Azərbaycanda orta məktəblərdə bəzi təhsil proqramları ödənişli olacaq.
Nazirlər Kabinetinin cari ilin noyabrın 13-də "Ümumtəhsil Məktəbinin Nümunəvi Nizamnaməsi"nə etdiyi əlavələr "orta məktəblərin pullu olacağı" barədə müzakirələrə səbəb olub.
Təhsil Nazirliyi BBC News Azərbaycancaya bildirib ki, "Azərbaycanda ümumi təhsilin bütün səviyyələri pulsuzdur".
Təhsil məsələləri üzrə təhlilçi Kamran Əsədov izah edir ki, bu proqramlara pullu təhsil demək olmaz, bu, "könüllü seçimdir".
Ödənişli proqramlar hansılardır?
Təhsil Nazirliyi deyir ki, "Təhsil haqqında" Qanun dövlət təhsil müəssisələrinə "beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarını ödənişli əsaslarla təşkil etmək" hüququ verir.
Bunlar Beynəlxalq Bakalavriat Diplom Proqramı (IB Diploma Programme), Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi (Advanced Level of General Certificate of Education) və Yüksək yerləşdirmə (Advanced Placement) təhsil proqramlarıdır.
Qurumdan bildiriblər ki, Azərbaycanda ümumi təhsilin bütün səviyyələri pulsuzdur və hər bir şagird pulsuz təhsil almaq hüququna malikdir. Sözügedən proqramlar isə könüllü seçilir.
"Bu proqramlar Azərbaycanın təhsil proqramlarında nəzərdə tutulmadığı və valideynlərin istəyinə uyğun həyata keçirildiyi üçün ödənişlidir".
Hansı məktəblər?
Nazirlik qeyd edib ki, proqramlar bir sıra dövlət və özəl məktəblərdə tətbiq olunur və bu, şagirdlərin gələcəkdə xaricdə ali təhsil ala bilməsi üçündür.
Nazirlik bu proqramın hansı təhsil müəssisələrində tətbiq olunmasıyla bağlı suala cavab verməyib, ancaq belə proqramların tətbiqinin genişləndirilməsi və daha hansı məktəblərdə tətbiqi ilə bağlı məsələnin "hazırda gündəlikdə olmadığını, bunun məktəblərin, valideynlərin və şagirdlərin arzusundan asılı olduğunu" deyiblər.
Qurum əlavə edir ki, proqramlar üçün ödənişi onlar yox, proqramları tətbiq edən şirkətlər tənzimləyir.
Təhsil məsələləri üzrə təhlilçi Kamran Əsədov deyir ki, Azərbaycanda sözügedən proqramlardan "yalnız Kembric" var. O da təkcə British School-da tətbiq olunur.
Cənab Əsədov hesab edir ki, belə beynəlxalq proqramların tətbiqi üçün məktəbin də, şagirdlərin də imkanları olmalıdır.
"Bu proqramların tətbiqi üçün şagird ingilis dilini ana dili səviyyəsində bilməlidir ki, nəzərdə tutulmuş fənləri rahatlıqla öyrənə bilsin".
"Bu proqramlar əslində şagirdlərə xaricdə ali təhsil ala bilmək üçün yox, təhsilin yarımçıq qalmış istənilən səviyyəsində dünyanın hər hansı ölkəsində maneəsiz davam etmək imkanı verir", Təhlilçi deyir.
"Məktəblər sadəcə təhsil verməli deyil"
Kamran Əsədov düşünür ki, "belə proqramların tətbiqi orta məktəblərin özünü maliyyələşdirməsi üçün də çox yaxşı imkandır".
Ödənişliq proqramlar dünyanın bir çox ölkəsində mövcud olan bir təcrübədir. Təhlilçi hesab edir ki, belə bir sistemin tətbiqi həm təhsil müəssisələri arasında rəqabət yaradacaq, həm də məktəblərin maddi ehtiyaclarını qarşılayacaq.
"Məktəblərimiz oturub gözləyirlər ki, dövlət nə qədər pul ayıracaq, onlar da maaş versinlər. Ehtiyacı olan təmir, yaxud hansısa tədbirin təşkil olunması üçün maliyyə problemi yaşanmasın deyə, məktəb öz kadrlarından istifadə edərək xidmət göstərməli, məktəbə gəlir gətirməlidir", təhlilçi vurğulayır.
Təhlilçi həmçinin məktəblərin "sadəcə təhsil verməli deyil, eyni zamanda təhsil xidmətləri də göstərməli" olduğunu da vurğulayır. "Bura uşaqların dünyagörüşünü formalaşdıracaq rəqs, şahmat, peşəkar rəsm dərsləri və. s daxildir".
O həmçinin, əlavə edib ki, belə məşğələlərin məktəbdə olması həm valideynin xərclərinin azaldar, həm də şagirdlərin təhlükəsizliyini təmin edər.
"Şagirdin əlavə məşğələlərə elə məktəbdə getməsi həm də valideynin rahatlığıdır. O bilir ki, övladı məktəbdədir və təhlükəsizdir".