Öldürülmüş əsgərin anası: “Zərərçəkənlərin başına gətirilən işgəncələr haqda danışdıqlarını dinləyəndə hər dəfə deyirəm, kaş, Elçinimi güllələyərdilər”
28 yaşlı Elçin Quliyev Tərtərdə N saylı hərbi hissənin 2-ci taborunun maddi-texniki təminat tağımının müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub. 2017-ci il may ayının 6-da ədliyyə mayoru Fuad Ağayevin komandanlığı altında olan 10 nəfər hərbiçinin keçirdiyi sorğuda MAXE Quliyev, ağır fiziki və psixoloji işgəncələrə məruz qalaraq ölüb.
Quliyev ondan tələb edilən ittihamları – Ermənistan kəşfiyyatına məxfi məlumatların ötürülməsini və həmçinin sürdüyü xidməti maşında narkotik maddələrin daşınmasını boynuna almayıb.
Artıq iki aydır ki, bu cinayət işinə Ağır Cinayətlərə dair Azərbaycan Respublikası Hərbi Məhkəməsində baxılır. Təqsirləndirilən ədliyyə mayoru Fuad Ağayev, Cabir Qəhrəmanov, Sənan Maşıyev, Elçin Əliyev, Qurban Cümşüdov, Cavid Ağadadaşov, Ruslan Mikayılov və Polad Əzizov ittiham aktına əsasən, özünü öldürmə həddinə çatdırma, qəsdən sağlamlığa ağır zərər vurma, qəsdən sağlamlığa az ağır zərər vurma, əzab vermə və hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etmə cinayət əməllərini törətməkdə ittiham edilirlər. Qrupun bir neçə üzvü hələ də axtarışdadır.
Məhkəmə prosesində verilən ifadələrə əsasən, hərbçilərin qeyri-rəsmi şəkildə apardığı sorğular zamanı işgəncələrə məruz qalan, öldürülən və onlarla zorlanan əsgərlərin də olduğu bildirilir.
Quliyevin anası Validə Əhmədova məhkəmə proseslərində iştirak etdiyini deyərək bildirir ki, hər prosesdə zərərçəkənlərin ifadələri onu dəhşətə gətirir.
Məhkəmə prosesi nəticəsində sübut olunub ki, N saylı hərbi hissənin hərbi qulluqçusu, ədliyyə mayoru Fuad Ağayevin əmri əsasında 03.05.2017-ci il günorta saatlarından Elçin Quliyevə fiziki və psixoloji zor tətbiq etmək, ona işgəncə verməklə sorğu-sual edilməsi üçün o, hərbi hissənin köhnə qərargah binasında gizlədilib.
E.Quliyev ilk xidmətini 2007-ci ildə Naxçıvanda başa vurub. 18 ay çəkən hərbi xidmətindən sonra, o, Tərtərin Qapanlı kəndinə geri qayıdıb. Evə geri qayıtdığında ilk olaraq müxtəlif yerlərdə fəhlə olaraq çalışıb. Maddi çətinliklərdən dolayı 24 iyun 2014-cü ildə, o, MAXE olaraq orduya qayıdıb.
“Birinci il qonşu kənddə yemək maşınını idarə edirdi”, - deyə Quliyevin 51 yaşlı anası Validə Əhmədova bildirir: “Maşın tez-tez xarab olurdu, oğlum öz puluna onu təmir etdirirdi. Hətta bir dəfə bankdan 1500 manat kredit də götürmüşdü buna görə. Ümumi maşına görə bankdan, dostdan götürdüyü borc 3000 manata çatırdı. Bir ildən sonra ona, nəhayət, başqa maşın verdilər”.
Quliyevin anasının sözlərinə görə, 2016-cı ilin aprel döyüşlərindən bir neçə gün öncə oğlu məzuniyyətdə olub. Lakin döyüş başlayan kimi E.Quliyev məzuniyyətini yarımçıq qoyub cəbhəyə gedib və orada silah-sursat daşımaqla məşğul olub.
Bir il sonra 2017-ci ilin aprel ayının 30-dan E.Quliyevə su maşını həvalə edilib: “3 gündən sonra maşın xarab oldu, Elçin də onu usta əmisi Zöhrab Quliyevin yanına apardı. Təmir edərkən Elçinə zəng gəlib, əmisi elə onu eşidib ki, Elçin kiməsə cavabında “biqeyrət sənin özünsən, alçaq!” deyib və əmisinin yanından çıxıb. Ondan sonra isə Elçin geri qayıtmadı”, - deyə V.Əhmədova bildirir.
