Mətbuat Şurası İdarə Heyətinin noyabrın 1-də keçirilən iclasında Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarına yeniliklər edilməsi qərara alınıb. Həmçinin quruma yeni üzvlər qəbul edilib. Mətbuat Şurasına üzv qəbul ediləndən sonra “Feysbuk” sosial şəbəkəsində ciddi tənqidlərə tuş gələn Kobramedia.az saytının baş redaktoru, şair Valeh Mirzə mətbuata aşağıdakı kimi açıqlama verib:
“Saytın adı mənim xoşuma gəlir. Burada nə var ki? Necə olur ki, “sim-sim” adında sayt olur (Mətbuat Şurasının yeni üzvlərindən birinin də adı Sim-sim.az-dır – H.N.), yaxud da başqa qəribə, eybəcər adda saytlar olur, ancaq “kobra” ola bilmir? Heç kimin də saytına nə ad qoymasına iradım yoxdur. Bizdə satirik sayt yoxdur. O mənada mən bu adı seçmişəm. Kimin ürəyindən nə keçib deyirsə və tənqid edirsə, özü bilər”.
Bəli, cənab baş redaktor haqlı olaraq deyir ki, adın heç bir önəmi yoxdur, siz təqdim olunan materiala baxın. Sosial şəbəkədə isə əsas tənqid hədəfi saytın təqdim etdiyi materialların keyfiyyəti (yaxud keyfiyyətsizliyi) deyil, adı idi.
Yəni hədəf doğru seçilməmişdi. Belə ki, saytın adı hər nə olur-olsun, içindəki material önəmlidir. Yəqin ki, Mətbuat Şurasının nizamnaməsində də gülünc adları qəbul edib-etməməklə bağlı hər hansı bir müddəa yoxdur.
Bircə tanınmış jurnalist, tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıl sözügedən məsələ ilə bağlı Əflatun Amaşova ünvanladığı “təbrik statusu”nda yazmışdı ki, baş redaktorunun yazısını başdan-ayağa Capslock-la dərc edən, başlıqdan sonra nöqtə qoyan bir saytın Mətbuat Şurasına üzv olması sevindirici xəbər olmaqla yanaşı, xalqımızı və ölkəmizi qarşıda daha xoş günlər gözlədiyinin nişanəsidir: “Güzel günler göreceyiz, çocuklar!”
Baxın, əsas problem budur. Sovet dövründə də, müstəqillik illərində də adı çəkiləndə üzdə gülüş doğuran satirik-yumoristik media qurumları, televiziya proqramları olub. Buna misal olaraq “Kirpi” jurnalının, “Mozalan” telejurnalının adlarını çəkmək olar. Üstəlik, səhv etmirəmsə, “Kirpi” jurnalı hələ də fəaliyyət göstərir (Hərçənd indiki “Kirpi”nin nə işlə məşğul olduğu haqda zərrə qədər məlumatım yoxdur).
Sovet dövründə fəaliyyətə başladıqları ərəfədə o iki jurnalı da tənqid edənlər olub, çox güman. Amma ortaya qoyduqları işin nə qədər effektiv olduğunu görəndən sonra kimsə səsini də çıxarmayıb. Hətta onların qələminə, obyektivinə tuş gəlməkdən qorxublar. Kobramedia.az saytını isə şuraya üzv olana qədər heç kim tanımırdı. Cənab baş redaktor özü yazıb, özü oxuyurdu, Allah bilir.
Niyə bu fikirdəyəm? Niyə elə düşünürəm ki, özü yazıb, özü oxuyurmuş?
Təlimlərdəki görüşlərimizin birində Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli keçirilən monitorinqlərdən sonra Azərbaycan dilinin qayda-qanunlarına riayət etməyən media qurumlarına ciddi xəbərdarlıqlar olunduğu haqda danışmışdı.
Doğrudan belədirsə, saytı şuraya üzv edərkən baş redaktorunun prezident İlham Əliyevə, prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova yazdığı səbəbsiz təşəkkür yazısının başlığını tamamlamağı yaddan çıxarması, bəzi yazılarında başdan-ayağa “probel” (sözlər arasında boşluq) belə qoymaması, yol verdiyi orfoqrafik xətalar gözdən qaçmamalı idi, amma qaçıb.
Niyə? Ona görə ki, düşünürəm: ortada heç bir monitorinq-filan yoxdur. Yəqin ki, heç vaxt da olmayıb. Hətta hörmətli sədr müavininin tənqidlərə cavab olaraq dediyi kimi, media qurumunun “jurnalistikanın etik kodeksinə əməl edib-etməməsi” belə kimsənin vecinə olmayıb.
Sadəcə, üzv qəbul etmək istəyiblər, ediblər. Təkcə Kobramedia.az saytını deyil, quruma üzv olan bütün saytları və qəzetləri… Səbəb çox sadədir: onların dediyini deyib, yazdığını yazırlar. Bu qədər.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi saytımızın mövqeyi ilə üst-üstə düşməyə bilər.