Amma növbəti çağırış parlament formalaşana qədər hazırkı deputat tərkibi öz səlahiyyətlərini yerinə yetirməyə davam edəcək.
Ermənistan Milli Məclisinin deputatları gözlənildiyi kimi artıq ikinci dəfə Nikol Paşinyanın baş nazir vəzifəsinə namizədliyini dəstəkləmədi. Bu, parlamentdə təmsil olunan siyasi qüvvələr arasında əldə olunmuş razılaşmanın nəticəsidir. Məqsəd isə parlamentin buraxılmasıdır. Elə eyni məqsədlə istefa verən baş nazir Nikol Paşinyan bir neçə həftə əvvəl bununla bağlı bütün parlament partiyalarının rəhbərləri ilə razılıq əldə edə bilib.
JAMnews portalında dərc olunan məqalədə deyilir ki, keçmiş hakim Respublika Partiyası və tərəfdarları parlamentin buraxılmasının hələ tez olduğunu hesab edirdilər. Amma bugünkü səsvermənin nəticələrinə əsasən, növbədənkənar parlament seçkiləri artıq reallıqdır. Və bu gün Paşinyanın xəbər verdiyi kimi seçki bu il dekabrın 9-da keçiriləcək.
Növbədənkənar parlament seçkiləri nəyə lazımdır?
“Məxməri inqilabdan” sonra Nikol Paşinyanın rəhbərliyi altında hakimiyyətə gələn siyasi qüvvə parlamentdə çoxluğa sahib deyil.
İnqilab lideri Paşinyan baş nazir seçilib. Parlament respublikasına çevrilmiş Ermənistanda dövlət başçısı məhz baş nazirdir. Amma çoxluğun keçmiş iqtidar partiyasını təmsil edən deputatlardan və onların tərəfdarlarından ibarət olan hazırkı parlament hökumətin qərar və təşəbbüslərinin qarşısını almağa qadirdir. Və bu artıq dəfələrlə baş verib.
Ölkə sakinlərinin əhəmiyyətli hissəsinin dəstəyini qazanan “inqilab” hakimiyyəti hesab edir ki, təcili növbədənkənar seçki keçirib, Milli Məclisdə çoxluğa nail olmaq vacibdir.
Səsvermə necə keçib?
Hökumətin iclası təxminən 4 saat davam edib. Baş nazir səlahiyyətlərini yerinə yetirən Nikol Paşinyan dövlət başçısının seçilməsi proseduruna müvafiq olaraq proqram nitqi ilə çıxış edib və deputatların suallarını cavablayıb. Onun cavabları o qədər dolğun və mahiyyətli olub ki, parlament spikeri deputatlara razılaşmanı xatırlatmalı olub: bu gün onlar Paşinyanı baş nazir seçməli deyillər.
Nəticədə Paşinyanın namizədliyini heç bir deputat dəstəkləməyib.
Paşinyan bu gün nə danışıb?
Paşinyan səsvermənin dormallığına fikir vermədən öz nitqinin böyük hissəsini Ermənistandakı iqtisadi vəziyyətə həsr edib. Məsələn, baş nazir səlahiyyətlərini yerinə yetirən Paşinyan bildirib ki, Ermənistan iqtisadiyyatında sağalmağa doğru tendensiya müşahidə olunur. O həmçinin bildirib ki, ölkə iqtisadi transformasiya fazasına daxil olur:
“İki ay əvvəl mən iqtisadi inkişafı necə gördüyümüzü dərc etdim, belə ki, biz Ermənistanı dağ-mədən sənayeli aqrar ölkədən texnologiya sənayeli və ixraca hesablanmış iqtisadiyyatı olan ölkəyə çevirməliyik. Və bu gün mən rəsmən bəyan edirəm ki, proses başlayıb”.
Nikol Paşinyanın sözlərinə görə, onun hökuməti bəzi müəssisələri gömrük rüsumundən azad edib və ƏDV ödəmələri üçün möhlət verib. Bu yeni iş yerləri açmağa və sərmayə cəlb etməyə şərait yaradıb:
“Tədqiqatlar göstərir ki, məhz bu mexanizmdən istifadə etməklə son doqquz ay ərzində ümumi sərmayə həcmi dağ-mədən sənayesini istisna etməklə 70 faiz yüksəlib, gözlənilən iş yerləri isə 30 faiz çoxalıb. Müasir və rəqabətə davamlı istehsalat üçün avadanlıq idxalı faktiki olaraq 70 faiz yüksəlib. Müvafiq olaraq bu avadanlıqlara xidmət göstərəcək iş yerlərinin sayı da 30 faiz çoxalıb”.
Nikol Paşinyan xarici siyasət məsələlərinə də toxunub. O qeyd edib ki, Ermənistan ön şərtlər olmadan Türkiyə ilə münasibətləri nizamlamağa hazırdır. Paşinyan ehtimal edir ki, Türkiyə Qarabağ münaqişəsi ilə bağlı Ermənistana təzyiq göstərə bilməyəcək:
“Ermənistanı Qarabağ münaqişəsinin bu və ya digər həllinə məcbur edə biləcəyini hesab edənlər yanılırlar. Biz danışıqlara hazırıq, amma təzyiq və məcburiyyət altında, təhdid və işğal qorxusu ilə hər hansı addım atacağımızı istisna edirəm. Əksinə, biz möhkəmlənəcək, birləşəcək və milli məqsədlərimizə çatacağıq”.
Paşinyan ABŞ prezidenti Donald Trampın təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Ermənistana səfərini və rəsmi Moskvanın buna reaksiyasını da şərh edib:
“Boltonun səfəri ilə əlaqədar olaraq mühüm bir şey baş verib: Rusiya nümayəndələri ABŞ-a xatırladıblar ki, Ermənistan suveren dövlətdir və ABŞ təmsilçiləri də Rusiyaya Ermənistanın müstəqil dövlət olduğunu xatırladıblar. Hərçənd düşünmürəm ki, onlardan hansısa bunu unudub, çünki biz bütün fəaliyyətimizi məhz bu mövqedə qurmuşuq”.