Noyabrın 21-də Səbail Rayon Məhkəməsi Müsavat Partiyasının Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqov haqqında 3 aylıq həbs qətimkan tədbiri seçib.
Partiyadan verilən məlumata görə, fəal, Cinayət Məcəlləsinin 178.2.1 (qabaqcadan əlbir olan qrup tərəfindən dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya istifadə) maddələri ilə ittiham olunur.
İstintaqı DİN-in Baş İstintaq İdarəsi aparır.
İttihama görə, Əbülfəz Sadıqov kreditlə aldığı "Niva" markalı maşına görə banka borclu qaldığı 5100 manatın banka tam ödənilməsi barədə saxta arayış düzəldib. Aparıb DYP-yə verib, orada maşını girovluqdan çıxarıb öz adına keçirib, sonra da satıb.
Müsavatçı məhkəmədə deyilənlərin yalan olduğunu bildirib. Deyib ki, “Nikoil Bank"dan kreditlə maşın götürüb, bir hissəsini ödəyib. 2017-ci ilin yanvarında yolda gedəndə bankın əməkdaşları borca görə maşının qarşısını kəsib. Həmin vaxt 8100 manat borcu qalıbmış:
“Getdim banka, dedilər ki, faizsiz borcun məbləği 5100 manatdı. Onu ödə, faizləri istəmirik, keçir adına. Mən də qohumlardan borc tapıb ödədim, o arayışı aldım. İndi deyirlər, o arayış saxtadır. Əgər saxtadırsa da, onu bankdan veriblər”.
Yaxınlarının verdiyi məlumata görə, ekspertiza arayışdakı möhür və imzanın saxta olmadığına dair rəy verib. Sadəcə, qeydiyyat nömrəsi uyğun gəlmir.
Müsavatçının qardaşı Vasiq Sadıqbəyli həbsin siyasi motivli olduğunu bildirib.
Vasif Sadıqbəyli deyib ki, qardaşının 2 il əvvəl aldığı avtomobil kreditdə olub, amma sonra “Nikol Bank”dan kreditin ödənilməsi barədə sənəd alıb. Maşını alandan 3-4 ay sonra satıb və DYP də bununla bağlı sənədləri təsdiqləyib:
“Bir neçə gün öncə Daxili İşlər Nazirliyi Əbülfəzi çağırıb ki, “Nikol Bank”da mənimsəmələr var, krediti kimə ödəmisən? Əbülfəz Sadıqov ödəmədən 2 il ötdüyündən adamların sifətini unutduğunu deyib. Qardaşımı şahid qismində dindirməyə çağırıblar, noyabrın 21-də növbəti dəfə vəkillə dindirməyə getmişdi və ödədiyi kreditin sənədlərini təqdim etdi".
V.Sadıqbəylinin sözlərinə görə, bankda bir az gözlədəndən sonra fəalı məhkəməyə göndəriblər. Məhkəmə də həbs-qətimkan tədbiri seçib.
"Çox qəribədir ki, bankdan aldığı sənədlər ekspertizaya göndərilib, ekspertiza da sənədlərin “Nikol Bank”dan verildiyini təsdiqləyib. Ancaq bununla belə məhkəmə həbs qətimkan tədbiri seçib”.
Sadıqovun vəkilinin sözlərinə görə, həbs-qətimkan tədbiri qərarından apellyasiya şikayəti veriləcək.