O, oğlu ilə sirdaş olduğunu deyərək əlavə edir ki, onu narahat edən məsələləri adətən anası ilə paylaşırmış:
"May ayının 1-də gecə evdə oturmuşduq. Mənə dedi ki, ana, postda nə hadisə baş veribsə, hərbçilərdən ikisini dindirməyə aparıblar. Növbəti gün axşam da dedi ki, həmin postda nəsə baş verir, oradakı uşaqların hamısını dindirməyə aparıblar. Açığı, heç bir narahatlıq keçirmədim, çünki Elçinə güvənirdim, bilirdim nəsə olsa, birinci mənə deyərdi. Mayın 3-də mən Ağcabədiyə xəstə yanına getdim, evə qayıdanda gördüm ki, Elçin yoxdur. Zəng etdim, telefonuna zəng çatmırdı. Əsgər yoldaşlarından soruşdum, dedilər, bayaq çay içirdik, gələcək. Sən demə, onlar mənə yalan deyirmiş".
Quliyevin valideynləri bildirirlər ki, əsgərlərin saxlanılması aprelin 30-dan etibarən başlayıb. E.Quliyev isə öldürülən ilk əsgər olub. Onun atası və əmisinə Quliyevin may ayının 6-da öldüyü bildirilib.
[caption id="attachment_70565" align="aligncenter" width="669"] Məhkəmə-tibbi ekspertizasının təqdim etdiyi sənəddə Quliyevin hansı bədən travmalardan öldüyü qeyd edilib[/caption]May ayının 8-də MAXE-nin atası Mətləb Quliyev və əmisi Tərtər Rayon İcra Hakimiyyətinə dəvət ediliblər.
İcra hakimiyyəti binasında Birinci Ordu Korpusunun komandir müavini Babək Səmədli, Müdafiə Nazirliyinin mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini, polkovnik Abdulla Qurbani, yerli icra başçısı Müstəqim Məmmədov, yerli polis rəisi Rauf Məcidov, DTX və digər hərbçilər də olublar.
Quliyevin atasına oğlunun öldüyü xəbəri verildikdə, o, hadisə ilə bağlı suallar verməyə başlayanda icra başçısı tərəfindən təhqir edilib: “Müstəqim Məmmədov mənə dedi ki, bilirsən oğlun nə qələt edib? Bu azmış kimi icra başçısı məni vurmaq üçün üstümə də gəldi, ancaq araya girdilər. Babək Səmədlinin yaxasından tutdum. Mənə dedi, anlaşılmazılıq olub, oğlum günahkar deyil”.
“Babək Səmədli bizə dedi ki, səs-küy salmayın, “xidməti vəzifəsini yerinə yetirərkən ölüb” kimi qeyd edəcəyik. O, hər dəfə təkrarlayırdı ki, əgər səs-küy qaldırsaq, Elçinin adını orduda Ermənistan kəşfiyyatına işləyən cinayətkar şəbəkənin siyahısına yazarlar. Biz də bir müddət buna görə susduq ki, uşağın adı ləkələnər. Ona görə də, ölümüzü ağladıq, yasımızı saxladıq”.
V.Əhmədova xatırlayır ki, oğlunun ölüm xəbərini eşitmədən öncə onun gəlişi ilə bağlı evdə yeməklər bişirib hazırlayırmış. Xəbəri ilk alan Quliyevin atası və əmisi bunu V.Əhmədovaya bildirməkdə çətinlik çəkdiklərindən ona növbəti gün qəbristanlıqda bir şəhidin basdırılacağını bildiriblər: “Düşündüm ki, dəfn mərasiminə digər əsgərlərin arasında Elçin də gələr”.
“Evə qayıdanda artıq yoldaşım dedi ki, Elçini öldürüblər”.
E.Quliyevin cəsədi həmin gün evə gətirilib. İlk olaraq, Quliyevin ailəsinə onun nə üzünü, nə də bədəninin yoxlanılmasına icazə verilməyib. Lakin ailə inad etdikdən sonra əsgərin üzünü yalnız əmisi görə bilib.
“Vaxt keçdikcə gördük ki, oğlumun günahsız olduğunu heç kim dilə gətirmir, sənəd vermirlər”,- deyən valideynlər bildirirlər ki, onları təzminat da maraqlandırmır, yeganə istədikləri Quliyevin adının ləkələnməməsidir.
