Azərbaycan internet azadlığı reytinqində “qismən azad” ölkələr sırasında yer alıb. Bu barədə BBC məlumat yayıb.
Freedom House təşkilatının “2018-ci il üçün İnternet Azadlığı: Rəqəmsal avtoritarizmin yüksəlişi” hesabatında Azərbaycan 60-cı yeri tutub.
Təşkilat 65 ölkədəki vəziyyət araşdırıb. Bu, dünyada ineternet istifadəçilərinin 87 faizini əhatə edir.
Hesablamada 0-dan 100-dək qiymətləndirmə sistemindən istifadə olunub. Bu qiymətləndirmədə 0 “ən çox azadlığı”n , 100 isə “ən az azadlığı” olan ölkələri göstərir.
Azərbaycan bu qiymətləndirmədə 60-cı pilləni tutaraq qismən azad ölkələr siyahısına düşüb.
0-30-cu yerləri tutan ölkələr azad, 31-60 arasında yer alanlar qısmən azad, 61-100 arasında yer alan ölkələr isə azad olmayan kateqoriyasına aid edilib.
Gürcüstan 25, Ermənistan 27, Ukrayna 45, Türkiyə 66, Rusiya 67-ci, İran isə 85-ci yeri tutub.
Azərbaycan haqqında nə deyilir?
Azərbaycan üzrə göstəricilərdə qeyd olunur ki, ölkədə siyasi, sosial və ya dini tərkibli məlumatlar bloklanır, hökumətyönlü şərhçilər isə online müzakirələri manipulyasiya edir.
Bundan başqa, senzura və ya cəzanı artıran yeni qanun və ya direktivin qəbul edildiyi, blogger və ya İKT istifadəçilərinin siyasi və ya sosial baxımdan saxlandığı və ya həbs edildiyi də vurğulanır.
Digər bir göstəricidə isə deyilir ki, Azərbaycanda hökumət tənqidçilərinə və ya insan hüquqları təşkilatlarına qarşı texniki hücumlar baş tutur.
Azərbaycan geriləyib, Ermənistan irəliləyib
Bu ilki məlumatlara görə qiymətləndirilən ölkələr arasında 2017-ci ilin iyun ayından 26 ölkədə internet azadlığının səviyyəsi aşağı düşüb, 19 ölkədə isə müsbət artım müşahidə olunub.
Hesabatda deyilir ki, internet azadlığının səviyyəsi aşağı düşən ölkələrdə enmə səbəbinin demək olar ki, yarısı seçkilərlə bağlı olub.
Azərbaycan keçən ilin hesabatında 58-ci yerdə qərarlaşmışdı.
2017-ci ilin hesabatında deyilirdi ki, Azərbaycan hökuməti internetdə şərh yazanlara pul ödəyir, siyasi “bot” sistemi işlədir, hökumətyönlü medianı idarə edir və ümumilikdə təbliğat aparır.
Bundan başqa, Azərbaycanda sekçilər ərəfəsində saxta xəbərlərin yazıldığı, eləcə də sosial media hesablarının oğurlandığı qeyd olunub.
Bu ilin hesabatına görə, Ermənistan “qismən azad ölkələr” kateqoriyasından “azad ölkələr” kateqoriyasına yüksəlib. Hesabatda bu yüksəlişdə ölkədəki “məxməri inqilabın” rolu qeyd olunub.
Ən böyük eniş Misir və Şri-Lankada olub. Siyahını isə Kamboca, Keniya, Nigeriya, Filippin və Venesuela davam etdirib.
Bu ilin hesabatına görə, interneti ən çox sıxışdıran ölkə isə Çin olub.
“Azərbaycan izləmə vasitələri alır”
Yeni hesabatda deyilir ki, “Çin şirkətləri insan haqlarına hörmət etməyən hokumətləri yüksək texnoloji izləmə vasitələri ilə təmin edib”.
Məlumatda göstərilir ki, Azərbaycan və Ermənistan Çin şirkətləri tərəfindən hazırlanmış “ağıllı monitorinq sistemləri və üz tanıma texnologiyası” alıb.