Sabiq icra başçısı və cəbhəçilərin həbs müddəti artırılıb

Sabiq icra başçısı və cəbhəçilərin həbs müddəti artırılıb
14 Noyabr 2018
Mətni dəyiş

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvləri Babək Həsənov, Ruslan Nəsirli və Aqil Məhərrəmovun həbs müddətləri artırılıb.

Məhkəmə mayın əvvəlində həbs edilmiş Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmovun barəsində də eyni məzmunlu qərar qəbul edib. Bu barədə Turan-a AXCP-dən bildiriblər.

Məlumata görə, istintaq qurumu adı çəkilən şəxslərin barəsində seçilmiş məhkəməyəqədər həbs müddətinin uzadılması üçün məhkəməyə təqdimat verib.

Təqdimata bu gün, noyabrın 13-də Nəsimi Rayon Məhkəməsində baxılıb və təmin edib.

AXCP-dən isə bildiriblər ki, partiya üzvlərinin vəkilləri məhkəmə qərarını əsassız saydıqları üçün apellyasiya şikayəti veriləcək.

Xatırlatma

AXCP Rəyasət Heyətinin üzvü A.Məhərrəmli, Gənclər Komitəsi Məclisinin sədri R.Nəsirli və Nərimanov şöbəsinin sədri, keçmiş Qarabağ döyüşçüsü, bundan əvvəl də məhbus həyatı yaşamış B.Həsənov bu il mayın 25-də axşam saatlarında saxlanılıblar.

Onlarin saxlanılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) birgə məlumat yayıb. Həmin açıqlamaya görə, AXCP funksionerləri və mayın əvvəlində həbs edilmiş Gədəbəy rayonunun keçmiş icra başçısı S.Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar.

Açıqlamada S.Rüstəmovun Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş cəbhəçilərin həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları bildirilir. İddialarda söhbət ümumilikdə 412 min dollardan gedir.

Onların barəsində Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və s. maddələri ilə cinayət işi açılıb.

İttihamlar sübuta yetirilərsə, onları əmlakları müsadirə edilməklə 12 ilə qədər həbs cəzası gözləyir, cəbhəçilər ittihamı qəbul etmirlər.

AXCP sədri Əli Kərimli də rəsmi ittihamı rədd edib, cinayət işini və həbslərin AXCP-yə qarşı növbəti repressiya dalğası adlandırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun