'Biz tərəflərdə deyirlər ki, ''şəhəri nənələr üçün rahat edin'', çünki nənələr üçün rahat olan şəhər hər kəs üçün də rahat olur''
“Hər şey kədərlidir, çünki Bakıda düzgün olmayan şəhərsalma planlaşdırılmasının tipik nümunəsini görürük. Bu şəhər narahat, ədalətsiz və təhlükəli şəhərdir”.
Bu sözləri “BBC News Azərbaycanca”-ya Bakıdan deportasiya edilən və sonradan AZAL-ın təyyarəsi ilə geri qaytarılan rusiyalı bloger, səyahətçi və urbanist İlya Varlamov deyib.
Bakı haqqında təəssüratlarını bölüşən İlya Varlamov fikirlərini belə izah edib:
“Bakı, demək olar ki, təzədən tikilir. Şəhəri maraqlı edən burada biri-birindən fərqlənən rayonların olmasıdır: köhnə şəhər, 19-cu əsrə aid olan hissə, sovet dövründən qalmış standart miras, tikintisi hazırda davam edən yeni rayonlar. Şəhər çox müxtəlifdir və onun necə inkişaf etdiyini görmək mənə maraqlı gəlir”.
Blogerin fikrincə, Bakıda piyada gəzmək çətindir:
“Avtomobilin varsa - bəxtin gətirib, sən bu enli küçələrdə asanlıqla hərəkət edə bilirsən. Amma maşının yoxdursa, onda pis gündəsən.
Körpə arabası ilə gəzməyə çıxanlara, əlillərə, ahıllara, əllərində yükü olan turistlərə şəhərdə hərəkət etmək çətindir.
Baklı turistləri dəvət etməyi sevir.
Amma belə bir test var - çemodan testi: çemodan götürüb şəhəri gəzin.
Şəhərdə xeyli yeraltı keçid var, amma onlar panduslarla təchiz olunmayıb, liftlər yoxdur.
Eskalatorlar var, lakin uşaq arabası ilə gəzən qadın həmin eskalatordan istifadə edə bilməz.
Hər yerdə yeraltı keçid yoxdur, buna görə də sakinlər yolları qaça-qaça keçməli olurlar.
Yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən bu qədər çox adamın keçdiyini heç bir başqa şəhərdə görməmişəm. Bu şəhər cəmiyyətin zəif təbəqəsinə qarşı - uşaqlara, qocalara, aztəminatlı insanlara - ədalətsiz şəhərdir.
Onlar onsuz da zəifdirlər, hələ şəhər mühiti də onları əlavə əzir. Amma, bu, belə olmamalıdır, çünki Bakının inkişaf yolu Avropa yoludur, bu, Avropa şəhəridir və demək, ədalətli şəhər olmalıdır”.
İlya Varlamov deyib ki, Avropada, Amerikada özünü təsdiqləmiş uğurlu təcrübədən istifadə etmək lazımdır:
“Orada şəhərlərdə yenidənqurma işləri aparıblar, şəhərləri insan üçün rahat ediblər. Şəhər mühiti üzrə, nəqliyyat və memarlıq üzrə xarici mütəxəssisləri dəvət etmək lazımdır.
Bakının xarici mütəxəssislərin dəvət edilməsinə dair yaxşı təcrübəsi var, bunu dünyamiqyaslı məşhur memarların Bakıda gerçəkləşdirilmiş layihələrinin sayından görmək olar: Heydər Əliyev Mərkəzi, gözəl hava limanı və Ağ Şəhərin - keyfiyyətli şəhər inkişafının yaxşı nümunəsi.
Qəribədir ki, şəhər memarlığında bu cür təcrübə ola-ola, şəhər mühiti sahəsində bu anlayış yoxdur. Şəhər mühiti baxımından, şəhərin ədalətli olmasını istəyirəm, prioritetlər düzgün seçilməlidir, şəhər avtomobillər üçün deyil, piyadalar üçün qurulmalıdır. Biz tərəflərdə deyirlər ki, "şəhəri nənələr üçün rahat edin", çünki nənələr üçün rahat olan şəhər hər kəs üçün də rahat olur”.
Blogerin fikrincə, bütün postsovet ölkələrində problem eynidir. Çünki bütün post sovet şəhərlər Sovet şəhərsalma məktəbinin səhvlərini yaşayırlar:
“SSRİ şəhərsalmasında hər şey kədərli görünürdü, mikrorayonların arxitekturasından başlayaraq… ABŞ, Fransa, Britaniya, Almaniya hələ 60-70-ci illərdə bundan imtina edib - orada mikrorayonlar sökülüb və yenidən qurulub.
Bizdə isə bu, hələ də davam edir və şəhərləri avtomobillər üçün rahat olan qaydada layihələşdirməyə davam edirlər.
Bu, 30-cu illərdən, Stalin dövründən belə davam edir, Moskvanın baş planına, geniş prospektlərinə baxmaq kifayətdir.
Moskva ilə Bakını müqayisə edəndə görürük ki, biz də, misal üçün, Kremlə çatmaq üçün doqquz avtomobil zolağı olan Tverskaya küçəsini keçib gedə bilmirik.
Əslində, həmin küçə piyada qarşısında qurulan divardır.
Turistlər də bunu görəndə, sadəcə, məəttəl qalırlar.
İş orasındadır, SSRİ dövründə belə hesab olunurdu ki, hər bir sovet vətəndaşının şəxsi avtomobili olacaq, dövlət hər bir adamı avtomobillə təmin edəcək. Şəxsi avtomobil - avtomobilsiz özünü natamam hiss edən Sovet vətəndaşının rifahının rəmzi idi. Amerikada da avtomobilləşmə yolu inkişaf edib, lakin bu gün gördüyümüz kimi, orada avtomobilləri məhdudlaşdırırlar, prioritetləri dəyişirlər və şəhərləri sakinlər üçün rahat edirlər”.
İlya Varlamov deyir ki, şəhərə tramvayı qaytarmaq lazımdır:
“Əvvəllər sizin gözəl tramvaylarınız olub və bu, prioritetlərin dəyişməsinin rəmzi olacaq“.