Vergilər Nazirliyi Vergi Məcəlləsinə düzəlişləri parlamentə təqdim edib. Sənəd sadələşdirilmiş verginin 4 faizdən 2 faizədək azaldılmasını nəzərdə tutur.
Bu barədə vergilər naziri Mikayıl Cabbarov AzTV-də "Günün nəbzi" verilişində məlumat verib.
Onun sözlərinə görə, hazırda parlamentin müvafiq komitəsi dəyişiklikləri nəzərdən keçirir və gələn həftə Milli Məclisin plenar iclasında layihənin müzakirəsi gözlənilir.
Onun sözlərinə görə, islahatların ən mühümü qeyri-neft, qeyri-dövlət sektorunda çalışan vətəndaşlara əhəmiyyətli vergi güzəştinin tətbiq edilməsi, başqa sözlə, onların əmək haqlarından tutulan vergilərin mövcud faiz dərəcələrinin kəskin şəkildə azaldılmasıdır.
M.Cabbarov bildirib ki, layihədə iki əsas dəyişiklik nəzərdə tutulur. Birinci əsas dəyişiklik vergiyə cəlb olunan məbləğin həcminin dəyişdirilməsi ilə bağlıdır:
“Burada aylıq əməkhaqqı 8000 manatadək olan vətəndaşlarımızda gəlir vergisi 0 səviyyəsində müəyyənləşdirilir və təklif edilir. Dövlət çox böyük güzəşt, addım edir və faktiki olaraq qeyri-neft sektorunun inkişafına dəstək üçün bu illər ərzində verdiyi güzəştlərə əlavə olaraq belə bir vacib güzəşti də təqdim edir. Əməkhaqqı 8000 manatdan yuxarı olan məbləğə gəldikdə isə fiziki şəxslərin gəlir vergisinin 14%həcmində müəyyənləşdirilməsi təklif edilir”.
Əmək haqqı ilə bağlı iki ödəniş növü - fiziki şəxslərin gəlir vergisi və məcburi dövlət sosial sığorta ödənişlərinin olduğunu deyən nazir əlavə edib ki, bu ödənişlərin vahid olması təklif edilir:
"Bu, işəgötürənlər üçün prosesin xeyli sadələşdirilməsi deməkdir. Dövlət şüurlu şəkildə belə islahata getməklə, belə demək mümkünsə, öz gəlirlərinin müəyyən hissəsini itirir. Bu, şüurlu şəkildə bir addımdır. Çünki, həmin addım məhz "kölgə iqtisadiyyatı"nın azalmasına, qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasına, vətəndaşların hüquqlarının daha dolğun şəkildə təmin edilməsinə yönəlib".
Nazir deyir ki, qeyri-rəsmi işləyən insanın əmək müqaviləsi yoxdursa və ya əmək müqaviləsi varsa, lakin orda nominal, cüzi məbləğ göstərilirsə və reallıqda onun əldə etdiyi gəlir daha yüksəkdirsə, bu, əslində vətəndaşın hüququnun tapdanmasıdır. Ona görə ki, bunun müqabilində məcburi sosial sığorta haqqı ödənilmir.
"Gələcəkdə bu insanın sosial təminatı, pensiyası olmur. Beləliklə, həmin islahatın həyata keçirilməsi ilə biz həm qeyri-rəsmi məşğulluğun, həm "kölgə iqtisadiyyatı"nın azaldılması, həm də qeyri-neft sektorunda iqtisadi fəallığın daha da canlanmasını və sürətləndirilməsini gözləyirik. Bu ən vacib və ən böyük islahatdır, amma yeganə islahat deyil".
M.Cabbarov bildirib ki, mövcud qanunvericiliyə görə, 173 manata qədər olan əməkhaqqlarında fiziki şəxslərin gəlir vergisi0%, 2500 manata qədər olan əməkhaqqıya görə fiziki şəxslər üçün 14%, 2500 manatdan yuxarı olanlar üçün 25% gəlir vergisi nəzərdə tutulur. Onun sözlərinə görə, təklif olunan dəyişikliklərdə fiziki şəxslərin gəlir vergisi ilə güzəştlər nəzərdə tutulur:
"Hər bir əməkhaqqıya ümumilikdə 26% sosial ödəniş yükü də var. Yeni islahatın təklif olunan formatında vahid vergi yükü müvafiq olaraq rəqəm2500 manatdan8 000 manata qədər artırılır, fiziki şəxslərin 14%-lik gəlir vergisi isə 0% təklif edilir. Aylıq əməkhaqqı 8000 manatdan yuxarı məbləğ isə 25%-dən 14%-ə endirilir".