Müsavat Partiyasının başqanı Arif Hacılı Qarabağdakı separtçı rejimin başçısı Bako Saakyanın Moskvaya səfər etməsinə rəsmi Bakının reaksiyasını tənqid edib.
“Qarabağda qanunsuz rejimin, silahlı quldur dəstələrinin rəhbəri Minsk qrupu həmsədrləri olan dövlətləri gəzir, rəsmi dövlət nümayəndələri ilə görüşür.
İqtidar dövlətimizi beynəlxalq hüquq normalarına zidd olan bu məsələnin nəinki qarşısını almaq, hətta buna ciddi əks-səda doğuran etirazı təmin edə bilməyəcək qədər aciz duruma salıb”, deyə Arif Hacılı bildirib.
Partiya başqanı bildirib ki, xarici siyasətdə prioritetlər səfirlərin şərab biznesi olduqları ölkələrdə H.Əliyev küçələri açmaq, hədəflər isə illər əvvəl buradan getmiş, vicdanlı olduqları üçün bu hakimiyyətin diqtəsini qəbul etməyən Riçard Kozlariç, Steynar Gil və başqalarına qarşı mübarizədir.
"İqtidar yiyələri nəhayət anlamalıdır ki, hədəf bu dövləti quran “AXC-Müsavat cütlüyü” deyil, məqsədləri bu dövləti çökdürmək, məhv etmək olan Paşinyan-Saakyan cütlüyüdür. İlham Əliyev deyirdi ki, Qarabağ məsələsində zaman bizim xeyrimizə işləyir. Qəti belə deyil. Hər gün Qarabağı daha çox itiririk. Hakimiyyətin təslimçi siyasəti dəyişməsə Qarabağı əbədi itirməyimiz labüd olacaq”.
Rəsmi Bakı Rusiyanı qınadı: "Münasibətlərin yüksək səviyyəsinə uyğun gəlmir"
"Qanunsuz separatçı rejim nümayəndəsinin Rusiya Federasiyasının ərazisinə daxil olmasına icazə verilməsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli prosesinin irəli aparılması səylərinə xələl gətirir və Rusiyanın ATƏT-in Minsk Qrupunun həmsədri qismində vasitəçilik öhdəlikləri ilə ziddiyyət təşkil edir".
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı yaydığı bəyanatda deyilir.
"Rusiya tərəfinin bu addımı Azərbaycan və Rusiya arasında mövcud olan münasibətlərin yüksək səviyyəsinə uyğun gəlmir və ikitərəfli münasibətlərin normativ-hüquqi bazası, xüsusilə də “Tərəflərin separatçı hərəkatları dəstəkləməmək, digər tərəfin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı yönələn şəxslərin fəaliyyətini qadağan etmək öhdəliyini” əks etdirən Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə ilə ziddiyyət təşkil edir".
Bəyanatda deyilir ki, qanunsuz qurumun “rəhbərinin” ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinə səyahətləri, münaqişə üzrə vəziyyətin gözlənilməz inkişafına gətirib çıxara bilər, belə olacağı təqdirdə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür".
Bundan əvvəl XİN ABŞ-ın Minsk qrupunun üzvü kimi separatçı Dağlıq Qarabağ rejimi nümayəndələrinə viza verməsinin ciddi suallar doğurduğunu bildirib.