"Leyla Şıxlinskaya Klinikasında 10 min manata qədər pulumuzu da aldılar, ailəmi, üç uşağımı da bədbəxt elədilər. Hələ üstəlik, özümüzü də polis gücünə klinikadan qovdular. Leyla gəlib dedi ki, "bu dəqiqə generala zəng vuracam, sənin başına oyun açacam". 10 dəqiqə çəkmədi, polislər gəlib töküldülər..."
Bu sözləri deyən Azər Atakişiyevin həyat yoldaşı Kəmalə Atakişiyeva qeysəriyyə əməliyyatıyla üçüncü övladını dünyaya gətirərkən birinci qrup əlil olub.
Noyabrın 6-da Bakı Apellyasiya Məhkəməsində Xumar Mərdanovanın sədrlik etdiyi hakimlər kollegiyası bu məsələyə görə Leyla Şıxlinskaya Klinikasını 114 min manat cərimələyib. Üstəlik, səhlənkarlığa yol verib, qadının sağlamlığını itirməsində rolu olan həkimlərin də barəsində xüsusi qərardad çıxarılıb. Məsələnin araşdırılması və cinayət işi başlanmasından ötrü qərardad prokurorluğa göndəriləcək.
Ancaq bu qərar da zərərçəkən tərəfi qane etmir. A.Atakişiyev deyir ki, onun həyat yoldaşını ömürlük şikəst ediblər, bunun qarşılığında 114 min çox azdır.
"Komada olanda hər iki ayağını yandırdılar, sümükləri görünürdü"
AzadlıqRadiosuna hadisə barədə danışan A.Atakişiyev bildirir ki, həyat yoldaşı 2017-ci il iyulun 17-də üçüncü övladını dünyaya gətirmək üçün adıçəkilən klinikaya gedib. Qeysəriyyə əməliyyatı vaxtı komaya düşüb. Komada olduğu müddətdə də hər iki ayağı yandırılıb:
"Yanıqlar o qədər dərin idi ki, sümüyü görünürdü. Soruşduq ki, bu nədir? Dedilər ki, ayaqlarına "qrelka" (istiqac) qoyulmuşdu, ondan yanıb. Özlərinə də dedim ki, "qrelka"dan belə yanıq ola bilməz. İkincisi, komada olan adama "qrelka"nın nə köməyi ola bilər? Aydın məsələydi ki, səhlənkarlıqdan necəsə yandırmışdılar, bizi aldadırdılar. Beş gün sonra komadan tam ayılmamış məlum oldu ki, yanığı da vaxtında təmizləməyiblər, qana zəhərlənmə verib. Yenidən əməliyyata saldılar. İkinci əməliyyatdan iki günə ayıldı. Onda toksiki ensefolopatiya yarandı. Özünü idarə edə, gəzə bilmirdi, yaddaşı pozulmuşdu, nevroloji üz mimikaları əmələ gəlmişdi".
A.Atakişiyevin sözlərinə görə, klinika rəhbərliyi həyat yoldaşının bu vəziyyətdə çıxarılmasını tələb edirdi. O isə razılaşmır, deyirdi ki, necə sağlam gətirilmişdisə, o cür də sağaldılıb təhvil verilməsini tələb edir. O zaman Səhiyyə Nazirliyi də məsələyə müdaxilə edib belə ağır vəziyyətdə çıxarılmasına icazə verməyib. Təxminən iki ay sonra – sentyabrın 12-də isə zorla K.Atakişiyevanı klinikadan çıxarıblar:
"İnsanı ömürlük bədbəxt etmələri bir yana, həkim adına yaraşmayan tərzdə davranırdılar. Ağır xəstəni polis gücünə çölə atdılar".
"Ana övladlarına qayğı göstərməkdən, 10- 12-yaşlı uşaqları ona baxır"
Hadisədən sonra K.Atakişiyevaya birinci qrup əlillik dərəcəsi təyin olunub. Onun 12, 10 yaşlarında, bir də 2017-ci ilin iyulunda dünyaya gətirdiyi üç övladı var. Həyat yoldaşı deyir ki, ana uşaqlarına qayğı göstərmək əvəzinə, 10- 12-yaşlı iki böyük övladı analarına yardım edir – onu yedirir, qolundan tutub gəzdirir:
"Bu səhnəni görmək hər gün ölüb-dirilmək deməkdir. Nəyimiz vardısa, bu il yarımda satıb iynə-dərmana, həkimlərə vermişik. Özünü idarə eləyə bilmir deyə, ona baxmaq üçün ayrıca adam tutmuşuq. Körpə uşaq anadan olandan ona da başqa yerdə bir adam baxır, çünki anasının səsə dözümü yoxdur. Dərd burasındadır ki, Azərbaycanda müalicəsi yoxdur. Türkiyəyə də aparmışıq, orada da müalicəsi mümkün olmadı. Deyiblər ki, İsraildə mümkündür, ora üçün də 90 min dollar tələb olunur. Haradandır bu qədər pul?".
