Müsavat Partiyası Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqlı haqqında ilkin istintaq dövrü üçün seçilmiş üç aylıq həbs-qətimkan tədbiri qüvvədə saxlanılıb. Həbs qərarından vəkillərin verdiyi şikayət təmin olunmayıb. Noyabrın 26-da Bakı Apellyasiya Məhkəməsində belə qərar çıxarılıb.
Bu barədə AzadlıqRadiosuna danışan vəkil Osman Kazımov Bakı Apellyasiya Məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu bildirib. Müdafiəçi deyir ki, iş materiallarında Ə.Sadıqlı haqqında həbs qərarı vermək üçün heç bir əsas yoxdur.
O.Kazımov deyir ki, bu cinayət işi Ə.Sadıqlıya qarşı təqibdir: ««Nikoil» bankla bağlı cinayət işi noyabrın 2-də başlanıb. Altı gün sonra bank istintaq idarəsinə müraciət edib ki, Əbülfəz Sadıqlı ilə bağlı epizod üzrə cinayət işi başlanması zərurəti var. Qısa müddətdə cinayət işi başlanır, onu həbs edirlər. Müstəntiq sualımıza cavabında dedi ki, başqalarıyla bağlı da belə epizodlar var, amma bank ancaq Əbülfəz Sadıqlı haqda müraciət edin şikayətçi olduğuna görə onun haqqında cinayət işi başlanıb».
Ə.Sadıqlı «Nikoil» banka avtomobil kreditinə görə borclu olduğu 5100 manatı ödəmədiyi halda, ödəniş barədə saxta arayış tərtib edib yol polisinə təqdim etməklə maşını, özününküləşdirməkdə suçlanır. Vəkil isə deyir ki, həmin arayış qanuni sənəd olub və bankdan verilib: «Əbülfəz Sadıqlı bildirir ki, pulu ödəyib, sənədi alıb. Əgər müştərinin ödədiyi pul banka keçirilməyibsə, buna görə bank əməkdaşları məsuliyyət daşıyır».
Digər vəkil Mirismayıl Hadıyev bildirib ki, həbs qərarıyla bağlı məsləhətləşmələrdən sonra növbəti addımları atacaqlar.
Ə.Sadıqlı noyabrın 23-də həbs olunub. Həmin gün Səbail Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib.
Ə.Sadıqlıya CM-in 178 (dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya ondan istifadə) maddələri ilə ittiham verilib.
CM-in 178.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq) maddəsində 4 min manatdan 7 minə qədər cərimə, 3 ilə qədər azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək həbs nəzərdə tutulub. 320-ci maddədə isə 3 min manatdan 6 min manatadək cərimə və ya 2 ilədək müddətə islah işləri, yaxud 2 ilədək müddətə azadlıqdan məhrumetmə var.
Müsavat Partiyası həbsin siyasi motiv daşıdığını və ittihamların uydurma olduğunu bəyan edib.