Bakıdakı 16 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi həbsdə olan araşdırmaçı jurnalist Əfqan Muxtarlının ədliyyə naziri Fikrət Məmmədova ünvanladığı məktubları göndərməkdən imtina edir.
Bu haqda Ə.Muxtarlı noyabrın 7–də həyat yoldaşı Leyla Mustafayeva ilə telefon danışığı zamanı məlumat verib.
Muxtarlı bildirib ki, ədliyyə nazirinə yazdığı məktubun məzmunu ona övladları ilə "skype" danışığına şərait yaradılması ilə bağlı olub.
“Qanunvericilikdə məhbusların ailə üzvləri ilə "skype" danışığı nəzərdə tutulmayıb, amma bu, qadağan da olunmayıb”, deyə Muxtarlı bildirib.
L.Mustafayeva isə deyib ki, 5 yaşlı qızı atası üçün çox darıxır və bu hal övladının psixoloji durumunu pisləşdirməyə başlayıb:
“Nuray atası ilə bu ilin fevralında atası yas mərasiminə buraxılanda danışa bilib. Artıq telefonla danışmaqdan yorulub, atasını görmək istəyir. Nuray bu ilin mart ayından psixoloji terapiyaya gedir”.
“Əfqan yazdığı araşdırmalarına və vətəndaş cəmiyyətinin inkişafına verdiyi töhvələrə, tənqidi fikirlərinə görə Gürcüstandan oğurlanaraq həbs olunub. Ədliyyə Nazirliyi və həbsxana rəhbərliyi göndərilən məktubların qarşısının alınmasına aydınlıq gətirməli, siyasi məhbusların azyaşlı övladlarını sınağa çəkəcək səviyyəyə enməməlidir”, deyə Mustafayeva bildirib.
Həbsxana rəhbərliyi Ə.Muxtarlının telefon zənglərinə məhdudiyyət qoyub. Artıq i il 5 aydır jurnalistin dostları ilə görüşməyinə icazə verilmir.
Oktyabrın 7–də cəzaçəkmə müəssisəsinin nəzarətçiləri Ə.Muxtarlını “kars”a salıb, daha sonra yağışlı havada çılpaq saxlayıblar.
XatırlatmaƏfqan Muxtarlı 2017-ci ilin mayında Azərbaycanda həbs olunub. Jurnalist Tiflisdə oğurlandığını, başına torba keçirildiyini, döyülərək işğəncəyə məruz qaldığını Azərbaycana zorla gətirildiyini və sərhəddən keçirilərkən cibinə 10 min avro yerləşdirildiyini bildirib.
Prokurorluq isə jurnalisti güc tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhəddi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham edib.
Məhkəmə jurnalistə qarşı ittihamları sübuta yetirə bilməyib. Belə ki, müdafiə tərəfin vəkillərinin jurnalistin üzərindən çıxdığı iddia olunan 10 min avro üzərindəki əl – barmaq izlərinin yoxlanılması, sərhəd keçid məntəqəsinin müşahidə və təhlükəsizlik kameralarının videolent yazılarının əldə edilməsi, jurnalistin üzərindəki xəsarətlərin müayinəsi üçün tibbi ekspertizanın keçirilməsinə dair qaldırdığı vəsatətləri rədd edib.
Muxtarlı 2018-ci il yanvar ayının 12-də Balakən Rayon Məhkəməsinin qərarı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.