AXCP sədrinin müavini Gözəl Bayramlı Ali Məhkəmənin onunla bağlı noyabrın 14-də çıxardığı qərara münasibət bildirib. Münasibətini yaxınları vsitəsilə ictimailəşdirən G.Bayramlı məhkəmənin qərarını “hakimiyyətin növbəti rüsvayçılığı” adlandırıb:
“Onsuz da hakimiyyətin əsirinə çevrilmiş məhkəmələrdən artığını gözləmirdim, amma bununla daha bir rüsvayçılığa imza atdılar. Mənim sifarişli həbsimin birbaşa hakimiyyətin başından gəldiyi kimsəyə sirr deyil. Hər kəs də bilir ki, bu maddə ilə hazırda ölkə həbsxanasında girov saxlanan yeganə şəxs mənəm. Ölkənin Ali Məhkəməsinə bir qondarma işin həbs müddətindən 2 ay azaldılması sifarişi vermək rəzalətdən başqa bir şey deyil. Biz bu ölkədə qanunun hər kəsdən və hər şeydən üstün olması uğrunda mübarizə aparırıq. Bu yolda hər şeyi gözə almışıq və bilirik ki, bir gün mütləq haqlı tərəf qalib gələcək. Haqlı tərəf bizik. Bu ölkəni öz mülkü kimi idarə edənlər, Azərbaycan insanının haqqını yeyib, ona olmazın zülm edənlər bir gün mütləq ədalət məhkəməsi qarşısında dayanacaq. Əziz dostlar, yola davam! Qarşıdan gələn 17 noyabr bayramınızı təbrik edir, hamınıza Azərbaycanın azad gələcəyi naminə mübarizədə cansağlığı və qətiyyət arzulayıram!”