Respublikaçı Alternativ (REAL) Partiyası üç qanun layihəsinin Milli Məclisə təqdim edilməsi üçün Konstitusiyanın 96-cı maddəsini əsas götürərək imzatoplama kampaniyasına başlayır. Bu barədə REAL-ın sədri İlqar Məmmədov Facebook səhifəsində müraciət yayıb.
Siyasi partiya Bakı merinin seçki yolu ilə seçilməsi, devalvasiyadan irəli gələn kredit faizləri probleminin ədalətli həlli, dövlətin ali məktəblərdə təhsil alan tələbələrin təhsil haqqını tam ödəməsi ilə bağlı üç qanun layihəsi hazırlayıb.
Konstitusiyanın 96-cı maddəsinə görə, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşı qanunvericilik təçşəbbüsü ilə çıxış edə bilər.
"REAL Partiyası qanunvericilk təşəbbüsü ilə qanun layihələrinin Milli Məclisə təqdim edilməsi məqsədi ilə 40 min seçicinin imzasını toplamağa start verir. Siz də imza toplamaqda bizə dəstək olun. Bu, sizin Konstitusiyada yazılmış haqqınızdır", - PEAL-ın lideri seçicilərə müraciət edib.
Onun fikrincə, təhsildə indiki vəziyyət ədalətsizdir.
"İki tələbə gənci nəzərə alın. Birinci gənc kasıb, ikincisi nisbətən imkanlı ailədəndir. Birinci gənc dövlətin sıradan olan bir məktəbində təhsil alır, repetitor tutmağa da imkanı yoxdur. İkinci gənc isə daha keyfiyyətli təhsil verən məktəbdə - litseydə, gimnaziyada təhsil alıb və ya ən yaxşı repetitordan öyrənib. Sonda bunların hər ikisi ali məktəbə qəbul imtahanı verir. İstisna halları, yəni xüsusilə istedadı olanları kənara qoysaq, maddi durumu zəif olan ailədən olan gənc çox ehtimalla aşağı nəticə göstərəcək və ali məktəbə ödənişli əsasla qəbul olunacaq. Yaxşı məktəbdə oxumuş və ya repetitor tutmuş alənin övladı isə ali məktəbə ödənişsiz əsasla qəbul olunacaq. Bir tərəfdən, gəncin bəxti gətiməyib ki, onu sevən valideynləri yaxşı qazanc əldə edə bilmir. Digər tərəfdən isə dövlət onu valideynlərinin kasıblığına görə ayrıseçkiliyə məruz qoyur".
İ.Məmmədov hesab edir ki, ildə 150 milyon manat vəsait bu problemi kökündən həll edə bilər.
"Bu vəsait dövlətdə var və hazırda çox səmərəsiz layihələrə xərclənir", -o qeyd edib.
REAL lideri "Amerikanın səsi"nə bildirib ki, problemli kredit məsələsi də cəmiyyəti düşündürən problemdir.
"Çünki bu məsələnin 700 min insana aiddiyatı var. Müxtəlif hesablamalara görə, söhbət təxminən 2 milyard dollardan gedir. Biz 2 milyard dolları, əlbəttə, birdən-birə iqtisadiyyata ata bilmərik. Ona görə təklif edəcəyimiz qanun layihəsində problemin həllinə o yolla gedəcəyik ki, insanlar heç bir çətinlik hiss etməsinlər. Faizləri insanlar krediti götürdüyü vaxtdakı məzənnə ilə ödəməlidirlər. Digər tərəfdən, banklar da zərərçəkmiş tərəfdir. Həmin 2 milyard dollar banklara tədrici qrafiklə hökumət tərəfindən ödənilməlidir. Hesab edirik ki, bu, iqtisadiyyata makroiqtisadi neqativ təsirlər göstərməyəcək. Yəni, qanun layihəsi hazırlanarkən həm hüquqi tərəfləri, həm də iqtisadi tərəfləri nəzərə alınır. Bu təşəbbüsün səbəbini də demək istəyirəm. Səbəbi odur ki, insanlar Azərbaycan prezidenti İlham Əliyevin, Azərbaycan Mərkəzi Bankının sistematik olaraq verdiyi çaşdırıcı iqtisadi bəyanatlar nəticəsində səhv iqtisadi qərarlar verib. Tək vətəndaşlar yox, banklar və iş adamları da. Amma nədənsə insanlar çətinlik çəkirlər. Bizim təşəbbüs insanları həmin cəzadan qurtarmaq məqsədi daşıyır, belə ki insanlar o cəzaya layiq deyil", - o qeyd edib.