Nardaran məhbusu Şamil Abduləliyevin həyatının təhlükə altında olduğu bildirilir. Bu barədə Azadlıq Radiosuna onun atası Adil Abduləliyev məlumat verib.
Dövlət Gömrük Komitəsinin əməkdaşı olmuş Şamil Abduləliyev 2015-ci il noyabrın 26-da Nardaranda ikisi polis olmaqla, altı nəfərin öldüyü əməliyyat nəticəsində ilahiyyatçı Taleh Bağırzadə və tərəfdarlarıyla birlikdə həbs olunub. O,14 il 6 ay azadlıqdan məhrum edilib və hazırda 15 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır.
Atası deyir ki, həmin əməliyyatda ona dəymiş üç güllədən ikisini indiyədək ayağında gəzdirir:
“Həmin ayaq indi elə vəziyyətə düşüb ki, Şamilin özünün həyatı təhlükə altındadır”.
Atası deyir, oğlunun ayağında qısalma və əyilmə gedir. Ayağın gücü qalmayıb, sərbəst hərəkət edə bilmir:
«Ayağında kəskin ağrıları var. Ayaq bədəni gəzdirmir, əksinə, Şamil əliylə ayağını qaldırıb harasa qoyur. Təcili cərrahiyyə əməliyyatı olunmalı, güllələr çıxarılmalıdır. Adamı bədənində güllə ilə həbsdə saxlamaq işgəncə sayılır. Heç əsirlə belə davranmırlar. Əgər bizimkilər müharibə vaxtı erməni əsirini tutsalar, mütləq bədənindəki gülləni çıxarmalıdılar. Beynəlxalq hüquq normaları bunu deyir. Mənim oğlumu üç ildir bu vəziyyətdə saxlayırlar».
Şamil Abduləliyevin ayağına dəyən güllələr çıxarılmayıb
Atası deyir ki, ara-sıra onu Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürürlər, ancaq xeyri yoxdur. Bir müddət öncə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin göstərişiylə Ş.Abduləliyev 1 Saylı Kliniki Tibbi Mərkəzdə (Semaşko) kompüter müayinəsindən keçirilib, ardınca Travmatologiya İnstitutunda həkim komissiyası belə nəticəyə gəlib ki, mütləq əməliyyat olunmalıdır. Atası deyir ki, Şamili dövlət hesabına əməliyyat üçün növbəyə də yazıblar. Bu, iyun ayında olub:
"Üstündən beş ay keçib, hələ heç bir xəbər yoxdur. Bizim özümüzə də deyiblər ki, növbə üç aya da çata bilər, üç ilə də. Onun da vəziyyəti günü-gündən pisləşir. Bir tədbir görməsələr, təkcə ayağı yox, bütövlükdə özü təhlükə altında qalacaq".
A.Abduləliyev özəl klinikalardan birində oğlunu müayinə etdirib, həmin həkimin rəyi əsasında addım atmaq istəyib. Dediyinə görə, buna icazə verilməyib.
Atanın dediklərini Ş.Abduləliyevin vəkili Zibeydə Sadıqova da təsdiqləyib. Bildirib ki, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə müraciət ediblər, hətta durumun ağırlığını nəzərə alıb özləri də ora gediblər:
"Şamil üçün ümumiyyətlə, heç nə edilmədiyini demək olmaz. Müayinəyə göndəriblər. Bizə də dedilər ki, əməliyyat olunacaq. Məsələ ondadır ki, əməliyyat tezləşdirilməlidir. Elə bir vəziyyətdədir ki, uzun müddət gözləyə bilməz".
Atanın oğlunu özəl klinikalardan birində yenidən müayinə etdirmək istəyinə gəlincə, Tibb Baş İdarəsindən deyilib ki, qısa müddətdə təkrar kompüter müayinəsinin zəruriliyi əsaslandırılmalıdır. Həkimin əsaslandırmasından sonra bu məsələyə baxıla bilər.
Səhiyyə Nazirliyindən isə deyilib ki, əməliyyat növbəsi pozulmur. Çünki növbə pozulanda, narazılıqlar çox olur:
"Bu məsələdə növbədə gözləyənlərin də vəziyyətini nəzərə almaq lazımdır. Onların da çoxunun vəziyyəti o qədər yaxşı deyil. Yəni gözləyənlərin hamısı vacib xəstələrdir".
Nardaran hadisələri 2015-ci il noyabrın 26-da baş verib. Bu iş üzrə bir neçə ay davam edən məhkəmədə təqsirləndirilən 17 nəfərə qəsdən adam öldürmə, qanunsuz silah saxlama, dövlət çevrilişinə cəhd və başqa ittihamlarla 10 ildən 20 ilədək həbs cəzası verilib.
Təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyərək ittihamları rədd ediblər. Onlar istintaq zamanı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldıqlarını deyiblər. Vəkilləri onlara görə məhkəmələrdən bəraət tələb etsə də, heç birinə bəraət verilməyib.
DİN işgəncə ittihamlarını rədd edib.