Bu gün 15 radələrində Milli Şuranın sədri Cəmil Həsənli, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və onlarla müxalif fəal Şəhidlər Xiyabanına gedərkən polis tərəfindən saxlanılıb.
Yenilənir...
Milli Şuranın sədri, professor Cəmil Həsənli bu dəqiqələrdə sərbəst buraxılıb və səhhəti normaldır. Bu barədə Milli Şura sədri özü məlumat verib.
C.Həsənli AXCP sədri Əli Kərimlinin hələ də Səbail Rayon Polis İdarəsində saxlanıldığını bildirib.
AXCP sədri Əli Kərimli və 10-dan artıq cəbhəçi hələ də polis idarəsindədirlər.
Partiya üzvü Ruslan Qurbanlının 1000 manat cərimə edildikdən sonra buraxıldığı bildirilir.Cəmil Həsənli Səbail Rayon Polis İdarəsindən sərbəst buraxılandan sonra açıqlama verib. Videoda baxa bilərsiniz.
***17:00 - Səbail Rayon Polis İdarəsinin qarşısında toplaşan bir qrup müxalifətçi zorla avtobusa mindirilərək ərazidən uzaqlaşdırıldı.
Fəallar bildirirdi ki, onlar müxalifət liderlərinin və digər müxalifətçilərin niyə polisə gətirildiyini öyrənmək üçün idarənin qarşısına toplaşıblar.
***
Abzas.net xəbər verir ki, müxalifətçilər 17 Noyabr Milli Dirçəliş Günü ilə əlaqədar Şəhidlər Xiyabanına getmək istəyiblər. Amma Xiyabanın girişində polis maneəsi ilə qarşılaşıblar.
Onların sözlərinə görə, polis cəbhəçiləri Xiyabana buraxmayıb. Bu zaman partiya rəhbərliyi ilə polis arasında mübahisə yaranıb.
Mübahisədən sonra Cəmil Həsənli, Əli Kərimli və onlarla müxalifətçi polis tərəfindən saxlanılaraq Səbail Rayon Polis idarəsinə aparılıb.
Hələlik, Daxili İşlər Nazirliyi və rəsmi qurumlardan müxalifətçilərin saxlanması ilə bağlı deyilənlərə münasibət almaq mümkün olmayıb.