Cümə axşamı ABŞ Senatının Xarici İşlər Komitəsi Li Litsenbergerin Azərbaycanda səfir postuna təsdiqlənməsi üzrə səsverməni təxirə salıb.
Bu, senatorlardan biri administrasiyanın Azərbaycana dair indiki siyasətilə ilə bağlı narahatlığını ifadə etdikdən sonra baş verib.
Bu barədə Turan-a Konqresdəki mənbələr məlumat veriblər.
Senatorlar Vaşinqtondan çıxıb dekabrın ortalarında qayıdana qədər komitənin bu məsələ ilə bağlı daha bir iclas keçirib-keçirməyəcəyi hələlik məlum deyil.
ABŞ prezidenti öz hüququndan istifadə edərək səfiri təyin edə bilər. Lakin Senatın iradəsinə məhəl qoymamaq Konqres və Senatdakı qüvvələrin yerdəyişməsi baxımından təhlükəlidir.
Senatdakı mənbələr isə ümid edirlər ki, Senatda təsdiqlənməsini gözləyən digər namizədlərlə birlikdə Litsenbergerin təyinatı son anda - dekabrın sonunda baş tuta bilər.