Müxalifətin bir hissəsini birləşdirən Demokratik Qüvvələrin Milli Şurası noyabrın 13-də bəyanat yayıb.
Bəyanatda qeyd olunur ki, 2018-ci il aprelin 19-da imzalanmış prezident fərmanına əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə verilməlidir, ancaq 2500 şəhid ailəsi müxtəlif yollarla aldadılaraq həmin vəsaiti əldə edə bilməyib:
"Bu böyük haqsızlığa etiraz edərək dəfələrlə Milli Məclis və Prezident Administrasiyası qarşısına toplaşan şəhid anaları və şəhid övladlarına qarşı fiziki zor tətbiqi də daxil olmaqla ləyaqətsiz və alçaldıcı münasibət sərgilənib".
"Ən azı Ermənistandakı qədər - 20 min dollar məbləğində olsun"Müxalif təşkilat hakimiyyəti şəhid ailələrinə qarşı biganəliyə görə qınayır.
Milli Şura şəhid ailələrinə ödənilməli olan müavinət probleminin ən qısa zamanda həll edilməsini, onlara qarşı olan insan ləyaqətini alçaldan münasibətə son qoyulmasını istəyir:
“Bu müavinətlər bir neçə dəfə artırılmalı, onların miqdarı işğalçı Ermənistanda olduğu səviyyədən (20 min dollardan çox) aşağı olmamalı və birinci qrup əlili olan Qarabağ müharibəsi qazilərinə də eyni həcmdə şamil edilməlidir”.
Müxalif qurum şəhid ailələri və Qarabağ qazilərinə dövlət büdcəsindən hər ay ödənilən müavinətlərin məbləğinin artırılaraq onların sosial ehtiyaclarını qarşılayacaq səviyyədə müəyyən edilməsi tələbi də qoyur.
XatırlatmaDemokratik Qüvvələrin Milli Şurasına tarixçi professor Cəmil Həsənli sədrlik edir. Qurumun liderlərindən biri AXCP sədri Əli Kərimlidir.
Oktyabrın 9-dan şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödəmə ilə təmin olunması üçün sənəd qəbulu başlayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytında “Birdəfəlik ödəmə” bölməsi işə salınıb. Bölmədə vətəndaşlar şəhid hərbi qulluqçunun adını, soyadını və atasının adını qeyd edib sorğu verir, şəhid hərbi qulluqçunun vərəsəsinin (vərəsələrinin) birdəfəlik ödəməni almaq hüququnun olub-olmadığı barədə məlumat əldə edir.
Birdəfəlik ödəmənin verilməsi üçün tələb olunan maliyyə vəsaitinin ayrılması məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Maliyyə Nazirliyinə müraciət edir.
Tələb olunan maliyyə vəsaiti ayrıldıqdan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müraciətlərin daxilolma ardıcıllığına uyğun olaraq birdəfəlik ödəməni vərəsənin bank hesabına köçürür. Bu barədə vərəsənin ərizədə göstərilən əlaqə nömrələrindən birinə bildiriş göndərilir.
Hərbi qulluqçunun vərəsələri daimi əsaslarla ölkə hüdudlarından kənarda yaşayırlarsa, onlar tələb olunan sənədlərlə birlikdə Azərbaycan Respublikasının həmin ölkədəki diplomatik nümayəndəlik və konsulluğuna müraciət edirlər.
1997-ci il avqustun 2-də “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanun qüvvəyə minib və həmin dövrdən sonra hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması zamanı sığorta ödənişlərinin verilməsi həyata keçirilib.