"Azadxəbər" saytının əməkdaşı İlkin Məmmədlinin harada olması ilə bağlı rəsmi qurumlar açıqlama vermir.
Bu barədə məlumat verən hüquq müdəfiəçisi Samirə Ağayeva bildirib ki, o, noyabrın 8-də Bakıxanov qəsəbəsindəki "Asan Xidmət”də saxlanıb.
Onun sözlərinə görə, xarici pasport almaq istəyən sayt əməkdaşına orada bildiriblər ki, bu mümkün deyil:
"Ona deyiblər ki, ölkədən çıxışına qadağan qoyulub. Daha sonra onu mühafizə otağına aparıblar. Jurnalist Sabunçu rayonun 13-cü Polis Bölməsinin əməkdaşlarına təhvil verilib. Daha sonra polis bölməsindən bildirdilər ki, onu Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təhvil veriblər”.
İlkin Məmmədlinin ailəsindən isə "Turan” agentliyinə deyiblər ki, indiyə qədər ondan xəbər ala bilməyiblər:
"Dünən axşam (noyabrın 8-də) yanımızda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin növbətçi hissəsinə təhvil verdilər. Gecə orada qalacağını bildirdilər”.
Lakin ailə indiyədək bu idarədən heç bir məlumat ala bilmədiyini bildirir.
Yaxınları İlkin Məmmədlinin saxlanılması haqda Ombudsman Aparatına, DİN-in "102 xidməti”nə məlumat veriblər.
Bu deyilənlərə, hələlik, DİN və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən münasibət almaq mümkün olmayıb.
Yaxınları İlkin Məmmədlinin Nardaran hadisələri zamanı 22 sutka saxlanıldığını, həmin işi üzrə məhkəmədə şahid qismində dindirildiyini qeyd ediblər.
2015-ci ilin noyabrında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Bakının Nardaran qəsəbəsində əməliyyat keçirib. Həmin əməliyyatda ikisi polis olmaqla, altı nəfər həlak olub.
Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub.
Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və sair) ittihamlar verilib.
Həbs olunanların işi üç qrupa ayrılıb. Birinci qrupda «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfər mühakimə olunub. Onlara 10 ildən 20 ilə qədər həbs cəzası verilib. Sonrakı 2 qurupa da bu cəzalara yaxın cəzalar kəsilib.
Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər. Heç bir qətl törətmədiklərində israr ediblər.
Məhkəmədə ifadə verən DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları isə işgəncə iddialarını təkzib ediblər.