi uzunluğu 528 metr olan su ötürücü borular tikilib, yol cizgi xətləri çəkilib”.
Beləliklə, ildırım sürətli plan işə düşüb, prezidentin bölgəyə səfəri zamanı daha çox lent kəsmək gərəyi yaranıb. Bunu da başa düşdük. Sərəncamın nə vaxt verilməsindən xəbərsiz Azərbaycan tamaşaçısını da bu yolla aldatdız. Onlar bu açılışdan verilən reportajlara baxıb inandılar. Bəs o 11 kəndin əhalisi, bəs 33 kilometrlik yol? Onlar da inandılarmı 22 günlük möcüzəyə?
Bu yolla bağlı verilən reportajlarda xəbər bu cümləylə bitir: “Sonra dövlətimizin başçısı Quba rayonunun İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsdi”.
Rəmzi açılış olsa belə, yolda qoyulan nişan fərqlidir, sərəncamdakı kəndlərdən ikisinin adı var burda. Verilən reportajda, informasiyalardasa söhbət çəkilmiş yoldan gedir, xəbər başlıqlarında da yolun istifadəyə verildiyi bildirilir. İstifadəyə verilən yolun açılışı niyə rəmzi olmalıdır?
Ya Saleh Məmmədov prezidenti aldadır, ya da ikisi bir yerdə hamımızı...
[caption id="attachment_70246" align="aligncenter" width="1960"] İdrisqışlaq–Qasımqışlaq–Xaspolad–Zərqava–Aspərəsti–Çayqışlaq avtomobil yolunun açılışı - Fotoqraf: VUGAR AMRULLAYEV[/caption]P.S. Son 3 ayda (avqust, sentyabr, oktyabr) Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitdən və Prezidentin Ehtiyat Fondundan 286 milyon 340 min manat pul ayrılıb.
Ümumilikdə isə bu ilin 10 ayında Saleh Məmmədovun Agentliyinə 670 milyon 540 min manat vəsait ayrılıb. Ancaq internet resurslarında bu Agentliyin cəmi bir neçə tender elanı var.
Rövşən Hacıbəyli/Meydan TV