Noyabrın 26-da Səbail rayon məhkəməsində bastainfo.com saytının bloklanmasından verilmiş şikayət üzrə hazırlıq iclası keçirilib.
Saytın baş redaktoru Mustafa Hacıbəyli Turan-a bildirib ki, redaksiya sayta girişin bloklanmasının qaldırılması məsələsini qaldırıb. Bundan başqa, şikayətdə Hacıbəylinin özünə qarşı CM-in 313-cü (vəzifə saxtakarlığı, informasiya resursunda qəsdən yalan məlumat yayma) maddəsi ilə açılmış cinayət işinə xitam verilməsi xahişi yer alır.
İddia icraata qəbul edilib və mahiyyəti üzrə dinləmələr noyabrın 30-na təyin edilib.
Bir müddət əvvəl, Hacıbəylinin sözlərinə görə, 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə də bənzər iddia verilib, amma şikayət qəbul edilməyib, Apellyasiya Məhkəməsi isə qərarı qüvvədə saxlayıb. Buna görə redaksiya ümumi yurisdiksiyalı məhkəməyə müraciət edib.
Xatırladaq ki, iyulun 9-da Hacıbəyliyə cinayət işi üzrə şahid qismində cəlb edildiyi bildirilib. Elə həmin gün Baş Prokurorluq Gəncənin icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsdlə bağlı internet-resurslarda "yalan məlumat" və "qanunsuz çağırışlar" yayılması faktı üzrə cinayət işi açıb.
Bununla əlaqədar prokurorluq bastainfo.com, criminalaz.com, topxeber.az və fia.az saytlarının bloklanması üçün Rabitə Nazirliyinə müraciət edib.