ABŞ-da aralıq seçkilərin ilkin qeyri-rəsmi nəticələrinə görə, demokratlar Nümayəndələr Palatasına nəzarəti ələ alacaq, respublikaçılar isə Senatdakı mövqelərini saxlayacaq.
Xəbər mediası demokratların konqresin aşağı palatasına nəzarət etmək üçün gərəkən 23-dən artıq yeri qazandığını bildirir.
Respublikaçılar isə senatda azı iki demokratı məğlub edərək üstünlüklərini möhkəmlədiblər. Bu səsvermə Prezident Donald Trump-ın iki illik prezidentliyi üzrə bir referendum sayılırdı.
Trump Twitter-də seçkinin nəticəsini alqışlayıb, onu “böyük uğur” adlandırıb.
***
Birləşmiş Ştatların 50 ştatından 49-da səsvermə məntəqələri bağlanıb. Amerikalılar son illərin ən həlledici sayılan aralıq seçkilərindən birində öz sözlərini deyiblər.
Bu seçki növbəti iki il ərzində Konqresə hansı partiyanın nəzarət edəcəyini müəyyənləşdirəcək.
AzadlıqRadiosu-nun əməkdaşı Mike Eckel yazır ki, ilkin nəticələr demokratların Nümayəndələr Palatasına nəzarəti ələ almasından ötrü gərəkən 23 yerin hamısını olmasa da, çoxunu qazanacağını göstərir.
Senatda isə respublikaçılar demokratlardan azı iki yeri ələ keçirərək, qanunverici orqanın yuxarı palatasında mövqelərini möhkəmləndiriblər.
Ölkənin müxtəlif yerlərində problemlər yaranması barədə məlumatlar gəlib. Bəzi məntəqələrdə uzun növbələr yaranıb, kompyuterlərdə nasazlıq baş verib və sairə. Ancaq daxili təhlükəsizlik naziri Kirstjen Nielsen jurnalistlərə deyib ki, “ölkəmizin seçki infrastrukturuna hansısa təhdid” əlaməti görünməyib.
Partiyaların gündəmi
Hazırda respublikaçılar senatda 51, demokratlar 47 yerin sahibidir. İki yeri isə demokratlara meylli müstəqillər tutub.
Nümayəndələr Palatasında respublikaçıların 235, demokratların 193 yeri var. İstefalar və ölüm səbəblərindən Palatada bir neçə yer boşdur. Yəni, demokratlar palataya nəzarəti ələ almaq üçün 23 əlavə yer qazanmalıdır. ABŞ xəbər mediasından, ştatların seçki departamentlərindən gələn xəbərlərə və siyasi ekspertlərin proqnozlarına əsasən demək olar ki, demokratlar palatada azı 10 yeri, respublikaçılar isə senatdakı iki yeri tutacaqlar.
Seçkiöncəsi keçirilmiş bir çox rəy sorğuları demokratların Palataya nəzarəti almaq şansının böyük olduğunu göstərib. Senatın isə respublikaçıların nəzarətində qalacağı gözlənir.
Demokratlar Palataya nəzarəti alarlarsa, onların Rusiyanın 2016-cı il prezident seçkisinə müdaxiləyə dair təhqiqatı yenidən başladacağı gözlənir. Eyni zamanda, Prezident Trump-ın seçki kampaniyası üzvləri ilə Rusiya rəsmilərinin təmasları da araşdırılacaq.
Respublikaçıları Palataya nəzarəti saxlarlarsa, Trump vergilərin azaldılması, federal hökumətdə ixtisarlar və digər məsələlərlə bağlı qanunvericilik cəhdlərini davam etdirəcək. Adətən, ABŞ-da aralıq seçkilərə daha az seçici gedir, amma rəsmilər və ABŞ mediası bu dəfə seçici iştirakının daha yüksək olduğunu bildirir.