K.Atakişiyeva bu vəziyyətə düşməmişdən öncə banklardan birində baş mühasib işləyir, həm də sahibkarlıq fəaliyyətiylə məşğul olurmuş. Ailə Xətai Rayon Məhkəməsində klinikaya qarşı 500 min manat (300 min maddi, 200 min mənəvi ziyan) təzminat tələbiylə iddia qaldırmışdı. Hakim Fuad Məmmədov yalnız 40 min manat mənəvi ziyan ödənilməsi barədə qətnamə çıxarıb. A.Atakişiyev bu qərardan apellyasiya şikayəti vermişdi:
"Bir ailənin bədbəxt olmasının qarşılığında 40 min manat gülməli rəqəmdir. Ancaq apellyasiya məhkəməsinin bu gün təyin etdiyi 114 min də bizi qane eləyə bilməz".
"Bütün dünyada belə xəstələr ölür"
Ailənin vəkili Aqil Layıcov da AzadlıqRadiosuna bildirib ki, Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti veriləcək. Müdafiəçi bildirir ki, apellyasiya məhkəməsi indiyədək ailənin çəkdiyi xərclərlə yanaşı, K.Atakişiyevanın hadisədən öncə qazancını və əlil olması nəticəsində əldən çıxmış faydanı nəzərə alıb, 74 min maddi, 40 min də mənəvi ziyanın əvəzi olaraq, kompensasiya təyin edib:
"Ona müddətsiz birinci qrup əlillik təyin olunub. Deməli, sadəcə, bu günə qədər olanları yox, bundan sonra ona çəkiləcək xərcləri, əldən çıxan faydanı da nəzərə almaq lazımdır. Ekspert rəyindən görünür ki, əməliyyatın icrasıyla əlaqədar baş vermiş geridönməz fəsadların yaranması nəticəsində Kəmalə xanım bu vəziyyətə düşüb. Əməliyyatdan sonra onda həm də haşimato xəstəliyi (ömür boyu davam edən qalxanvari vəz iltihabı – red.) yaranıb".
Klinika rəhbərliyi isə ittihamları qəbul etmir, məhkəmənin qərarıyla da razılaşmır. Klinikanın direktoru Rafiq Dəmirçalov AzadlıqRadiosuna bildirib ki, K.Atakişiyevanın bugünkü duruma düşməsində onların heç bir günahı yoxdur. Ona görə də apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət verəcəklər:
"Tibbi ekspertiza ona "dölyanı mayenin emboliyası" (dölyanı mayenin qadının damarlarına daxil olması – red.) diaqnozu qoyub. Bütün dünyada bu diaqnozla xəstələr adətən tələf olurlar, onları xilas eləmək çox çətindir. Sağ qalanda da mütləq hansısa fəsadları olur. Dünyada da elə bir tibbi avadanlıq yoxdur ki, bunu öncədən təyin edə bilsin".
Klinikanın rəhbəri Leyla Şıxlinskayanın Nəzirə adlı köməkçisi AzadlıqRadiosunun məsələ ilə əlaqədar suallarını cavablandırsa da, soyadını söyləməkdən imtina edib. Köməkçisi deyir ki, L.Şıxlinskaya özü nə o xəstəni görüb, nə də onun yaxınlarını:
"Biz ona funksional çarpayı verib, yola salmışıq. Texniki işçilərimiz yaşadığı binada mənzilinə qədər qaldırıblar. O xəstə sağ qalmasına görə bizim həkimlərə borclu olmalıdır".
Klinikanın nümayəndəsi və vəkili Günay Sultanova isə məhkəmədə deyib ki, K.Atakişiyevanın ayağındakı yanıq izləri qida pozuntusu nəticəsində yarana bilərdi.