“Elçinin hələ də qəbrinin üstünü götürməmişəm. Onun qəbrinin yanında Azərbaycan bayrağı qoyulmasa, şəhidlik statusu verilməsə, öləcəm, bu yoldan dönməyəcəyəm”, - deyə əsgərin anası əlavə edir.
V.Əhmədova deyir ki, məhkəmə proseslərində gördükləri onu dəhşətə gətirir: “Zərərçəkmiş dörd nəfər MAXE deyirdi ki, hamısını zorlayıblar; başqa zorlanan əsgərlərdən bir neçəsinin psixoloji durumu pozulub, psixoloji xəstəxanaya düşüblər. Birinci Ordu Korpusunun komandir müavini zərəçəkənlərə tapşırıb ki, baş verənlər haqda danışarlarsa, onları vətən xaini kimi həbs edəcəklər. İndi hər şeyin üstü məhkəmədə açılır; zərərçəkən əsgərlər ifadələrində sorğu-sual zamanı onlardan işgəncənin bitməsini istəyirlərsə, ittihamları etiraf etmələri tələb edilib”.
“Məhkəmədə zərərçəkənlərdən biri ifadəsində dedi ki, Fuad Ağayev tərəfindən zorlanıb. F.Ağayev də dəmirbarmaqlıqlar arxasından (məhkəmə zalında) ağzında saqqız çeynəyə-çeynəyə qımışırdı”, - deyə V.Əhmədova bildirir.
Məhkəməyə daha iki ailə müraciət edib. Müraciət edənlərin arasında öldürülən daha iki MAXE - Mehman Hüseynovun və Elxan Ağazadənin valideynlərinin sözlərinə görə, onlar Tərtər rayonu hərbi prokuroru Hümbət Məmmədov tərəfindən aldadılıblar. Valideynlərdən övladlarından imtina etməsi ilə bağlı sənədlərə imza atmaq tələb edilib. Lakin sənədləri imzaladıqdan sonra valideynlər sənədin nə haqda olmasını öyrənib məhkəməyə üz tutublar.
Əhmədova deyir ki, oğlunun ölüm haqda sənədi ona aylar sonra təqdim edilib. Ölüm haqda və məhkəmə-tibbi ekspertizanın təqdim etdiyi sənədlərdə Elçin Quliyevin ölümünə səbəb kimi bədənin çoxsaylı küt travması, hər iki böyrəyə qansızma, qanın bir hissəsinin dövrandan çıxması (yumşaq toxumaları sızması) fonunda orqanizmin ümumi intoksikasiyası, ağciyər və beyin ödemi ilə ağırlaşmış kəskin tənəffüs-ürək çatışmazlığı olduğu göstərilir.
İşgəncələrdən sonra sağ qalan əsgərlərdən biri “iFact.ge”-yə başına gələnlər haqda danışıb: “Kişi kişini döyər, ancaq kişi kişinin cinsiyyət orqanına tok verməz. Neçə əsgərin dırnağını çıxardılar. O işgəncələrdən sağ çıxmışam, indi mən də vətən xainiyəm?! Birinci Ordu Korpusunun komandiri Hikmət Həsənov özü bizə deyirdi ki, ya boynunuza alacaqsınız, ya da öləcəksiniz”. İndiyədək o, məhkəmə prosesində iştirak etməyib.
"Zərərçəkənlərin başına gətirilən işgəncələr haqda danışdıqlarını dinləyəndə hər dəfə deyirəm, kaş, Elçinimi güllələyərdilər. Bu dəqiqə ölməyə hazıram, sadəcə qorxuram, Elçinin işi yarımçıq qalar. Oğluma qovuşmaq üçün ən çox istədiyim şey ölməkdir".
Hərbi Prokurorluğun mətbuat katibi Firad Əliyev məsələ ilə bağlı hazırda məhkəmə prosesi davam etdiyi üçün heç bir şərh verə bilməyəcəyini qeyd edib.
[caption id="attachment_70566" align="aligncenter" width="650"] Quliyevi sorğuya çəkən və ona çoxsaylı ölümcül bədən xəsarətləri yetirən şəxslər haqqında məhkəmə cinayət işindən çıxarışlar.[/caption] [caption id="attachment_70567" align="alignnone" width="652"] Quliyevi sorğuya çəkən və ona çoxsaylı ölümcül bədən xəsarətləri yetirən şəxslər haqqında məhkəmə cinayət işindən çıxarışlar.[/caption]