"Tezliklə yazıçı-jurnalist Rafiq Tağının işi ilə bağlı Avropa Məhkəməsinin qərarının elan edilməsi gözlənilir".
Bu sözləri bıçaqlanmasından bir neçə gün sonra, 2011-ci il noyabrın 23-də xəstəxanada vəfat etmiş Rafiq Tağının vəkillərindən Rəşid Hacılı Azadlıq Radiosuna açıqlamasında bildirib.
Mərhum yazıçı-jurnalistin hüquqlarını Avropa İnsan Haqları Məhkəməsində Rəşid Hacılı ilə yanaşı, Böyük Britaniyadan olan bir neçə vəkil də qoruyur.
Rəşid Hacılı deyir ki, bıçaqlanandan sonra xəstəxanada vəfat edən Rafiq Tağının ölümü ilə bağlı cinayət işi açılsa da, Azərbaycan hökuməti onun ölüm işini effektiv araşdırmayıb:
"Hökumət, istintaqı aparan qurumlar səmərəli istintaq aparmaq vəzifəsinin öhdəsindən gələ bilməyiblər. 2014-cü ildə bu iş üzrə icraat dayandırılıb. Prokurorluq cinayət işi üzrə belə qərar qəbul edib. Prokurorluq həmin qərarını belə əsaslandırıb ki, təqsirləndirilən qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən, qanunvericiliyin tələblərinə uyğun olaraq, iş üzrə icraat dayandırılıb. "
Vəkil deyir ki, Rafiq Tağının işi üzrə şikayətin Avropa İnsan Haqları Məhkəməsində araşdırılması artıq bitib.
Rafiq Tağının 2006-cı ildə həbs edilməsi işi üzrə də qərar verilməlidir.
"Bu işlə bağlı kommunikasıya 1 ildir, ötən ilin noyabrında bitib. İş Avropa Məhkəməsində qərar verilmə mərhələsindədir, qərarı gözləyirik", deyən vəkil əlavə edib ki, Avropa İnsan HaqlarıMəhkəməsi həm də Rafiq Tağı ilə bağlı başqa bir şikayət üzrə də qərarını elan etməlidir:
"Rafiq Tağı 2006-ci il noyabrın 15-də "Sənət" qəzetinin baş redaktoru Samir Hüseynovla (Sədaqətoğlu) birlikdə "Avropa və biz" məqaləsinə görə həbs edilmişdi. Həmin vaxt onlar dini nifrət və dini ayrıseçkilik salmaqda ittiham olunmuş, Rafiq Tağı 3 il, Samir Hüseynov da 4 il azadlıqdan məhrum edilmişdi. Bu, söz adamına, yazıçıya qarşı qəddar bir qərar idi. Azərbaycan məhkəmələrinin həmin aşırı sərt qərarından verilmiş şikayət üzrə kommunikasiya da başa çatıb. Həmin iş üzrə də qərarı gözləyirik".
Vəkliin bu açıqlamasına, hələlik, prokurorluq və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Ancaq Azərbaycan rəsmiləri dəfələrlə bildiriblər ki, bu qətilin üstünün açılmasında və cinayətkarların tapılmasında maraqlıdırlar.
Rafiq Tağını 7 il əvvəl, 2011-ci il noyabrın 19-da işdən evinə gedəndə küçədə naməlum şəxslər bıçaqlamışdı. O, 4 gün sonra xəstəxanada vəfat edib.
Rafiq Tağının ölümü ilə bağlı cinayət işi açılıb, amma 2014-cü ildə prokurorluq cinayət işi üzrə icraatın dayandırılması haqda qərar verib. Prokurorluğun bu qərarını mərhum yazıçının ailə üzvləri və həmkarları narazılıqla qarşılamışdılar.